İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, Azərbaycanın qızıl ehtiyatları o qədər də böyük həcmdə deyil: «Dünya sıralamasında geridəyik. Amma buna baxmayaraq, son illər ölkədə qızıl istehsalı ilə bağlı irəliləyişlər var. Bu istiqamətdə yaradılmış «AzerGold» hasilatın artırılması ilə bağlı məlumatlar yayır. Eyni zamanda, gəlirlərin artdığı bildirilir. Bu nöqteyi-nəzərdən dünya bazarında qızılın qiymətinin artması dövlət müəssisəsi olan «AzerGold»un gəlirlərinin artmasına səbəb olur ki, bu da büdcəyə vergilər şəklində ödəyəcəkləri vəsaitlərin həcminin artmasına gətirib çıxarır».
Ekspert bildirib ki, bu baxımdan dünya bazarlarında qızılın qiymətinin bahalaşması ölkəmizə müsbət təsir göstərə bilər.
«Amma dediyim kimi, ümumi hasilatın həcmi o qədər də çox deyil ki, bahalaşma zamanı ondan böyük həcmdə valyuta əldə edilsin. Hər halda istehsalın artım tempini nəzərə alsaq, dünyada qızılın bahalaşmasının Azərbaycana müsbət təsirləri olacaq».