Vaxt.Az
«Qadağa 5-6 ay davam etsə...»
«Kreditlə avtomobil alanların rəsmi gəlirləri ilə götürdükləri borc məbləğləri arasında uçurum var»
Mərkəzi Bank (MB) kredit bazarında baş verənlərə, nəhayət, konkret qərarla reaksiya verdi. Bir neçə gün öncə baş bankın qərarı ilə ölkədə fəaliyyət göstərən maliyyə qurumlarına arayışsız kredit vermək qadağan edildi. Bundan başqa, banklar avtomobil kreditləri verməyi də dayandırdılar. Bildirilir ki, buna səbəb problemli kreditlərin həcminin artmasıdır.
Məlumat üçün qeyd edək ki, açıqlanan rəqəmlərdə problemli kreditlərin həcmi 800 milyon manata yaxındır. «Gündəlik teleqraf» qəzeti bu məsələ ilə bağlı iqtisadçıların geniş rəyini öyrənib. Bəzi ekspertlər hesab edir ki, belə bir qərar lazım idi. Problemli kreditlərin artması, üstəlik, yaranmış hər bir çətin durumda banklara üz tutan və sonradan çıxılmaz vəziyyətə düşən insanların durumu MB-ni sərt qərar verməyə məcbur etməli idi. Məhz asan kredit şərtləri hesabına ölkəyə avtomobil idxalı görünməmiş həddə yüksəlib. Ötən illə bu ilki idxal arasında təxminən 2 dəfəyədək fərq yaranıb.
Bəzi banklar qeyri-rəsmi şəkildə avtokreditlərin onlara sərfəli olmadığını bəyan etmişdilər. Ölkə banklarından birinin kredit mütəxəssisi Ruslan Baloğlanov deyir ki, bu gün avtokreditlər həqiqətən, sərfəli deyil. Əmlak və qızıl əşyalarını girov qoyaraq kredit götürüb avtomobili nağd şəkildə əldə etmək avtomobil kreditindən daha münasibdir: «Xidmətin göstərilməsi, nağd vəsaitin verilməsi, hesabın açılması, qiymətləndirmə və sığorta xərcləri krediti xeyli bahalaşdırır. Qeyd olunan xərclərdən çoxu bütün kredit növlərində təqribən eyni qalsa da, sığorta haqları kreditlərə görə fərqlənir.
Əgər əmlak sığortası üçün sığorta haqqı 0,25-0,46 faiz təşkil edirsə, avtomobillər üçün 3,6-4, faiz arasında dəyişir. Avtomobil krediti götürən şəxs qaydalara görə alacağı avtomobili sığortalamalı və bütün kredit dövrü üçün sığorta haqqını əvvəlcədən nağd ödəməlidir. Əgər vətəndaş ev girov qoyub kredit götürərsə, xərcləri nisbətən azalar. Sığorta haqqı əmlak üçün 1 faizdən də az olduğundan, əvvəlcədən ödənilən sığorta haqqı təqribən avtokreditdəkindən 3 dəfə aşağı olur».
Kredit mütəxəssisi onu da əlavə etdi ki, avtokredit məhsullarının təkmilləşdirilməsinə ehtiyac var. Vətəndaş az xərc olsun deyə, sığortanı unutmamalıdır. O, sığorta şirkətlərinin sərfəli avtomobil sığortası məhsullarından sərbəst şəkildə faydalanmalıdır.
«Başqa sığorta növlərinə marağı artırmalıyıq»
Avtokreditlərin kəskin azalması sığorta şirkətlərinin işinə mənfi təsir etməyə başlayıb. Kreditlərin dayanmasından keçən bir neçə gün ərzində sığorta şirkətlərinin müştəriləri kəskin azalıb. Bəzi şirkətlərdə isə ümumiyyətlə, sıfıra enib.
