Kuba inqilabının liderlərindən biri olan Çe Gevara, Sovet İttifaqının dağılmasından təxminən 25 il öncə «Kapitalizm qayıdır» deyə yazmışdı.
Bu cümlə Çenin Qərbi Avropadakı sosialist hərəkatının gedişatını tənqid etdiyi və on illərlə nəşr edilməyən, hələ də çox tanınmayan mətninin bir parçasıdır.
Çe kapitalist fikir və dəyərlərin Sovet iqtisadi siyasətinə təsir etməyə başladığını və ictimaiyyət üçün getdikcə daha çox maraqlı olduğunu yazırdı.
Bu fikirləri Çe «Praqa Dəftərləri»ndə qələmə alıb. O, əsəri Konqoda döyüşüb qayıtdıqdan sonra, Boliviyada mübarizəyə qoşulmağa hazırlaşarkən Çexoslovakiyada yazıb.
Bu, Çenin həyatının silahı bir kənara atıb, fəlsəfə və siyasətə kökləndiyi, dövrünün Marksist müzakirələrinə qoşulduğu və xüsusilə də «sosializmin kommunizmə doğru dəyişməsi» hədəfinin qarşısını kəsən maneələr haqqında danışdığı bir zamanı olub.
50 il əvvəl Boliviyada öldürülən əfsanəvi şəxsiyyət, o zaman Marksizm və sosialist cəbhəyə hədəflənən tənqidlərində Sovet İttifaqı liderləri Lenin və Stalin ilə bağlı da fikir yürüdüb.
«Stalin dövrünün qeyri-konstruktiv doqmatizmi ortaya əsassız bir praqmatizm çıxardı. Və ən dəhşətlisi isə bunun müəyyən bir elm sahəsi ilə kifayətlənməməsidir. Bu sosialist xalqların həyat tərzinin bütün hissələrində mövcuddur və indidən böyük zərər gətirən, amma nə nəticələr verəcəyi bəlli olmayan təhriflər yaradır.
«Təcrübəmiz və nəzəri araşdırmalarımız müddətində, məsul şəxsin adını və soyadını kəşf edə bildik: Vladimir İliç Lenin».
(Ernesto Çe Gevara, İqtisadi siyasətlə bağlı tənqidi qeydlər, 1966, Praqa)
Saxta pasportlarla gəzirdi
Gevara Praqaya ayaq basan zaman dünyanın əsas kəşfiyyat orqanları tərəfindən ən çox axtarılan adamlardan biri idi.
Gizləndiyi müddət ərzində saxta Uruqvay və İspaniya pasportlarından istifadə edib, saqqalını kəsib və üzünü daha yaşlı göstərən bir protez taxıb.
Bu, partizan liderinin həyatı haqqında yazılan ən tutarlı bioqrafiyalarda belə, cəmi bir neçə səhifə tutan və ən az bilinən bir dövrüdür.
Ernesto Gevaranın 1966-cı ildə harada olduğunu neçə nəfərin bildiyi məlum olmasa da, çex yazıçısı və tərcüməçisi Blanka Starkova 2013-cü ildə mövzu ilə bağlı «O qədər gizli idi ki, Çex siyasi elitası belə, bundan 70-ci illərin əvvəllərində xəbər tutmuşdu», deyib.
Çenin Qərbi Avropa şəhərləri arasında niyə məhz Praqanı seçməsi də bilinmir, lakin mütəxəssislər məqsədi, onun gözdən uzaq bir yerdə qalmaq istəyi qiymətləndirirlər.
«Praqa fikri Kuba Kəşfiyyat Xidmətindən qaynaqlanır»
Gevaranın Praqada keçirdiyi müddət haqqında argentinalı diplomat Abel Possenin qələmə aldığı «Praqa Dəftərləri» («Los Cuadernos de Praga») adlı tarixi romanını çex dilinə tərcümə edən Starkova deyir: «Bu işi Kuba Kəşfiyyat xidməti təşkil edib».
Abel Posse Çe Gevaranın fikirlərinə paylaşmasa da, onun Praqadakı dövrünü ən yaxşı tədqiq edən yazıçıdır.
Starkovanın sözlərinə görə, «bu müddət, Konqoda yaşadığı məyusluq və məğlubiyyət ilə Boliviyada qarşılaşacağı tragik son arasındakı təxminən 6 ayı əhatə edir».
Diplomat Abel Posse həmin müddəti araşdırmaq üçün illər sonra Praqaya gedib və Çenin oradakı həyatını anlamağa çalışıb.
«Praqa 1966. Fəlsəfə qeydləri, Cafe Slavia. İlk yalnız səyahətim. Çay içdim və evə qayıdan bir döyüşçüyə yaraşan şəkildə tənbəkimi Amsterdam tütünü ilə çəkdim. Pəncərə kənarındakı masaya əyləşib Praqa Dəftərlərinin açılışını etdim».
Stalinin əmri əsasında tərtib olunan kitabı tənqid edib
Gevaranın bioqrafiyasını qələmə alanlar, onun yazılarında daima hərbi təcrübəsinə və özünü Kuba hökuməti tərkibində öhdəliyinə götürdüyü vəzifələrə əsaslandığını göstəriblər.
