Vaxt.Az

«Finalda gümüş medal qazanmırlar»


 

Mariya Stadnik: «Sadəcə bəxtim gətirmədi»

«Finalda gümüş medal qazanmırlar» London Olimpiadasının gümüş medalını qazanan Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, əslən lvovlu olan 24 yaşlı idmançı dördilliyin ən mötəbər yarışındakı çıxışını dəyərləndirib.

- Mariya, siz qızıl medalı uduzdunuz, yoxsa gümüş qazandınız?

- Əlbəttə, qızılı uduzdum. Finalda heç kim gümüş qazanmır. Bir də qələbənin niyə alınmadığını başa düşmək lazımdır. Belə götürəndə, fiziki və psixoloji cəhətdən özümü yaxşı hiss edirdim.

- Pekin Olimpiadası ilə müqayisədə irəli addım atdınız. Orada bürünc, burada gümüşlə kifayətləndiniz...

- Hələ qarşıda Rio-de-Janeyro var. Bir addım da atmaq lazımdır. 4 ildə güclü, təcrübəli oldum, uşaq dünyaya gətirdim. İndi ikinci uşağı istəyirik.

- Ukrayna yığmasının heyətində Pekin Olimpiadasının gümüş medalını qazanan Andrey Stadnik sizin üçün harada həyəcan keçirirdi?

- Evdə, televizor qarşısında. Təəssüf ki, Londona gələ bilmədi. Ona viza açılmadı.

- Yarımfinalda İrina Merleni ilə necə döyüşdünüz?

- Bu, final uğrunda mübarizə idi. Axı biz öpüşməyəcəyik. Mənin üçün rəqibin fərqi yoxdur. Medal uğrunda döyüşürdüm.

- Bir-birinizi sözlə hədələyərdiniz?

- Bu, artıq o səviyyə deyil. Kimin nə dediyini eşitmirəm. Mən ayaqları, rəqibin əllərini görürəm və onun yerə yıxmağa çalışıram.

- Artıq Azərbaycanın neçə medal qazandığını bilirsiniz?

- Bilirəm ki, Azərbaycandan Londonda medal qazanan ilk qızam. Kişilər güləş və ağırlıqqaldırmada gümüş, bürünc medal qazanıblar.

- Siz Olimpiadaya Ukraynadan, yoxsa Azərbaycandan gedirsiniz?

- Bakıdan. Orada çox populyaram, küçədə məni tanıyırlar.

- Olimpiya çempionu olsaydınız, Azərbaycanın bayrağını götürərdiniz?

- Bəli. Ölkə məni qəbul elədi, insanlar məni sevir. Başqa cür necə edə bilərəm ki? Burda fikirləşmək lazımdır ki, Ukrayna məni necə buraxdı.

- Merleni deyib ki, finalda rəqibinizə azarkeşlik edirdi. Bəs siz onun bürünc medal uğrunda görüşündə kimə azarkeşlik edirdiniz?

- Açığı, ona baxmadım. Finala hazırlaşırdım. Mənim üçün kimin qalib gəlməyinin fərqi yox idi.

- Bəs Bakıda harada yaşayırsınız?

- Mənzilim var. Bu evi mənə Pekin Olimpiadasından sonra veriblər.

- Lvovda olacaqsınız?

- Hələ bilmirəm. Övladım Xmelnitskda valideynlərimin yanındadır. Buna görə də birinci ora gedəcəyəm.

- Əgər sizə Azərbaycanda rahatdırsa, niyə Ukraynada yaşayırsınız?

- Valideynlərim artıq yaşlaşıblar. Andrey də Ukrayna yığmasında çıxış edir. Mən də həyat yoldaşımın yanında olmalıyam.

 





31.07.2012    çap et  çap et