Vaxt.Az

Xalq respublikasında «xaltura»


 

Çinli məmurların 4 trilyon dollarlıq offşor şirkətləri üzə çıxdı

Xalq respublikasında «xaltura» Qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (İCİJ) Çin elitasının offşor zonalarda 22 minə yaxın şirkətini açıqlayıb. Virtualaz.org saytı təşkilatın saytına istinadən xəbər verir ki, şirkətlərin ümumi dəyəri 1-4 trilyon arasında qiymətləndirilir.
Offşor şirkətlər Britaniyanın Virgin adalarında, Honkonq və Tayvanda qeydiyyatdan keçib. Bu şirkətlərin sahibləri arasında Çinin hakim elitasının üzvləri və onların yaxınları da yer alır. Məsələn, Çinin indiki prezidenti Si Tszinpinin yeznəsinin və keçmiş baş nazir Ven Tzyabonun offşor zonalarda qeydiyyatdan keçmiş daşınmaz əmlak şirkətləri var.
İCİJ tərəfindən aparılmış araşdırmalara əsasən 2000-ci ildən etibarən Çindən offşor zonalara 1-4 trilyon dollar arasında vəsait çıxarılıb. Çin qanunlarına görə, məmurlar bütün aktivlərini bəyan etmək məcburiyyətində deyil və onların offşor zonalarda şirkətlərinin olması qanunsuz hesab edilməyə bilər. Bununla belə offşor zonalarda yerləşdirilmiş vəsait onları asanlıqla korrupsiyada hakimiyyətdən sui-istifadədə ittiham etməyə əsas verərdi.
Təşkilatın araşdırmalarına görə, hazırda Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətlərin 40 faizi Çin mənşəlidir. Bu offşor zonada Azərbaycan da daxil olmaqla bir çox ölkələrin hakim elitalarının bizneslərinin mövcud olduğunu təşkilat hələ ötən ilin aprelində açıqlamışdı.
İCİJ bildirir ki, offşor zonalarda qeydiyyatdan keçmiş Çin şirkətləri neft ticarətindən və hasilatından tutmuş silah ticarətinə qədər ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Məsələn, sənədlərə əsasən Çinin üç iri dövlət neft şirkəti Virgin adalarında qeydiyyatdan keçmiş onlarla offşor şirkətlərlə əlaqəlidir.
İCİJ Çin elitasının offşor şirkətlərinin məlumat bazasını da öz saytında yerləşdirib. Dünyanın aparıcı nəşrləri, o cümlədən «The New York Times» qəzeti, «Bloomberg» agentliyi və digərləri Çin elitasının offşor biznesinə dair xəbərlərə geniş yer veriblər. Rəsmi Pekin bu KİV-lərdə yer alan xəbərlərə münasibət bildirərək keçmiş baş nazirin offşor biznesinin olduğunu təkzib edib. Lakin Çin hakimiyyəti bütün ölkə ərazisində İCİJ-nin saytına və təşkilatın hesabatına xarici KİV-lərdə yer alan xəbərlərə blok qoyub.
 





25.01.2014    çap et  çap et