Vaxt.Az
Müxalifət vilayətləri ələ keçirir
Kiyevdəki fəallar isə 2 nazirliyə nəzarət edirlər
Ukraynada daha bir vilayət mərkəzi müxalifətçilərin əlinə keçib. Mitinqçilər Çerniqov şəhərində vilayətin inzibati mərkəzinin binasını ələ keçiriblər. Virtualaz.org saytı UNİAN agentliyinə istinadən bildirir ki, aksiyaçılar binanın əsas giriş qapılarından birini sındıraraq binaya soxulublar. Xalq deputatı Olqe Lyaşko bildirib ki, onların məqsədi Çerniqov Xalq Veçesinin qəbul etdiyi qətnaməni vilayət administrasiyasının rəhbərliyinə təqdim etməkdir. Həmin qətnamədə bildirilir ki, vilayət rəhbəri Vladimir Xomenko artıq vəzifəsindən qovulub.***
Kiyevdə toqquşmalar zamanı yaralanan şəxslərdən biri ölüb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Azadlıq” təşkilatının nümayəndəsi İrina Sex bildirib.
O qeyd edib ki, həkimlər 45 yaşlı Roman Senikin həyatı uğrunda mübarizə aparsalar da, yaraları ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
***
Hökumətin münaqişəni silahlı qarşıdurma olmadan həll etmək cəhdləri nəticəsiz qalır
Kiyevdəki son hadisələr göstərir ki, münaqişəni silahlı qarşıdurma olmadan, sülh yolu ilə həll etmək cəhdlərimiz nəticəsiz qalır.
APA-nın məlumatına görə, belə bir bəyanatla Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko çıxış edib.
Nazir qeyd edib ki, iqtidarla müxalifət arasında əldə olunmuş anlaşmalar pozulur.
V. Zaxarçenkonun sözlərinə görə, gecə saatlarında hüquq-mühafizə orqanları nümayəndələrinin müxalifət liderləri ilə apardığı danışıqlar nəticəsiz qalıb.
O qeyd edib ki, müxalifət liderləri ölkə vətəndaşlarını təhlükəyə atır.
Kiyevdə müxalifət fəalları Ukrayna Enerji və Kömür Sənayesi Nazirliyinin binasını ələ keçirib.
APA-nın xəbərinə görə, bu barədə yerli “5-ci kanal”a “Ümumi iş” adlı təşkilatın koordinatoru Aleksandr Danilyuk məlumat verib. O bildirib ki, nazirliyin mühafizə xidməti fəallara müqavimət göstərməyib.
Bundan əvvəl “Ümumi iş”in fəalları Aqrar Siyasət Nazirliyinin binasını da ələ keçirib. Hər iki bina Müstəqillik meydanının yaxınlığında, Kreşşatikdə yerləşir.
Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçiriblər.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu müxalif “Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib.
Onun sözlərinə görə, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub.
“Vilayətin rəhbər şəxslərini xalqın yanına çıxarırıq”, - deyə deputat “Twitter”dəki səhifəsində yazıb.
Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Aleksandr Popovu vəzifəsindən azad edib.
Virtualaz.org saytı “RİA Novosti”yə istinadən bildirir ki, bu sərəncamın mətni prezidentin rəsmi saytında yerləşdirilib.
Prezident V.Yanukoviçin digər sərəncamı ilə Ukrayna Ali Radasının deputatı, hakim Regionlar Partiyasının üzvü Vladimir Makeyenko Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri təyin olunub.
25.01.2014 çap et