Vaxt.Az

İki əsri birləşdirən saziş


 

Daha 50 il uzadılan müqavilə Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İki əsri birləşdirən saziş İlk dəfə 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» 2017-ci ildə daha 50 il müddətinə uzadıldı. Azərbaycan hökuməti və SOCAR «BP», «Chevron», «İNPEX», «Statoil», «ExxonMobil», «TP», «İTOCHU» və «ONGC Videsh» şirkətləri ilə «Azəri», «Çıraq» yataqları və «Günəşli» yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladı.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

Maraqlıdır, «Əsrin müqaviləsi»nin daha 50 il müddətinə uzadılması Azərbaycan iqtisadiyyatına nə verəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Modern.az-a deyib ki, bu müqavilə nəticəsində əldə edilən gəlir qeyri-neft sektorunun inkişafında əvəzsiz rol oynayacaq: «Əslində indiyə qədər AÇG yatağından təqribən 3 milyard bareldən bir az çox neft çıxarılıb. Yatağın isə ümumi ehtiyatı 7 milyard barreldən çoxdur. Yəni yatağın hələ işlənməsi potensialı böyükdür. Razılaşmanın imzalanması Azərbaycana yeni investisiya və yeni texnologiyalar gətirəcək. Yan effekt olaraq iqtisadiyyatın digər sahələri də investisiya cəlb edəcəklər. Eyni zamanda hələ uzun müddət ölkənin neft hasilatı və satışından müntəzəm gəlir əldə etməsini təmin edəcək. Bu isə əlavə imkanlar hesabına Azərbaycanda innovativ iqtisadiyyatın qurulmasına dəstək yönümündə böyük təkan olacaq».

İqtisadçı-alim Vüqar Bayramov Modern.az-a bildirib ki, «Əsrin müqaviləsi»nin 50 müddətinə uzadılması daha sabit neft hasilatının əldə edilməsinə imkan verəcək: «Bu da neftdən əldə edilən gəlirin sabitləşməsinə və dövlət gəlirlərinin artırılmasına şərait yaradacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyarddan artıq sərmayə qoyulması potensialı var».

Ekspertin sözlərinə görə, mövcud qiymətləri və hasilatı nəzərə alsaq, yeni müqavilə ölkəyə 150 milyard dollardan artıq vəsait vəd edir: «Bu da dövlət gəlirlərinin formalaşmasına ölkəyə daxil olan valyutanın həcinin artırılması baxımından müsbət qiymətləndirilməlidir. Nəzərə alsaq ki, ölkəyə daxil olan vəsait və sərmayələr eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırır. Sərmayələr neft sektoruna yardımçı sahələr, eləcə də qeyr-neft sektorunun inkişafını stimullaşdırır. Eləcə də, islahatlar aparılması üçün bir bazanın formalaşmasına imkan yaradır».

AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulub.

İlk neft «Çıraq» yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilib və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilib. Hazırda AÇG-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

 





08.10.2017    çap et  çap et