Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, həmin yaşayış kompleksindən mənzil almaq üçün pul ödəyən bir qrup müştəri bir mənzilin bir neçə nəfərə satıldığını başa düşüb və pulu ödədikləri əmlak şirkətindən ya pulları, ya mənzilləri tələb edir.
«Məndən 3-otaqlı mənzilə görə 45 min manat alıblar. Eşitdim ki, bina hazırdır, mənzillərin qapıları da qoyulub. Gəldim açarı götürüm, məlum oldu ki, mənə satılan mənzilin açarına görə məndən başqa daha üç nəfər gəlib-gedirmiş», - Xırdalandakı «Nova City» kompleksindən mənzil alarkən aldadılanlardan biri Natiq Zamanov belə deyir.
Aldadılanların isə sayı 30 nəfərdən çoxdur. Həmin Bakı sakinləri bildirirlər ki, son iki il ərzində müxtəlif vaxtlarda Xırdalan şəhərindəki «Nursu Əmlak» ofisinə gələrək, burada Cavid Umudlu ad-soyadlı şəxslə mənzilə dair müqavilə bağlayıblar. Müqavilələr «Nova City» Yaşayış Kompleksindən alınan mənzillərə görə bağlanıb.
Aldadıldığını iddia edənlərdən biri də Mahir Əzizovdur: «Yalnız bizdən alınan pulları üst-üstə yığanda məbləğ 500 min manatı ötür. Hələ aldadılmış və tanımadığımız adamlar da var. Biz artıq binanın qarşısına toplaşa-toplaşa bir qrup olmuşuq, hamımız bir-birimizi tanıyırıq. Hamımız evsiz-eşiksiz qalmışıq. Bizi aldadanlar üzə çıxmasalar, Xırdalanın altını üstünə çevirəcəyik».
Binadan ikiotaqlı mənzilə görə 30 min manat ödədiyini, lakin mənzilin açarını əldə edə bilmədiyini deyən Arif Sadıqov adlı şikayətçi da bir aydan çoxdur ki, hər gün binanın yaxınlığındakı satış ofisinə və layihə ofisinə gəlib-gedir: «Cavid Umudlu yaxın vaxtlaradək «Nova City» Yaşayış Kompleksinin satış ofisində əyləşirdi. Hər dəfə açar üçün gələndə «üç günə», «beş günə» deyib arxayın edirdi. Bir də gəldim ki, ofisin qabağında adam doludur. Hamını aldadıblarmış. İndi də məlum olub ki, mənə satılan mənzilə görə bura daha iki nəfər də gəlib gedir. Çox biabırçı durumdur. Adamları bir-birləri ilə üz-üzə qoyublar. Keçən dəfə gələndə burda qırğın idi, eyni mənzilə görə pul ödəyən qadınlar, az qala, bir birlərini sürüyəcəkdilər. Bunun qarşısı alınmalı, bu qədər insanı aldadanlar həbs olunmalı, mənzillər özümüzə verilməlidir».
Sakinlər tezliklə mənzilin açarları onlara verilməzsə, günahkarlar cəzalandırılmasa, Prezident Administrasiyasının qarşısına toplaşacaqlarını bildirirlər.
Virtualaz.org qeyd edir ki, internetdə axtarış aparanda «Nova Development Group» adlı şirkətin adı çıxır, lakin bu şirkət ABŞ-da fəaliyyət göstərir, fəaliyyət sahəsi isə tikinti deyil, proqram təminatı sahəsidir.
Azərbaycanda isə belə görünür ki, eyni adda şirkəti təsis edənlər özlərinin «Nova City» yaşayış kompleksini təntənəli şəkildə elan ediblər və reklam kampaniyası qurublar. Layihənin novacity.az adlı saytında göstərilir ki, bu yaşayış kompleksi Bakı-Sumqayıt şosesi, 15-ci km-də inşa olunur. (Xırdalan, «Riyad» ticarət Mərkəzinin yaxınlığı). 2016-cı ildə yerləşdirilmiş elanda deyilir ki, artıq kompleks ərazisində bir neçə binanın təməli qoyulub və mənzillərin satışına başlanılıb. «Mənzillər tam təmirli şəkildə alıcılara təhvil veriləcəkdir. Mənzillər Avropa istehsalı olan tikinti materialları ilə təmir ediləcək və alıcıya «kupça» təqdim olunacaq»-elanda deyilir.
