Əslində bu projeni həyata keçirən qüvvələrə də elə bu lazım idi: digər ölkələrin təmsilçiləri ilə yanaşı, «türklər» də Ermənistana, daha sonra Dağlıq Qarabağa gəlir, orda görüşlər keçirir, hətta Azərbaycana ünvanlı hədyanlar səsləndirirlər, geri dönəndən sonra isə ermənilərin «qonaqpərvərliyindən», Qarabağ ermənilərinin digər «gözəl» xüsusiyyətlərindən dəm vururlar. Əslində düşmən qüvvələrin bu layihəni gerçəkləşdirməkdə başqa niyyəti də olmamış deyil. Bu kimi addımlarla Türkiyə və Azərbaycanın arasını vurmağa çalışan güc mərkəzləri var, necə ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanmış Sürix protokolları imzalanmışdı, «bayraq» böhranı yaradılmışdı və s. Bu səfərdən dərhal sonra Musavat.com-un sorğusunu cavablandıran Türkiyənin Azərbaycandakı səfirliyi həmin yazarların öz hərəkətləri ilə təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da çalışmalarda bulunduğunu demişdi.
Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Bu səfər həm Azərbaycan, həm də Türkiyə xarici siyasət idarələri tərəfindən pislənilib.
Lakin cərəyan edən proseslər onu deyir ki, məsələnin üstündən keçmək olmaz. Çünki 4 xain Türkiyədə də rahat şəkildə erməni təbliğatı aparmaqdadır. Üstəlik, Türkiyə parlamentinin erməni mənşəli üzvü Karo Paylanın Ermənistana vaxtaşırı səfərlər edərək, Serj Sərkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar aparması Azərbaycanı narahat etməyə bilməz. Özü də «Qarabağ məsələsini biz həll etdik, gələcək nəsillər də Araratın (Ağrı) taleyini həll edəcəklər», deyən Sərkisyanla...
Bu günlərdə isə Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal və digər deputatların Azərbaycana qarşı səs verməsi ilə bağlı məlumatlar üzüntü ilə qarşılandı. Məlumata görə, bu xəbər hətta CHP-də də çaşqınlıq yaradıb.
Partiyadan iddia olunub ki, burada texniki səhvə yol verildiyini güman edirlər. Ancaq Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın əleyhinə səs verən 117 deputatın arasında yer alması istənilən halda yalnız anti-Azərbaycan qüvvələri məmnun edir. Söhbət Azərbaycanda hansısa sahədə problemin olub-olmamasından getmir. Türkiyə-Azərbaycan münasibətləri bütün bu problemlərin fövqündə dayanır. Məsələn, Türkiyəyə qarşı hansısa Avropa təsisatında səslənən neqativ fikrə Azərbaycanın dəstək verdiyini kimsə xatırlaya bilməz. Hətta 2014-cü ilin aprelində Avropa Birliyinin «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində Çexiya paytaxtında keçirilən toplantıda Prezident İlham Əliyev Türkiyə təmsilçilərinin olmamasından istifadə edib qardaş ölkəni «soyqırım»da ittiham edən Ermənistan prezidentinə xitabən «bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, bundan yararlanırsınız. Amma mən buradayam, sizə cavab verirəm!» demişdi və bu cavab Bakı-Ankara qardaşlığının növbəti nümunəsi kimi məmnunluqla uzun müddət müzakirə mövzusu olmuşdu. Həmçinin elə bir müddət öncə Türkiyə prezidenti R.T.Ərdoğan BMT Baş Assambleyasında dünya birliyini Qarabağ problemini həll etməyə çağırmaqla bizi məmnun etmişdi. Bu mənada Qərbdəki erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı savaş açdığı bir dövrdə TBMM təmsilçilərinin də anti-Azərbaycan cəbhəsində yer alması anlaşılan deyil. Elə ekspertlər də bu fikirdədir.
Hazırda Türkiyə universitetlərindən birində çalışan ermənişünas alim Qafar Çaxmaqlı bu fikirdədir ki, hər zaman Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən qüvvələr var və onların bir çoxu bəlli yerlərdən tapşırıq alırlar: «Qarabağa səfər edən həmin türklər uzun illərdir ki, Türkiyənin özünün də milli maraqlarının əleyhinə faəliyyət göstərirlər və Türkiyə onlarla bacara bilmir. Onlar bəlli yerlərdən müdafiə olunur. Onların içərisində olan Ali Bayramoğlu «Hepimiz erməniyiz» kampaniyasının başını çəkənlərdən biridir. İndi də erməni siyasəti yürüdür. Bir neçə dəfə məhkəmələrə çəkilsə də, heç bir cəza almayıb. Ufuk Uras da onun kimi. Məncə, Azərbaycan bunların üzərinə qərarlı şəkildə getməli idi. Bu Türkiyənin də ürəyincə olardı». Azərbaycanın əleyhinə səs verənlərə gəldikdə isə, Q.Çaxmaqlə hesab edir ki, onlar Avropada bir, Türkiyədə fərqli görünən buqəlamunlardır: «Təbii ki, onları Azərbaycan maraqlandırmır. Bəzi hallarda heç Türkiyənin də maraqlarından çıxış etmirlər. Türkiyə cəmiyyəti də onlara sərt şəkildə qınayır. Bütün bunlara baxmayaraq, biz yenə mövqeyimizi dəyişməməlik. Bunun Türkiyənin rəsmi dövlət mövqeyi olmadığını anlayıb qardaş münasibətlərinə kölgə salmamalıyıq. Siyasətdə belə şeylər olur və olacaq».
