Yüksək ziyalılığı və xeyirxahlığı ilə tanınan bu müəllim repressiya olunmuş azərbaycanlı ailəsində doğulub, o, 1937-ci ildə Sibirə sürgün edilən və sürgündən sağ qayıtmayan məşhur şair Əli Nazimin oğludur.
Ramin müəllim yuxarıda adını çəkdiyimiz yazısında nəyə etiraz edir?
«Bu gün biz böyük alimimiz Lütfi Zadəni dəfn etdik. Onun tədqiqatları və nəzəriyyələri kompüter elmlərinin əsasında dayanır və ayrılmaz hissəsidir. Təəssüflər olsun ki, bizim bəzi yüksəl vəzifəli məmurlar və hətta alimlər onun işlərinin dərinliyini və gücünü qiymətləndirə bilmirlər… Onun dəfnində bütün hökumət üzvləri iştirak edirdi. Lakin onlar görmədilər ki, həmin gün böyük informatika alimi ilə bir yerdə Azərbaycanda Məktəbli İnformatikasını da dəfn etdik. Bu isə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin bir səyləri ilə mümkün olmuşdur».
Yuxarıdakı sətirlərlə başlayan yazısında Ramin Mahmudzadənin etirazı riyaziyyat, tətbiqi riyaziyyat və kompüter elmləri, müxtəlif İT ixtisaslarına qəbul zamanı informatika fənninin salınmamasıdır. Bu iki qurumun ali məktəblərə qəbulla bağlı son zamanlar elan etdiyi dəyişiklər pedaqoq-alimdə hədsiz etiraz yaradıb.
Təbii ki, müxtəlif fikirlər ola bilər bu məsələyə münasibətdə. Kimlərsə deyə bilər ki, riyaziyyatdan imtahan varsa, informatikadan imtahana nə ehtiyac var. Amma informatikanı hətta riyaziyyatın bir hissəsi saysaq belə, o, kifayət qədər spesifik özləlliklərlə sahibdir, fərdi və toplumsal inkişaf üçündə xüsusi aktuallıq və perspektiv vəd edir. Ayrıca fəndir. Ayrıca ixtisasları əhatə edir.
İkinci məsələ odur ki, Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) etdiyi dəyişiklik doğrudan da qəribədir. Ramin Mahmudzadə deyir ki, nə üçün riyaziyyat və İT ixtisasları üzrə qəbulda informatika olmadığı halda, kimya fənni salınıb. Doğrudan da, bu, hətta gülməlidir.
Ramin Mahmudzadə İT sahəsinin inkişaf və perspektivi nəzərə alıb, informatika fəninin qəbula salınmamasını Azərbaycan xalqına qarşı edilən günah sayır. Onun dediklərindəki həqiqət payı həddən artıq çoxdur.
Qəbul prosesini sadələşdirməyin tərəfdarı kimi deyirəm, Ramin müəllim, haqlıdır, məgər kimya fənnini bu qrup ixtisaslara salanlar dünyada gedən prosesləri izləmirlər? Bizim ölkədə bir məsələ həmişə unudulur. «Bütün dünyada qəbul prosesi sadələşir» deyənlər də vacib bir məqamın üstündən keçirlər. Bütün dünyada ali məktəblərə az fəndən imtahan verməklə, hətta imtahansız qəbul olunmaq ənənəsi trend təşkil etməyə başlasa da, ixtisas fənləri üzrə bacarıq və üstünlükləri nəzərə almaq şərt olaraq qalır.
Təsəvvür edin, rəssamlıq və musiqi ixtisası ayrıca bacarıq imtahanları var, məcburidir. Amma digər ixtisaslara üzrə bacarıqları öyrənmək məcbur olmasa da, onları bir üstünlük kimi göstərmək imkanı da qalmalıdır.
Bunun ən yaxşı nümunəsi ABŞ universitetlərinə qəbul zamanı istifadə edilən SAT (Scholastic Aptitude Test –Təhsil Yetənək Testi) imtahan sistemidir. SAT-1 hamı üçün eynidir – ingilis dili və riyaziyyat imtahanıdır. Sadə həll. Möhtəşəm həll. ABŞ universitetlərini irəli aparan test imtahanı. Lakin SAT-2 də var. Sən artıq ayrı-ayrı fənlərdən imtahana da girib, onun ballarını da universitetə tətbiq edə bilirsən, göstərirsən ki, mən baza fənlərindən başqa filan fənlərdən də belə yüksək performansa sahibəm, mənim uyğunluğumu nəzərə al!
Deməli, Ramin müəllim haqlıdır. Hətta müdrik yanaşma sərgiləyir. Əgər biz qəbulda sadələşdirməni əsas götürmürüksə, qəbul qrupuna uyğun fəndən imtahan salmırıqsa, kimyanı niyə salırıq həmin qrupa? Kimyanı salırıqsa, böyük gələcəyi, faydası olan informatikanı niyə unuduruq?
Ümumiyyətlə, İT sahəsində xüsusi qabiliyyəti və həvəsi olan gənclər bunu necə göstərsin ali məktəblərə? Həm də ən yaxşı bal toplayanların həmin ixtisasları seçmədiyi bir ölkədə….
Son günlərdə bir dərslikdəki səhvlə bağlı yaranan müzakirələrdə Təhsil Nazirliyi indiyədək görmədiyimiz bir cəhət nümayiş etdirdi. Səhvi etiraf etdi, problemlə bağlı müzakirələrə hazır olduğunu söylədi. Qocaman müəllimi dinləmək, qaldırdığı məsələni niyə müzakirə etməsinlər? Adamın heç bir şəxsi marağı yoxdur, sözün həqiqi mənasında günü keçmiş bir qocadır və yalnız ölkəsini düşünüb yazır.