Şirkət mənzilin 1 kvadratmetrini 999 manatdan başlayan qiymətlər ilə təklif edir. Müştərilərə xeyli güzəştlər vəd olunur. Layihənin maliyyə tərəfdaşı isə Azərbaycan Beynəlxalq Bankıdır. Lakin hazırda layihənin satış ofisi və eyni adlı şirkətin ofisi bağlıdır. Sakinlərə mənzillərin satıldığı bina isə yarımçıq qalıb, hazırda tikinti işləri getmir.
O da məlum olub ki, müştərilərlə imzalanmış əmlakın alqı-satqısı müqaviləsi sonradan borc müqaviləsinə çevrilib. Bu isə imkan verir ki, əgər həmin şirkət sakinlərdən aldığı pulu qaytarmasa iddiaçılar onu ancaq mülki qaydada məhkəməyə versin.
«Marja» agentliyinin məlumatına görə «Nova Development Group» şirkətinin 50 faizi azərbaycanlı iş adamı İlqar Hacıyevə, qalan 50 faizi isə İsveçrənin «Novanord Holdings» şirkətinə məxsusdur. Həmin İlqar Hacıyevdir ki, onun və həyata keçirdiyi «Nova City» kompleksinin barəsində 2014-cü ildə Nazirlər Kabinetinin rəsmi orqanı «Respublika» qəzeti yazıb. Həmin məqalədə İlqar Hacıyev «Azərbaycanda və dünyada tanınmış iş adamı» kimi təqdim olunur. Bildirilir ki, Hacıyev bundan əvvəl Azərbaycanın tikinti və sement istehsalı şirkətlərində paya malik olub, lakin payını digər səhmdarlara satıb. O, Azərbaycanda və Rusiyada inşaat sahəsində developer fəaliyyətini davam etdirir. Bir sıra iri layihələrə start verib.
«Bu layihələrdən biri - sahibkarın 50 faiz pay sahibliyi ilə İsveçrənin «Novanord Holdings» şirkəti ilə birgə həyata keçirilən tam infrastrukturlu «Nova City» yaşayış kompleksi layihəsi Ceyranbatan Su Anbarı ətrafında 60 hektar sahəni əhatə edir. Kompleksə daxil olan müxtəlif konseptli yaşayış binaları, o cümlədən terras və bağ evləri, eyni zamanda, infrastruktur tikililərinin ümumi sahəsinin 1 milyon kv.m-dən artıq olacağı qeyd olunur», - məqalədə qeyd olunur.
Virtualaz.org «Nova City» layihəsinin ofisindən Aygün adlı əməkdaşla əlaqə yarada bilib. Həmin əməkdaş bildirib ki, aldadılmış vətəndaşlara mənzilləri satan Cavid Umudlu adlı şəxs həqiqətən əvvəllər onların satış ofisində işləyib, lakin daha sonra özünün yaratdığı əmlak agentliyi vasitəsilə yaşayış kompleksindən mənzilləri satmağa başlayıb. «Həmin adamın əməllərinin bizim şirkətə dəxli yoxdur. Biz özümüz də onun barəsində Xırdalan Polis İdarəsinə şikayət etmişik. Bəli, vətəndaşları aldadıb, onlarla əmlak müqaviləsi adı altında borc müqaviləsi imzalayıb, bəzilərinin isə pul verdikləri haqda heç bir sənədi oxdur», - əməkdaş bildirib.
Bəs necə olub ki, Cavid Umudlu onlarla vətəndaşa «Nova City» layihəsindən mənzilləri satıb, amma şirkətin bundan xəbəri olmayıb? Şirkətin həmin «Nursu Əmlak» agentliyi ilə yaşayış kompleksindən mənzillərin satışı ilə bağlı hansısa razılaşması var idimi? Əməkdaş bu suallara cavab verə bilməyəcəyini deyib: «Mən təzə işçiyəm, təfərrüatları bilmirəm».