Virtualaz.org CHP-nin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən bildirir ki, bu məsələ hazırda araşdırılır, Dəniz Baykalın və digər deputatların hansı səbəbdən Azərbaycana qarşı səs verməsi onlara məlum deyil.
«İnanırıq ki, burada texniki səhvə yol verilib. Biz bu məlumatların doğru olub-olmadığı araşdırırıq. Ola bilsin ki, yanlışlıq olub. Dəniz Baykal hazırda Türkiyədə deyil. Qayıdan kimi biz bu məsələni onunla müzakirə edəcəyik. CHP sədri Kamal Kılıçdaroğlu və Dəniz Baykal daim Azərbaycanı dəstəkləyib. Onun və digər deputatların belə addım atması bizdə şübhə doğurur. Biz böyük liderimiz Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri - bizim kədərimizdir, onun sevinci - bizim sevincimizdir» vəsiyyətinə əməl edirik», - deyə CHP-dən keçmiş deputat Canan Arıtman vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları «Azərbaycanda demokratik təsisatların vəziyyəti» adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub. Həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilib.