Vaxt.Az

Zərrab skandalı


 

Ərdoğanın ABŞ-la «diplomatik müharibəsi» biznesmeni geri almaq üçündür?

Zərrab skandalı «Financial Times» yazır ki, ötən həftə bir əməkdaşı İstanbulda həbs olunduqdan sonra ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə yeni vizaların verilməsini kəskin məhdudlaşdırıb.

Məqalədə deyilir ki, bu, iki müttəfiq arasında diplomatik böhranı daha da dərinləşdirməklə minlərlə türkün ABŞ-a səfər etməsinə blok qoyub.

FT yazır ki, baş verən çəkişmə ilə birbaşa əlaqədar Türkiyə lirəsi 6 faiz dəyərdən düşüb və bu ticarətin həcmlərinə və malların qiymətlərinə təsir göstərməyə başlayıb.

«Bloomberg» saytının məlumatına görə, bazar ertəsi Türkiyənin aktivləri üçün il ərzində ən pis gün olub.

Məqalədə deyilir ki, səfirlik əməkdaşının həbsi bu il ikinci belə saxlanmadır. Türkiyədə hazırda azı 10 ABŞ vətəndaşı Fətulla Gülənlə sübuta yetirilməmiş əlaqələrinə görə həbs altındadır.

FT yazır ki, Ankaranın Gülənin ekstradisiyasına nail olmaq cəhdləri hələ ki boşa çıxır.

Ankaradakı ABŞ səfirliyinin yaydığı bəyanatda deyilir ki, «baş verən son hadisələr Birləşmiş Ştatlar hökumətini Türkiyənin ABŞ missiyasının təhlükəsizliyi üçün cavabdehlik dərəcəsini yenidən qiymətləndirməyə vadar edib».

Səfirlik bildirib ki, missiyaya gələnlərin sayının azaldılması üçün ABŞ missiyası bütün qeyri-mühacirət vizalarının verilməsini dayandırıb.

Buna cavab olaraq Türkiyənin Vaşinqtondakı səfirliyi də ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb.

Bu o deməkdir ki, ABŞ səfirliyi bu ölkəyə yalnız mühacirət edənlər üçün viza verəcək.

İstanbuldakı ABŞ səfirliyi 2016-cı maliyyə ili ərzində türklərə 113 min 240 qeyri-mühacir vizası vermişdisə, bu il bu rəqəm cəmi 4214-yə enib.

«Financial Times»a görə, ABŞ səfirliyinin Türkiyə vətəndaşı olan ikinci əməkdaşının həbs edilməsi Amerika diplomatlarını belə bir qənaətə gətirib ki, Rəcəb Tayyib Ərdoğan bu məhbusları cənab Gülenin və Erdoğanın yaxın çevrəsinə daxil İran azərbaycanlısı olan biznesmen Rza Zərrabın ekstradisiyasına nail olmaq üçün həbs edib.

«Yeni sultan Ərdoğan və müasir Türkiyənin böhranı» kitabının müəllifi Sönər Cağaptay deyir ki, Ərdoğanın Suriyada Rusiya ilə sövdələşmələri və prezidentin islamçı tərəfdarları arasında antiamerika sentimentinin yüksəlişi iki ölkə arasındakı münasibətlərin uzun müddət sınağa çəkiləcəyini göstərir.

Türkiyənin hökumətpərəst mediası dərhal bəyan edib ki, həbs edilən ABŞ səfirliyi nümayəndəsi cənab Gülənlə əlaqələrdə ittiham olunur.

Türkiyə prezidenti Güləni iyul çevriliş cəhdinin və ondan əvvəl, 2013-cü ildə Ərdoğanın yaxın çevrəsinə qarşı korrupsiya ittihamları qaldırılmasının arxasında dayanmaqda ittiham edir.

FT yazır ki, bu arada ABŞ səfiri Con Bassın (John Bass) tezliklə vəzifəsini tərk edəcəyi barədə informasiya sızması Türkiyənin hökumət mediasını sevindirib. Ərdoğan tərəfdarları səfirin iyul çevriliş cəhdi ilə əlaqəsi olduğuna inanırlar.

Məqalədə deyilir ki, Ərdoğanın ABŞ vətəndaşlarını həbsxanalarda məhz dəyiş-düyüş üçün «girov» kimi saxlamasını onun özü də dolayısı ilə təsdiq edib.

O polis zabitləri ilə söhbətində işarə edib ki, bir ildən artıqdır Türkiyə məhbəsində saxlanan ABŞ presveterian pastoru Endryü Branson (Andrew Brunson) Amerikada sığınacaq tapmış Fətulla Gülənlə dəyişdirilə bilər.

«Onlar deyirlər ki, pastoru bizə verin, - deyib Ərdoğan, - Onda siz də əlinizdəki ruhanini bizə verin».

Bu problem təkcə ABŞ vətəndaşlarına aid deyil. Almaniya diplomatları şübhələnirlər ki, Türkiyə həbsxanada saxladığı almaniyalı jurnalist Dəniz Yüceli Almaniyaya sığınmış qaçaq Türkiyə zabitlərinə dəyişmək istəyir. Ərdoğan Almaniyaya sığınan zabitləri çevriliş cəhdində iştirakda ittiham edir.

 





10.10.2017    çap et  çap et