Vaxt.Az

Atambayevin atılmaq qorxusu


 

Qırğızıstan prezidenti iğtişaş təhlükəsinə görə MDB sammitinə getmir

Atambayevin atılmaq qorxusu Qırğızıstan prezidenti Almazbek Atambayev bu həftə Rusiyada keçiriləcək MDB sammitinə səfərini ləğv edib. O bunu ölkəsində oktyabrın 15-də keçiriləcək prezident seçkisi zamanı qarışıqlığın baş verə biləcəyi ehtimalı ilə izah edib.

Atambayevin mətbuat xidməti oktyabrın 9-da bildirib ki, Qırğızıstanı Soçi sammitində prezidentin əvəzinə baş nazir Sapar İsakov təmsil edəcək.

Mətbuat xidməti bildirir ki, «seçki günündə müəyyən siyasətçilərin kriminal elementlərlə birlikdə kütləvi iğtişaş törədə biləcəyinə dair dəlillər var».

Bu da qeyd edilir ki, iğtişaşların törədilməsində habelə xaricdən maliyyələşdirilən namizədlərin də əli ola bilər.

Bu bəyanatdan iki gün əvvəl Atambayev qonşu Qazaxıstanı açıq-aşkar Qırğızıstanın daxili işlərinə qarışaraq namizəd Omurbek Babanovu dəstəkləməkdə ittiham etmişdi.

Eyni bəyanatda Atambayev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi onilliklərdir hakimiyyətdə qaldığına görə tənqid edirdi.

Nazarbayevin on ölkədən ibarət MDB-nin sammitinə qatılacağı gözlənilir.

Qırğızıstan Konstitusiyası Atambayevin ikinci müddətə namizədlik verməsini qadağan edir.

O, hakim Sosial-Demokratik Partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekovu açıq-aşkar dəstəkləməkdə ittiham olunur.

Sentyabr ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Babanovu dəstəkləyən bir millət vəkilini həbs edib.

Həmin deputat iğtişaşlar və zorakı çevriliş hazırlamaqda günahlandırılır.

 





10.10.2017    çap et  çap et