Tək-tük hal olsaydı, susardım. Amma bu hal artıq kütləviləşir. Daha susmaq olmaz! İctimai qınaq işə düşməlidir. Qəzetlər, televiziyalar, radiolar, reklam agentlikləri, məktəblər və universitetlər öz Proqramlarında və mətnlərində ciddi dəyişikliklər etməlidirlər. Bizim qürurlandığımız və uzun on illiklərdən bəri Qərbin həsədlə və bəlkə də qısqanclıqla yanaşdığı əsas mənəvi-əxlaqi dəyərlərimiz gözümüzün qabağındaca əldən gedir. Biz isə televiziya ekranlarında paltaryuyan tozları, üzqırxan, alt tuman-köynəyi, corabı, diş məcunu... daha nələri reklam edən roliklərə pul xərcləyirik... Təklif edirəm: reklam rolikləri mövzunu, forma və məzmunu dəyişsinlər. Axı belə yaramaz!
...Evdən gəlmir, məktəbdən gəlmir, Universitetdən gəlmir, haradan gəlsin bəs? Qərbdən? Baxın da, heç olmasa o bəyənmədiyiniz ölkələrin sosial roliklərinə baxın! İnsan çiy süd əmib, pis şeyləri tez götürür!
Bütün Proqramlarda ictimai qınaq vasitələrindən istifadə edilməlidir, əsas mövzu da bu olmalıdır məncə...Millətin ən önəmli dəyərləri (böyüyə hörmət, ədəb-ərkan, davranış və danışıq etiketi....) əldən gedir. Xahiş edirəm mənə moizə oxuyub yaxşı nümunələr gətirməyin. Bilirəm, yaxşılar da var. Amma bu yaxşılar da get-gedə azalır. Təhlükə də elə bundadır! Təklif edərdim ki, “Mənəvi dəyərlərin qorunmasının əsasları” dərsliyi yazılsın və məktəb proqramlarına salınsın!