Fəqət Praqa dövrü bəlkə də ən çox Gevaranın düşünmək və fikirlərinə qələmə almaq baxımından əhəmiyyət daşıyır.
O, on illərcə sosializmin nəzəri kompası hesab olunan və 1954-cü ildə Sovet Elmlər Akademiyası tərəfindən Stalinin əmri əsasında tərtib olunan Siyasi İqtisadiyyat dərsliyini də məhz bu dövrdə tənqid edib.
Argentinalı fəlsəfə professoru Lucas Villasenin deyir ki, Çexoslovakiyada olduğu aylarda Gevara, «Afrikadakı partizan hərəkatı təcrübəsinin məruz qaldığı məğlubiyyətlərdən sonra, bir dəyərləndirmə və öyrənmə dövründən keçib».
«Fəlsəfə onun düşüncəsinə demək olar ki, hakim kəsilmişdi. Lakin bunu ümumi olaraq maariflənmək və ya biliyini artırmaq üçün etmirdi. O, anlamışdı ki, fəlsəfə dəyişdirmək istədiyi dünya üçün bir açar rolunu oynayır», Çe mütəxəssisi professor Villasenin deyir.
Villasenin, Gevaranın ikinci arvadı Alida Marçın (Aleida March) Çenin alman filosofu Hegeli böyük maraqla oxuması ilə bağlı xatirəsini də yada salır.
«Bazar subsidiyaları, fərdi subsidiyalar və kapitalizmə xas xüsusiyyətləri, yəni sosializmin kapitalizm silahları ilə inşasını sorğulayırdı», professor Villasenin Çenin Sovet doktrinasına tənqidi münasibəti mövzusunda söyləyir.
Argentinalı professor, Çenin Sovet İttifaqının sadəcə iqtisadi siyasətini deyil, «mübahisələrin avtoritar və anti-demokratik yollarla aparılmasını» sorğuladığını da deyir.
«Digər tərəfdən də Kuba iqtisadiyyatının Sovet İttifaqı ilə iqtisadi münasibətlərini və asılılıq münasibəti yaratmamaq şərti ilə qismən dəstəkləmək lazım idi. Necə ki bu (asılılıq münasibəti), Çenin ölümündən sonra dəyişdi və Kuba iqtisadiyyatı şəkər qamışını dərhal tamamilə SSRİ üçün istehsal etməyə başladı».
«Ziddiyyətlər kapitalizm lehinə həll olunur»
Praqaya getməmişdən bir il əvvəl Çe, dövrünün Kuba Mədəniyyət naziri Armando Harta yazdığı məktubda SSRİ-dən göndərilən Marksist yazısını «Sovet kərpicləri» deyə təqdim edirdi.
Gevaranın 1963-1965-ci illə arasındakı işlərində də «Sovet İttifaqının başqa ölkələrə sosializm ixracı və «Kubanın asılılığı» barəsində tənqidlərini də görmək olar.
Lakin Çenin Sovet İttifaqı, xüsusilə də mənimsədiyi iqtisadi siyasətlər mövzusundakı tənqidləri ən dəqiq şəkildə Praqa Dəftərlərində ifadə edib.
Bu qeydlərdə Çe, Sovet İttifaqının ilk illərində Lenin tərəfindən bir növ zəruri keçid dövrü iqtisadiyyatı olaraq tətbiq olunan «Yeni İqtisadi Siyasət»i (YİS) sərt şəkildə tənqid edir, bu siyasətin istehsal münasibətlərində dəyişikliklər yaratdığını, ziddiyyətlərin kapitalizm lehinə həll olunduğunu və kapitalizmin yavaş-yavaş geri getdiyini yazır.
Çenin Sovet İttifaqına tuşlanan tənqidləri və Kubaya xəbərdarlıqları getdikcə sərtləşir, amma ABŞ embarqosunun başladığı illərdə bu kiçik ada dövlətinin iqtisadiyyatını getdikcə daha çox Qərbi Avropa və Sovet İttifaqından asılı hala gəlir.
Gevara isə Praqa Dəftərləri deyə bilinən qeydlərini qələmə aldıqdan bir il keçməmiş Boliviyada qətlə yetirilib.
Ernesto Çe Gevaranın dünya miqyasında tanınan bir şəxs olduğu bir həqiqətdir, fəqət yazdıqları Antonio Gramsci (Antonio Gramsci), Luis Altusser (Louis Althusser), hətta Mao Zedonqun (Mao Zedong) əsərləri kimi Marksist nəzəriyyəsinin mühüm nəzəri mətnləri olaraq görülmür.
Lakin daha sonrakı illərdə Fidel Kastronun (Fidel Castro) da qəbul etdiyi kimi Çe, ən azından bir söhbətdə haqlı çıxıb.
O, «tarixin çarxlarının» geriyə dönə biləcəyini və Sovet modeli sosializmin heç də yenilməz olmadığını və SSRİ-nin dağılmasını haradasa 25 il əvvəl qabaq təxmin edə bilmişdi.