Müşahidə Şurası ilə bağlı açıqlama və paket maaşlarla bağlı dedikləri təsadüf ola bilməz. Şuranın adının hallandırılması, amma müdafiə edilməməsi bütün uğursuzluqların bu qurumun üzərinə yıxılması cəhdidir. Əsas məsələdən danışmayıb, ətrafında fırlanmağın başqa adı yoxdur.
«Konvert» sistemi, «Neftçi» rəhbərliyinin bu üsulla əlavə qazanc götürməsi haqda yazılanların təkzibi də gözləniləndi. Çünki bu, narahatedici detaldır, imkan daxilində gizli saxlanılmalıdı.
Əsas məsələ isə maliyyə problemləri haqda danışılarkən göstərilən hədəfdi: «Futbolçular və digər işçilər maaşlarını vaxtında alırlar. Bəli, biz gələndə böyük borclar var idi. Məcbur olub kredit götürdük və həmin borcların əksəriyyətini bağladıq. Hardasa 20-30 faiz xarici futbolçulara borclar qalmışdı. Əksəriyyətinin də işi UEFA-da idi. Yəni, bu məsələləri həll etmək məcburiyyətində idik. Saşa Stamenkoviç, Emil Mpenza, Nikolas Kanales kimi futbolçulara borclar vardı. Böyük vəsaitlər idi».
Çəkilən 3 ada diqqət yetirin – Stamenkoviç, Mpenza və Kanales. Sadıq Sadıqovun dövründə «Neftçi»də olan və həmin rəhbərliklə birgə gedən oyunçuların adı çəkilir. Halbuki indiki rəhbərliyə bu futbolçuların yox, Elnur Məmmədovun vaxtında transfer edilənlərin problemləri miras qalmışdı. Bu «üçlüy»ün adı son günlər Sadıqovun kluba qayıtmaq ehtimalları səsləndiyi üçün çəkilib. Ləkələmək, xatırlatmaq, hədəf göstərmək üçün…
Eyvazov açıqlamasa da, biz bildirək ki, indiki rəhbərliyə bu oyunçulardan yalnız Stamenkoviç və Kanalesin problem qalıb. Mpenzaya olan 950 min dollarlıq borc hələ Elnur Məmmədov icraçı direktor olan vaxt – 2016-nın yayına kimi ödənib. Bunu Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov da müsahibəsində bildirmiş, borcun 6 aya bölünərək belçikalının hesabına köçürüldüyünü bəyan etmişdi.
Stamenkoviçə 80, Kanalesə 130 min dollar borc qalmışdı ki, bu məbləğə görə də 5 milyon manatlıq kredit götürməyə dəymirdi. Klub başqa problemlərə, qışda transferlər etmək üçün süni büdcə yaratmağa çalışıbsa, buna başqa don geyindirməsin. Sadıq Sadıqovun vaxtından qalan borclar Elnur Məmmədovun vaxtında ödənilib – Stamenkoviçlə məhkəmə çəkişməsi Çingiz Abdullayevin müdaxiləsi ilə erkən çözülüb, Kanalesi razı salmaq üçün isə o, yenidən komandaya cəlb edilib. Nikolas cüzi maaşa və borcun yavaş-yavaş ödənilməsinə razılaşıb.
Bəli, Eyvazovun daxil olduğu indiki rəhbərlik həqiqətən müəyyən qədər borc ödəməli olub. Amma bu, Eyvazovun nişan verdiyi oyunçulara görə deyil, Elnur Məmmədovun vaxtında yola salınan Erik Ramos, Anyete və digər futbolçulara görədi. Sabiq icraçı direktor köhnə borcları bağlasa da, devalvasiyanın vurduğu zərbə üzündən yeni oyunçulara ödənişlərdəki yubanmalara mane ola bilmədi. Bildiyimizə görə, bu məbləğ də hardasa 2 milyon manat civarında olub, amma…
…Amma iş ondadır ki, Məmmədov indiki rəhbərliyə borcla yanaşı, büdcədənkənar vəsait də qoyub getmişdi. Avroliqada iştiraka və bir mərhələ keçməyə görə gələcək 400 min avro, Ruslan Kurbanovun «Qəbələ»yə gedişinə görə alınan 130, Araz Abdullayevin satışına görə 120 min dollar klubun büdcəsinə gəlməliydi. Bu, təqribən 1 milyon manat deməkdi və adi hesablama da göstərir ki, ortada daha 1 milyonluq kəsir qalır. Bir daha təkrarlayırıq: buna görə 5 milyon manatlıq kredit götürməyə dəyməzdi. Kluba hər ay SOCAR-dan 600 min manat daxil olduğunu nəzərə alsaq, heç dəyməzdi.
Eyvazov həmin kreditin götürülməsinə Müşahidə Şurasının sədri Çingiz Abdullayev üçün alınan 250 min manatlıq xidməti maşının rol oynadığını deyə bilmirsə, özü bilər. Və ya Ruslan Kurbanov və Araz Abdullayevə görə ödənilən pullar klubun kassasına gəlib çıxmayıbsa, bu da mənim günahım deyil.
Kəsəsi, Elnur bəy danışmasa yaxşıdır, danışdıqca yeni mövzular verir.
P.S.: Georgi Navalovski müqaviləsinin qarşılıqlı pozulmasına görə 2 aylıq maaşından (20 min dollar) imtina etmişdi. Görəsən, o pullar klub büdcəsində qaldı, yoxsa?.. (futbolinfo.az)