Vaxt.Az

«Xəritədə Albaniyanın adı yazılmalıydı»


 

Qalmaqallı dərsliyin müəllifləri Təhsil Nazirliyinə çağırıldı

«Xəritədə Albaniyanın adı yazılmalıydı» «Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər də etiraf ediblər».

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxelogiya və etnoqrafiya institunun aparıcı elmi işçisi, X siniflər üçün rus dilində «Всеобщая история» («Ümumi tarix») dərsliyinin müəlliflərindən olan Təvəkkül Əliyev Modern.az-a açıqlamasında deyib.

O, bildirib ki, çox qısa müddətdə dərslikdə olan qüsur aradan qaldırılıb və yenidən nəşr olunub.

«Bundan sonra dərslik rusdilli məktəblərimizə paylanılıb. Tarix dərslikləri həm də siyasi məsələ deməkdir. Burada çoxlu ideoloji məsələlər var. Ayrı-ayrılıqda bu dərsliyin müəllifləri tanınmasa da, onu deyim ki, biz vətənimizi çox sevirik. Biz nədən imtina edirik, ermənilər ona sahib çıxırlar. Bəzi sözlər var ki, onlardan imtina etdikcə, özümüzə qarşı istifadə edilir. Əvvəllər ermənilər «Dağlıq Qarabağ» deyirdilər. İndi isə «Artsax» deyirlər. Bu əsl türk sözüdür - «Ər-sax». Biz indi «Artsax» sözünü kitablarda işlədə bilmərik. Çünki başqa cür başa düşüləcək.  Çünki biz «Artsax» sözünü işlədən kimi deyəcəklər ki, ermənindir, adını çəkməyin. İnandırım sizi ki, «Artsax» deyənləri xalq düşmənləri adlandıracağıq. Halbuki, bizim sözdür və dədə-baba ərazimizdir».

T.Əliyev deyib ki, qalmaqallı dərsliyin müəlliflərini nazirliyə çağırıblar və orada məsələnin məğzi öyrənilib.

«Amma müəlliflərlə bağlı hər hansısa cəza tədbiri görülməyib. Sadəcə, nazirlikdə dərsliklə bağlı səmimi müzakirə aparıldı. Əsas məqsəd də bu idi ki, belə hallara gələcəkdə yol verilməsin. İclasda xəritə ilə bağlı da fikir mübadiləsi aparıldı. Biz etiraf edirik ki, xəritədə Albaniyanın adı yazılmalı və ərazisi göstərilməliydi. Bu qüsurdur. Biz bunu versəydik, bəlkə də bu söz-söhbətlər olmazdı. Bizdə kartoqrafiya inkişaf etməyib və ona görə də bu kimi problemlər ortaya çıxır. Bizim xəritə işi ilə bağlı problemlərimiz var».

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  «Всеобщая история» («Ümumi tarix») dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma «Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.

Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib.

Aşkarlanmış səhv dərsliyi çap edən «Şərq-Qərb» nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.

Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

 





12.10.2017    çap et  çap et