Vaxt.Az
ABŞ nüvə silahını Rusiyaya niyə tuşlayıb...
Vaşinqtonun nüvə başlıqlı raketləri Çinin məxsus olduğundan 15 dəfə çoxdur
«Sovet İttifaqı 20 ildən çoxdur dağılsa da Birləşmiş Ştatlar hələ də istənilən an Rusiyanı bir göz qırpımında Yer üzündən silmək üçün qitələrarası ballistik raketlərlə zərbə endirməyə hazırdır». Virtualaz.org saytının xəbərinə görə, bu barədə Amerikanın «The Week» nəşri yazıb. Nəşr qeyd edir ki, Amerikanın hər an starta hazır nüvə raketlərini ən kiçik problemi böhranlı vəziyyət kimi qəbul edən hərbçilər izləyir.
Məqalədə deyilir ki, Amerikanın döyüş hazırlığı vəziyyətində olan bütün qitələrarası ballistik raketləri ancaq Rusiyaya hücum üçün istifadə oluna bilər: «Raket şaxtaları və onların uçuş trayektoriyası elədir ki, Şərqi Asiyada və ya Yaxın Şərqdə hədəflərə zərbə endirmək üçün Amerika raketləri istənilən halda Rusiyanın üzərindən uçmalıdır».
«The Week» qeyd edir ki, heç şübhəsiz, Rusiya üzərindən uçan Amerika nüvə raketləri bu ölkənin raketdən müdafiə sistemində həyəcan siqnalına səbəb olacaq və avtomatik olaraq cavab zərbəsi işə düşəcək: «Rusiya hazırda iri nüvə nəhəngi olsa da ABŞ prezidentini gecələr yatmağa qoymayan təkcə bu nüvə dövləti deyil. Rusiya ilə yanaşı Çin, Şimali Koreya və İran da Amerika üçün narahatlıq mənbəyidir. Birləşmiş Ştatlar gələcək təhdidlərə qarşı dayanmaq imkanında olmalıdır və bu zaman nüvə müharibəsindən çəkindirməyə imkan verən amilləri saxlamalıdır».
Nəşrin yazdığına görə, Amerika artıq bu problemi həll edib. Bunlar nüvə raketləri daşıyan sualtı qayıqlar və B-2 strateji bombardmançılarıdır. Qitələrarası ballistik raketlərdən fərqli olaraq sualtı qayıqlarda konkret hansı vaxtda nüvə raketlərinin yerləşdirildiyi düşmənə məlum deyil.
«Beləliklə, sualtı qayıqlardakı nüvə raketləri əlçatmaz hədəflərdir və 100 faizli qarşılıqlı məhvetmə prinsipini ən yaxşı şəkildə təmin edə bilir. Nüvə müharibəsindən çəkindirən əsas amil məhz zərbə endirən tərəflərdən heç birinin qalib gəlməsinin qeyri-mümkünlüyünün yəqin olmasıdır» - deyə «The Week» yazır.
Məqalədə deyilir ki, nüvə raketləri ilə təchiz olunmuş sualtı qayıqların qitələrarası ballistik raketlərdən mühüm fərqi var. Ballistik raketləri həyəcan siqnalı daxil olandan dərhal sonra buraxmaq lazım gəlir. Əks halda hücum zamanı ilk növbədə həmin ballistik raketlər məhv edilə bilər. Və yalan həyəcan siqnalı zamanı cavab zərbəsinin endirilməsini dayandırmaq üçün olduqca az vaxt qalır.
«Hazırda Rusiya Amerikanın ballistik raketlərinin bazalarına zərbə endirmək gücündə olan yeganə ölkədir. Lakin indi «soyuq müharibə» başa çatdığı üçün Rusiyanın apokalipsis başlatmaq üçün səbəbləri yoxdur» - deyə nəşr qeyd edir.
Ekspertlər hesab edir ki, Amerika indiki sayda ballistik nüvə raketlərini saxlamalıdır. Çünki Amerikanın çoxsaylı ballistik nüvə raketlərinə malik olması digər ölkələri öz arsenallarını genişləndirməkdən çəkindirir. Hazırda ABŞ-da 4500-ə yaxın nüvə başlığı var, Rusiyanın nüvə başlıqlarının sayı da təxminən bu qədərdir. Çinin isə cəmi 300 nüvə başlığı var. Ona görə də ABŞ öz nüvə başlıqlarını üç dəfə ixtisar etsə belə Çin ona çata bilməz.
Digər tərəfdən, Amerikanın nüvə raketləri daşıyan strateji bombardmançıları və sualtı qayıqları olduğu halda qitələrarası ballistik raketləri saxlamağa ehtiyacı yoxdur.
25.01.2014 çap et