«Rəvan Sığorta» şirkətinin idarə heyətinin üzvü Samir Məmmədov son günlər avtomobil kreditlərinin dayanmasının şirkətə müraciətlərə təsir etdiyini təsdiqləyib: «Bizim şirkətdə əsas fəaliyyət sahəsi kasko olduğuna görə bizə də təsir edəcək. Amma bu vəziyyət uzun çəkməyəcək. Yəqin ki, banklar bu vəziyyəti 1 həftə - 10 gün ərzində aradan qaldıracaqlar. Bundan sonra sığorta şirkətlərinə müraciətlər də artacaq. Düşünmürəm ki, bundan artıq çəkəcək.
Hələlik bu vəziyyətin sığorta şirkətlərinin fəaliyyətinə təsirindən danışmaq tezdir. Problem o vaxt yarana bilər ki, avtomobil kreditlərinin dayanması prosesi 1-2 il çəksin. Amma biz bunun 1 aydan artıq davam edəcəyinə inanmırıq. Proses uzun müddət davam etdiyi təqdirdə isə portfelin diversifikasiyası baş verməlidir. Yəni başqa sığorta növlərinə marağı artırmalıyıq».
«Qırmızı işıq» kimlər üçündür?
Millət vəkili Əli Məsimli isə istehlak kreditlərinin dayandırılmadığını, şərtlərin sərtləşdirildiyini dedi: «Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklara bundan sonra müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verməməsi, eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulmasına yönəldilən göstərişi ilə bağlı son günlər çoxsaylı müraciətlər alırıq. Bir sıra ekspertlər bunu Mərkəzi Bankın kommersiya bankları üçün istehlak kreditləşməsi bazarına «qırmızı işıq» yandırması kimi, ictimaiyyət nümayəndələri isə bankların kredit verməsini tamamilə dayandırması kimi dəyərləndirirlər.
Amma burada söhbət istehlak kreditlərinin tamamilə dayandırılmasından yox, kreditlərin verilmə şərtlərində dəyişikliklərdən gedə bilər. Ona görə ki, istehlak kreditlərinin verilməsi Mərkəzi Bankın qərarları ilə yox, qanunla təsbit olunmuş məsələ olduğundan, burada mütləq mənada tam qadağadan söhbət gedə bilməz. Bu sadəcə göstərişdir və göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verməyəcək. Bundan başqa, avtomobillərin kreditlə satışına da müəyyən məhdudiyyətlər qoyulur. Bu qərar göstərir ki, ümumiyyətlə, istehlak kreditlərinin, xüsusən də avtokreditlərin vaxtında qaytarılması ilə bağlı problemlər getdikcə kəskinləşir. Bu baxımdan həmin göstəriş son illər çox sürətlə artan kredit borclarının qarşısını almağa, yollardakı tıxac probleminin yumşaldılmasına və yaxın illərdə bu sahələrdə gözlənilən ciddi fəsadlara imkan yaratmamağa yönəlib».
Deputatın fikrincə, belə bir qərarın işə düşməsi hamı üçün yox, banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı olanlar üçün problem yaradacaq: «Bundan əlavə, realda 700-800 manat alıb, həm də almaq istədiyi krediti vaxtlı-vaxtında ödəmək qabiliyyəti olsa da, arayışda 150 manat əməkhaqqı aldığı yazılanlar da kredit götürməkdə problemlə qarşılaşacaqlar. Çünki iş yerindən onlara real maaşını əks etdirən arayış verməyəcəklər».
«Başqa səbəblər də var»
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, avtomobil kreditlərinin verilməsinə qoyulan qadağanın yaxın zamanlarda götürülməsi real görünmür: «Mərkəzi Bank bununla bağlı banklara sadəcə şifahi göstəriş verdiyindən qərarın səbəbini də açıqlamağa lüzum görmür. Banklara birdən-birə 2 zərbə dəyib. Bir tərəfdən, istehlak kreditlərinin şərtlərinin sərtləşdirilməsi, digər tərəfdən, avtokreditlərin verilməsinə qadağanın qoyulması. Banklar ikincinin səbəbini tam izah edə bilmirlər. Mətbuatda isə qadağa ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi problemli kreditlərin çoxluğu və tıxac problemi yaradan avtomobil axınının qarşısını almaq göstərilir.
