Vaxt.Az

Türkiyə də ABŞ-a qadağa qoydu


 

Ölkədə dollar kəlləçarxa qalxdı

Türkiyə də ABŞ-a qadağa qoydu ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir. Qərarın ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsindən sonra verilməsi diqqəti cəlb edir. Açıqlamada Metin Topuzun adı çəkilməsə də, qərarın onun həbsi ilə bağlı olduğu güman olunur: «Son zamanlar yaşanan hadisələr, Vaşinqtonu Türkiyənin ABŞ obyektlərinin və personalının təhlükəsizliyi ilə bağlı öhdəlikləri yenidən dəyərləndirmək məcburiyyətində qoyub».

Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

Türkiyə də gecə yarısı rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi tərəfindən verilən qısa açıqlamada elan olunub. Vizaların verilməsinin dayandırılması ilə bağlı yayılan hər iki mətndə təxminən eyni ifadələrdən istifadə olunub.

ABŞ-ın qərarı bütün növ pasportlara şamil edilib. Belə ki, diplomatik pasportları olan Türkiyə vətəndaşları da ABŞ-a gedə bilməyəcək. Qərar yalnız artıq viza almış şəxslərə şamil olunmayacaq.

Vizaların qarşılıqlı ləğvindən sonra dollar və avro türk lirəsinə nisbətən bahalaşıb. Bir dollar 3,80 lirəyə qədər bahalaşdıqdan sonra yenidən 3,71 lirəyə düşüb. Avro isə 4,51 lirəyə qədər bahalaşaraq tarixi rekordunu qırıb. Mütəxəssislər lirənin daha çox dəyər itirəcəyini bildirir.

Xatırladaq ki, ABŞ bundan əvvəl Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına viza verilməsini dayandırıb.

 





09.10.2017    çap et  çap et