Vaxt.Az

Seçkiləri «barmaqlayan» virtual «troll»lar


 

Rusiya «Trampı seçdirmək üçün» «Google»dan da istifadə edib

Seçkiləri «barmaqlayan» virtual «troll»lar «The Guardian» yazır ki, «Google» Rusiya əməliyyatçılarnın ABŞ seçkisinə müdaxilə məqsədilə onun «YouTube», «Gmail» və «Google Search» platformalarından istifadə etdiyini bildirib.

Şirkət «Reuters» agentliyinə deyib ki, rusiyalı əməliyyatçıları adı çəkilən platformalarda 10 minlərlə dollarlıq reklam alıblar.

Məqalədə deyilir ki, bu reklamları alanlar «Facebook»dan istifadə edən əməliyyatçılarla fərqli mənbədən olublar. Bu isə Rusiyanın daha geniş dezinformasiya fəaliyyəti ilə məşğul olduğunu göstərir.

«Google» bildirir ki, o hazırda davam edən təhqiqatla bağlı bu məsələ barəsində heç bir təfərrüatları aça bilməz.

«The Guardian» yazır ki, «Google»un açıqlamaları Silikon vadisi texnologiya nəhənglərinin özləri də istəmədən Rusiya əməliyyatçılarının əlində vasitəyə çevrildiyini göstərir.

«Google» potensial baxımdan rusiyalı əməliyyatçıların ondan 100 min dollarlıq reklam aldığını aşkar edib.

Twitter və «Facebook» bu yaxınlarda aşkar etmişdilər ki, Rusiyanın Sankt Peterburq şəhərində yerləşən və İnternet Araşdırmaları Agentliyi kimi tanınan «dezinformasiya fabrikindən» olan əməliyyatçılar onların platformalarından istifadə edərək Amerikada siyasi baxımdan ixtilaf yarada biləcək materialları yayıblar. Bu fəaliyyətin məqsədi dolayısı ilə 2016-cı il ABŞ prezident seçkisinə təsir göstərmək idi.

«The Guardian» yazır ki, İnternet Araşdırmaları Agentliyində kremlpərəst materiallar yayan yüzlərlə «troll» işləyir. Onlar guya amerikalılara və ya avropalılara aid saxta sosial media hesablarından dezinformasiyalar yayır.

«Facebook» ötən ay bəyan etmişdi ki, həmin bu İnternet Araşdırmaları Agentliyi ondan 100 min dollarlıq reklam platforması alıblar.

Məqalədə deyilir ki, «Google»un bu halla bağlı araşdırması «Facebook» və «Twitter»in təhqiqatlarından daha dərin olub.

Rusiyanın reklamlar alması ilk dəfə «The Washington Post» qəzetində açıqlanmışdı.

«Alphabet Inc» şirkətinə daxil olan «Google» bu iddiaları inkar etməyib, lakin bildirib ki, onun reklam siyasəti siyasi reklamların məhdudlaşdırılması və dini və irqi zəmində hədəfləməyə yönəlik reklamların qarşısının alınması məqsədi güdür.

«Google» dünyada ən böyük internet reklamı biznesinə sahibdir, «YouTube» isə dünyanın ən böyük internet video saytıdır.

Bu yaxınlarda «Google» rəsmiləri Rusiyanın seçkiyə təsir göstərmək cəhdində ondan necə istifadə edildiyinə dair suallara cavab vermək üçün ABŞ Konqresinin Kəşfiyyat Komitəsinə dəvət ediliblər.

«Google», habelə «Facebook» və «Twitter» Senat və Konqres komitələri qarşısında noyabrın 1-də ifadə verməlidirlər.

 





10.10.2017    çap et  çap et