Əgər avtokreditlərə görə problemli kreditlərin həcmi artırsa, bu problemi kredit şərtlərini sərtləşdirməklə həll etmək olar. Bunun üçün kreditə qadağa tətbiq etmək yersizdir. Üstəgəl, avtomobil kreditləri təminatlı hesab olunur və krediti ödənilməyən avtomobili satmaqla qaytarılmayan hissəni bərpa etmək olar. Tıxacların qarşısını almaq üçün maşın alışını məhdudlaşdırmaq da çıxış yolu deyil. Tıxacların əsas səbəbləri başqadır: düzgün parklanmanın olmamasından tutmuş şəhərin güclü miqrasiya axınına məruz qalması kimi məsələlər. Hər bir halda göstərilən iki səbəbin Mərkəzi Bankı bu qadağaya vadar etməsi inandırıcı görünmür. Deməli, burda başqa səbəblər mövcuddur».
Ekspertin fikrincə, səbəbindən asılı olmayaraq bu qadağanın uzun müddət davam etməsi ölkənin bank sisteminə mənfi təsir göstərə bilər: «Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətinin müflisləşmə ehtimalı yüksəkdir».
İstehlak kreditləri məhdudlaşdırılır, çünki...
İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun «Makroiqtisadi tədqiqatlar» şöbəsinin baş mütəxəssisi Pərviz Heydərov hesab edir ki, MB-nin kommersiya banklarına istehlak və avtomobil kreditlərinin verilməsini məhdudlaşdırmağı tövsiyə etməsi ölkədə pul-kredit siyasətinin sərtləşdirildiyi deməkdir: «Bu isə enerji sektorunda qiymət islahatına rəğmən, inflyasiyanı nəzarətdə saxlamaq və əhalinin pul gəlirlərini sığortalamaq məqsədi daşıyır. Bəllidir ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri dekabrda noyabr ilə müqayisədə bahalaşıb. Bütün bu artımlarda ölkədə keçən ilin dekabrın 3-dən yanacaq məhsullarının bahalaşmasının da rolu var. Belə ki, benzinin və dizelin qiymətləri gözlənildiyindən çox artırıldı. Hələ yaxşı ki, istehlak bazarında ajiotaj yaranmadı».
Ekspert qarşıda kommunal xidmət tariflərinin - işığın, qazın, suyun qiymətlərinin artmasının gözləndiyini deyərək, MB-nin bu il də ölkədə inflyasiyanı birrəqəmli səviyyədə saxlamağı nəzərdə tutduğunu bildirdi: «Bu isə bir çox vəzifələrlə yanaşı, dövriyyədə pul kütləsinə nəzarət etməyi tələb kimi qarşıya qoyur. Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında da deyilir ki, pul kütləsinin artım tempi inflyasiyaya təsiredici amillərdəndir. Bunun üçün isə tələb olunan şərtlərdən biri istehlak kreditlərinə nəzarəti gücləndirməkdir».
Əslində avtomobil kreditlərinin verilməsinə məhdudiyyətə gəldikdə burada məqsədin əhalinin gəlirlərinin uçota alınması işinin təşkilinə yardım göstərmək olduğu bildirilir. Belə ki, kreditlə avtomobil alan ölkə vətəndaşlarının əksəriyyətinin rəsmi gəlirləri ilə öhdəliklərinə götürdükləri borc məbləğləri arasında uyğunsuzluq var. Avtokreditlər nə qədər təminatlı olsa da, məsələnin məhz bu tərəfi nəzərdən qaçırılmamalıdır. Göründüyü kimi, məqsəd vətəndaşların borc alan zaman bütün növ pul gəlirlərini üzə çıxarmaqdır.
25.01.2014 çap et