Vaxt.Az

Payızdakı dəyişkən havadan kimlər ehtiyatlı olmalıdır?


 

Adil Qeybulla: «İnsanlar fəallaşan infeksiyaların qarşısını almalıdır...»

Payızdakı dəyişkən havadan kimlər ehtiyatlı olmalıdır? Soyuq və yağışlı günlərdən sonra artıq bir neçə gündür ölkəmizdə günəşli hava şəraiti hökm sürür. Hətta bu hava şəraitini yaz havası adlandıranlar da var. Payızda qəfil yaşanan qış havasından sonra yaz havasının gəlişi bütün sahələrə təsir edib.

Məsələn, belə günəşli hava kənd təsərrüfatına müsbət təsir etsə də, insanların orqanizminə elə də müsbət təsir edir deyə bilmərik. Yalnız insanlar deyil, bütün canlılar istiyə və soyuğa qarşı çox həssasdır. Bu həssaslıq daha çox qış aylarında özünü büruzə verir. Bu səbəbdən də insanlar istidən çox soyuqdan şikayət edirlər. Payız aylarında mövsümsüz isti və ya soyuğun insana təsiri onun orqanizminə və qidalanmağına görə dəyişir.

Məlumdur ki, insanın dərialtı piy təbəqəsində olan yağlar onun orqanizmini soyuğa qarşı davamlı edir. Əgər piy toxuması bütün dərialtında yayılıbsa, bu zaman üşümə hissi az olur. İnsanın qəbul etdiyi qidalardan asılı olaraq orqanizmin turşuluq dərəcəsi olur. Orqanizmin turşuluğu onun qeyri-sağlam qidalanmasından asılı olaraq dəyişə bilir. Qanın turşuluğu artdıqda orqanizmin soyuğa qarşı davamlılığı azalır.

Əzələ toxuması da insanın üşüməyə qarşı dözümlülüyünü artırır. Elə o səbəbdən də soyuq havada iri əzələ kütləsinə malik adamlar soyuq suya girə bilərlər, amma eyni hərəkət əzələsi olmayan adamlarda ağır xəstəliklərin yaranmasına gətirə bilər. Qanı az olan adamlar da soyuğa davamsız olurlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla: «Hava birdən-birə soyuyanda orqanizmi çətin vəziyyətə salır. Havaların kəskin isti və ya soyuq olduğu dövrdə əsas məsələ geyim seçimidir. Hazırda gün ərzində hava bir neçə dəfə dəyişə bilir. Müəyyən xəstəlikləri, yanaşı xəstəlikləri olan adamlar, xəstəliklərə qarşı müqaviməti aşağı olanlar, uşaqlar, yaşlılar belə havalarda xəstələnməyə daha çox meylli olurlar. Xüsusilə də, o adamlarda yuxarı tənəffüs yollarının infeksiyaları fəallaşır və qripə bənzər əlamətlər başlayır. İnsanlar fəallaşan bu infeksiyaların qarşısını almalıdır. Çünki fəallaşan bu infeksiyalar yoluxucu xarakter daşıyır və təmasla digərlərinə keçir. El arasında buna yayılmış qripə yoluxmuşam deyirlər. Əslində isə bu qrip deyil. Bu yuxarı tənəffüs yollarındakı infeksiyaların fəallaşmasıdır. Bu cür soyuqdəymə xəstəliklərindən qorunmaq lazımdır. Bunun üçün də geyim seçiminə diqqət edilməlidir. İmmun sistemi yaya nisbətən payız ayılarında aşağı düşür. Yəni bütün hallarda özünü qorumaq lazımdır. Çünki hər hansı bir infeksiya bədəndən bəzən bir neçə ay çıxmır. Orqanizm onunla mübarizə aparana qədər, müəyyən bir stabillik yaranana qədər xeyli zaman gedir».

Bu günlərdəki dəyişik hava şəraitində isə daha diqqətli olmaq məsləhət görülür. Çünki payızda yaşanan yaz havasının bu gündən yenidən tədricən soyuqla əvəzlənəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 





10.10.2017    çap et  çap et