Ekspertlər bildirirlər ki, məsələ ilə bağlı ölkə başçısının fərmanı problemin həllinə səbəb ola bilər. Belə ki, prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatların Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi təmin ediləcək.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, burada müvafiq qurumların üzərinə düşən iş odur ki, insanlar üçün park meydançası təşkil etsinlər: «Reallıq ondan ibarətdir ki, hansısa vətəndaş evinin qarşısında nəqliyyat vasitəsi saxlayırdı və müvafiq qurumlar saxlanmanın qadağan olunduğunu əsas gətirib, avtomobili oradan aparırdılar. Bu, həm mübahisələr yaradırdı, həm də vətəndaş əlavə məsrəflər ödəməyə məcbur olurdu. Eyni zamanda bundan qorxub, həmin yerlərdə nəqliyyat vasitəsi saxlaya bilməyənlər məcbur qalıb, avtomobillərini digər küçələrdə park edirdilər. Nəticədə həmin ərazidə yaşayan sakinlərdə də narazılıq yaranırdı. Talon sisteminin tətbiq edilməsi bu kimi narazılıqların qarşısını alacaq. Hesab edirəm ki, bu, çox ciddi və vaxtında atılmış addımdır. Müvafiq icra qurumları gərək ki, düzəlişlərdən irəli gələrək park yerləri təşkil etsinlər. Burada bir problem də var. Bəs hansısa binaya qonaq gələcəksə və onun da avtomobili olacaqsa, həmin şəxs maşını harada park etməlidir? Çünki onun talonu yoxdur və avtomobili evakuasiya oluna bilər. Bu cür məqamlar ortaya çıxacaq. Hesab edirəm ki, hansısa mexanizm vasitəsilə bu problemi də aradan qaldırmaq mümkündür. Ən azından birinci mərhələdə talon sisteminin tətbiqi, ikincidə isə qonaqlarla bağlı məsələni həll etmək olar».
Ekspert İlqar Hüseynov isə bildirib ki, bu kimi məsələləri dəfələrlə qaldırıblar: «Vətəndaşlardan parklanmaya görə qanunsuz olaraq pullar yığılırdı. Sözsüz ki, vətəndaşa heç bir çek təqdim etməyən şəxslər bunu özbaşına etmirdilər. Sadəcə, bir vətəndaşın çörəkpulu qazanmasından da çox, burada korrupsiya faktoru dayanırdı. Korrupsiya məsələsinin aradan qaldırılması isə çox vacib haldır. Xeyli xarici ölkələrdə insanlar məhəllələrinə daxil olan zaman park etmək üçün xüsusi qurğularla təmin olunur və vətəndaş öz avtomobilini park edə bilir. Eyni zamanda bu kimi hallarda digər avtomobillərin məhəllədə park edilməsinin də qarşısı alınır. Nəticədə isə süni-maneələr, yersiz tıxaclar azalır. Təbii ki, insanların park üçün istifadə etdiyi torpaqlar dövlət fonduna aiddir. Bu torpaqlardan isə vətəndaşların pulsuz istifadə etmək səlahiyyətləri var. Bunu nəzərə alaraq söyləyə bilərik ki, bütün bu problemləri Bakı Şəhər İcra Hakimiyyətinin bir sərəncamı və insanların qanuna əməl etmələri ilə də yoluna qoymaq olardı. Əsas məsələ isə odur ki, bu qanun nə dərəcədə işlək mexanizmə çevriləcək və köhnə vərdişlərdən insanlar necə uzaqlaşacaqlar. Fərmanlar verilsə də təəssüf ki, dəfələrlə şahidi olmuşuq ki, bunlar, sadəcə olaraq, kağız üzərində qalıb. Məsələn, bu gün Bakı şəhərində qanuni parkomatların qoyulduğu yerlərdən avtomobilləri çəkib aparırlar. Deyirlər ki, avtomobili düz saxlamamısan. Vətəndaşa istiqamət verəcək hər hansı bir qaydalar tətbiq olunmur ki, parkomat olan yerdə avtomobilləri necə saxlamaq lazımdır. Yaxud da parkomatı elə yerdə qoyurlar ki, orada ya sarı zolaq var, yaxud qadağa və durma nişanı qoyulub. Belə təzadlı vəziyyətlər artıq sosial şəbəkələrdə ciddi şəkildə müzakirəyə çıxarılıb. Əslində belə məqamda sürücü haqlıdır. Çünki pulunu ödəyib, park edir. Eyni situasiya məhəllələrdə də yarana bilər. Yeni tikilən binalarda, ümumiyyətlə, məhəllələr yoxdur. Parkomatlar binaların zirzəmisindədir və vətəndaşdan buna görə aylıq 30-40, bəzən 100 manat pul alınır. Bu necə tənzimlənəcək? Əgər belə məsələlər olmayacaqsa, vətəndaşın xeyrinə pulsuz parkomatlar yaradılacaqsa, bunu alqışlamağa dəyər. Əksi baş verəcəksə, bununla bağlı ölçü götürülməli, tədbirlər görülməlidir». («YM»)