Vaxt.Az
... Neft bir az da bahalaşdı
OPEK rəhbəri açıqlamalar verdi, ...
OPEK rəhbəri Məhəmməd Barkindonun son açıqlamaları neftin bahalaşması prosesini dəstəkləyib. APA TV-nin məlumatına görə, OPEK rəhbəri bildirib ki, bazarda balansın yaranması tempi sürətlənir, burada kartel üzvlərinin qlobal neft paktı çərçivəsində öhdəliklərə riayət etməsi önəmli rol oynayır. ABŞ-da şist neftinin hasilatı tempinin azalmasına diqqət çəkən Məhəmməd Barkindo bildirib ki, dünyada neftə olan tələbatın daha da artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, anbarlarda və tankerlərdə saxlanan neft ehtiyatlarının həcmi azalır. Dərhal satınalma qiymətlərinin fyüçers qiymətlərindən baha olması səbəbilə tankerlərdə neft ehtiyatlarının azalması prosesi son zamanlar sürətlənib.
Bu açıqlamalar neftin qiymətinin yenidən bahalaşmasına səbəb
olub. Hazırda «Brent» markalı neft 55,85 dollara satılır, Qərbi Texas nefti isə
49,64 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi OPEK-in qiymətlərin
müəyyənləşməsində rolunun gücləndirdiyini göstərir.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə
dair növbəti həftəlik hesabatı açıqlayacaq. Birja iştirakçılarının əsas diqqəti
ölkənin benzin ehtiyatlarının həcminə yönəlib, ehtiyatların azalması neft emalı
müəssisələrinin istehsal imkanları barədə təsəvvür formalaşdırmağa imkan verəcək.
10.10.2017 çap et