Vaxt.Az

Müharibə hər dəqiqə başlaya bilər


 

Tramp bombardmançıları Şimali Koreya üzərinə göndərdi

Müharibə hər dəqiqə başlaya bilər ABŞ Şimali Koreya sərhədləri yaxınlığına təlim uçuşları məqsədilə iki «B1-B Lancer» bombardmançı təyyarəsi göndərib. APA TV-nin «Reuters»ə istinadən məlumatına görə, Quam hərbi bazasından havaya qalxan təyyarələr Koreya yarımadasının şərq sahillərinə aviazərbələr endirilməsini simulyasiya edib.

Avqust ayında Pxenyanın nüvə təhdidləri səbəbindən ABŞ Şimali Koreyaya preventiv zərbə endirəcəyinin anonsunu verib. Bundan sonra isə oktyabrın əvvəlində Koreya yarımadası sahillərinə «Ronald Reagan» aviadaşıyıcısı göndərib.

Aviadaşıyıcının 15-20 oktyabr tarixləri arasında əraziyə çatacağı gözlənilir. Bombardmançıların potensial hədəfləri Şimali Koreyanın ballistik raket kompleksləri, eləcə də poliqonlarıdır.

Bu arada Donald Tramp Milli Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. İclasda Şimali Koreya aqressiyasına qarşı ən sərt tədbirlər görülməsi qərara alınıb. İclasda Pentaqon rəhbəri Ceyms Mettis və Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford iştirak edib.

Xatırladaq ki, iki gün öncə senator Bob Korker Donald Trampın III Dünya müharibəsini başlamaq niyyətində olduğunu iddia edib. Ağ Ev rəhbəri məsələyə aydınlıq gətirərək «ABŞ ən azı son 25 ildə düzgün yolda olmayıb, biz indi düzgün istiqamətdə hərəkət edirik», - deyib. Trampın bu sözləri Bob Korkerin iddiasının təsdiqi kimi qəbul olunur.

 





12.10.2017    çap et  çap et