Vaxt.Az

Dərslik mafiyasının arxadan zərbəsi


 

Tarix İnstitutundan «Böyük Ermənistan»a görə qəzəbli bəyanat

Dərslik mafiyasının arxadan zərbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif «Ümumi tarix» dərsliyinin rusca versiyasında uydurma «Böyük Ermənistan» ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

Virtualaz.org  xəbər verir ki, bəyanata əsasən dərslikdəki uydurma «Böyük Ermənistan»ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir.

«Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsiri ilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta «Böyük Ermənistan» xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən «Wikipediya»da yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırıb», - İnstitutu bildirir.

 

«Heç ermənilər də belə dəhşətli saxtakarlığa yol verməyib...»

 

Bəyanatda göstərilir ki, bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan «Ancient.eu» adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib. «Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif «Ümumi tarix» dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılıb. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcildlik «Roma tarixi»nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdi», - bəyanatda vurğulanır.

 

«Böyük Ermənistan»ı düz Xəzərə birləşdirib

 

İnstitut qeyd edir ki, bütün analoji xəritələrin hamısında uydurma «Böyük Ermənistan»ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adları çıxarılıb, ancaq «Armeniya» adı saxlanılıb. Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, «Armeniya» ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir.

«Uydurma «Böyük Ermənistan» tarixinə həsr olunmuş xəritələrin heç birində «Armeniya»nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T.Mommzenin nəşr olunmuş xəritəsində və «Böyük Ermənistan» ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda X sinfin «Ümumi tarix» dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə «Ümumi tarix« dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb», - Tarix İnstitutunun bəyanatında deyilir.

İnstitutu onu da bildirir ki, eyni xəritə saxta «Böyük Ermənistan»ın bütün sərhədləri ilə «Ümumi tarix» dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq «Armeniya» sözüdür: «Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir».

 

«Hələ bu bir yana qalsın...»

 

Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmamış və müstəqilliyini saxlayıblar: «Hələ bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb.

Bəyanatda göstərilir ki,  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar («İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi», «Qarabağ: real tarix, faktlar və sənədlər», «Naxçıvan: tarixi və abidələri», «Real tarix və «Böyük Ermənistan» uydurması» və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmadığı sübut edilib.

Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilib.

 

Arxadan vurulan ağır zərbə

 

Bəyanatda daha sonra bildirilir: «Bizim bu tədqiqatlarımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-lərdə də guya «ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması»nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu baxımdan X siniflər üçün «Ümumi tarix» dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə «Azərbaycan tarixi atlası» və «Azərbaycan Milli Atlası» nəşr olunduğu halda bu cür zərərli addım atılıb».

 

Dərslik mafiyasının qarşısı alınsın, hər küçədən keçənə dərslik sifariş edilməsin

 

Tarix İnstitutunun Elmi Şurası onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Hazırda qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına «münasib bildiyi» adamları toplayaraq dərslik layihələri hazırlayırlar.

Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, «daha güclü nəşriyyat» və onun arxasında duran qüvvələr qalib gəlir.

«Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır», - bəyanatda tam haqlı olaraq bildirilir.

 

Digər dərsliklər də biabırçı gündədir

 

Xatırladaq ki, həmin qalmaqallı tarix dərsliyini Təhsil Nazirliyi ilə əməkdaşlıq edən ekspert Kamran Əliyev və digər təsadüfi adamlar yazıb. Virtualaz.org Azərbaycanda orta məktəb dərsliklərinin çoxunun olduqca bərbad durumda olduğunu xüsusi qeyd edir və bu sahədəki biabırçılıqları ictimaiyyətə çatdırmağa çalışır. Belə biabırçılıqlardan biri də hansısa aşağı səviyyəli müəllimlər tərəfindən orta məktəblərin 7 və 8-ci sinif «Həndəsə» və «Cəbr» dərsliklərinin birləşdirilərək qısaldılmış formada yeni «Riyaziyyat» dərsliyi icad etməsidir. Hansı ki, həmin dərslikdə cəbr və həndəsə elminin fundamental prinsip və qaydaları kobud pozulub, müəlliflər sanki məşhur Gülümsərovun «Limandra» bitkisini yetişdirməyə çalışıblar.

 





12.10.2017    çap et  çap et