Almurad Əliyevlə müsahibə Elçibəyin «Vorovski»dəki evində baş tutmuşdu, özü də Bəyin otağının qarşısındakı otaqda. Xeyli dil tökəndən sonra məni Elçibəyin otağına buraxmışdı. Deyirdi ki, Bəy gedəndən sonra heç özümüz də girməmişik bu otağa.
Otaqda hər şey Elçibəy Bakını tərk etdiyi gün qoyub getdiyi kimi idi. Paltarları masanın kreslosunun qoltuğunda idi, yatağının yanındakı stulun üzərində dərmanları, stolun üzərində isə əlyazmaları və sevimli 100 mm-lik «Camel» siqareti vardı. Otaqdakı kitab şkafı dolu idi, şkafın böyründə də yerdən tavana doğru kitablar üst-üstə düzülmüşdü. Məşhur aktrisa Türkan Şorayın Elçibəyə hədiyyə göndərdiyi və AXC-nin Şəhriyar klubunda keçirilən 10 illik yubiley tədbirində təqdim olunan imzalı çərçivə fotosu da şkafın üzərində idi.
Diktofondan kənar söhbət zamanı bildim ki, «Vorovski»dəki evi Elçibəy Azadlıq prospektindəki «İstanbul evləri»ndə Türkiyənin hədiyyə etdiyi iki mənzildən birini satmaqla alıb. Daha sonra Almurad bəy Elçibəyin ona məktubunu oxudu mənə, amma bərk-bərk tapşırdı ki, bunu yazmayım. Amma məncə, indi yazmaq olar. Məktubda Elçibəy imkansız qohumlarının adlarını (təəssüf ki, yadımda qalmayıb) çəkmişdi ki, filankəsin evi yoxdur, filankəsin borcu var, filankəsin müalicəyə pulu yoxdur. Sonda isə qardaşına tapşırmışdı ki, «İstanbul evləri»ndəki ikinci mənzili satıb adını çəkdiyi qohumlarının borc, müalicə və evsizlik problemlərini həll eləsin...
***
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu gün səhər saatlarında vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xatırladaq ki, mərhum uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!