Professor Qabil Hüseynli Musavat.com-a bildirdi ki, Türkiyənin 4 yazarının, özü də onlardan biri kürd əsilli keçmiş millət vəkilidir, çox nümayişkəranə şəkildə, Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi qəbulolunmazdır. Ən qəribəsi odur ki, indiyə qədər Türkiyədə qondarma «erməni soyqırımı»nı təbliğ edən bu adamların Türkiyə-Ermənistan sərhədini keçməsinə heç bir maneə yaradılmayıb. Hansı ki, o adamlar qondarma «soyqırım»ın Türkiyə tərəfindən tanınmasının vacibliyi ilə bağlı kitab yazıblar. Bu adamlar İrəvanda Türkiyənin «tarixi ədaləti bərpa etmək naminə» qondarma «erməni soyqırımı»nı tanımasının zəruriliyini vurğuladılar. Daha sonra Xankəndidə də ermənilər onları şəraba qonaq etdikdən sonra dilləri daha çox açıldı və başladılar azərbaycanlıları «atəşkəs rejimini pozmasından» danışmağa. Mən bu adamların nadanlığına, yaxud Qarabağla bağlı tarixi həqiqətlərdən xəbərsiz olmasına həm təəccüb edirəm, həm də hesab edirəm ki, onlar problemi kifayət qədər bilə-bilə ermənilərin qucağında oturmaq üçün bu cür sözlər danışırlar. Ancaq onlar heç vaxt unutmalı deyildilər ki, Azərbaycan torpağına, özü də icazəsiz gəliblər. Bu mənada özlərində cəsarət tapıb «erməni əsgərlərin Azərbaycanda nə işi var» sualını verməliydilər. Özü də onlar türk millətinin nümayəndələridir, yalnız biri kürddür. Amma istənilən halda, bunlar Türkiyə vətəndaşlarıdır. Azərbaycan torpaqlarına qeyri-qanuni olaraq Türkiyə vətəndaşlarının gəlməsi və dövlət qurumlarının bununla bağlı tədbir görməməsi çox təəccüblüdür».
Q.Hüseynli bildirdi ki, onu təəccübləndirən Türkiyənin ərazilərinə iddia edən Ermənistan haqqında təriflər yağdıran bu türk xainlərinə qardaş ölkənin müvafiq qurumlarının dözümlü münasibət sərgiləməsidir: «Dağlıq Qarabağ məsələsini bir yana qoyaq, bu şəxslər Türkiyədən «erməni soyqırımı»nın etiraf edilməsinə israr edirlər. Digər tərəfdən Ermənistanda Anadolu yarımdadasının şərq və şimal-şərq hissəsinə çox ciddi iddilar irəli sürülür, Ermənistanın dövlət gerbində də Ağrı dağının görüntüsü (ermənilər Ararat deyir-red.) gerbin əsas hissəsini təşkil edir. Üstəlik, ən dəhşətlisi ondan ibarərtdir ki, Türkiyə dövləti illərdir ki, Azərbaycana görə, Ermənistana qarşı blokada siyasəti həyata keçirir. Böyük Atatürkdən tutmuş, Süleyman Dəmirələ, Rəcəb Tayyib Ərdoğana qədər ən yüksək səviyyədə bəyan olunub ki, Azərbaycana vurulan zərər Türkiyəyə vurulan zərbədir. Dəmirəl deyirdi ki, Azərbaycana iynə batırarlarsa, Türkiyəyə çuvaldız batar. Blogger Lapşini Qarabağa qanunsuz səfərinə görə Belorusda həbs etdilər. Belorus hökuməti onu bizə təhvil verdi. İndi Azərbaycanın hüquq-mühafizə orqanları Türkiyə vətəndaşlarının həm Qarabağa qanunsuz səfərinə, həm də Azərbaycana böhtanlarına görə cinayət işi qaldırıb, İnterpol xətti ilə onlar barəsində axtarış elan edib. Həm də dost və qardaş Türkiyəyə müraciət edərək, bu adamların tutulub təhvil verilməsi barədə məktub göndərilib. Amma Türkiyədə bu adamlar haqda nəinki tədbir görülmür, profilaktik söhbət aparılmır, hətta onlara öz səfərlərinə bəraət qazandırmaq üçün meydan yaradılır. Yalnız Türkiyə XİN-in deklorativ bəyanatı olub. Deyək ki, bunlar haqqında Dağlıq Qarabağa icazəsiz səfər etməklə bağlı tədbir görmək istəmirlər, bəs, bu adamlar gedib İrəvanda minlərlə erməni qarşısında qondarma «soyqırım»ı təbliğ edib, Türkiyə dövlətini yerdən-yerə vurub, ona niyə reaksiya verilmir? Heç olmasa onları istintaq edib bu sözləri nəyə görə dediklərini soruşmaq olmazmı? Deməli, «bir millət, iki dövlət» şüarımız, bir-birimizin ünvanına səsləndirilmiş sözlər deklarativ şüarlardan başqa bir şey deyilmiş? Ədoğanın özünə də ciddi tənqidlər yağdıran bu şəxslərin ipini çəkmək üçün niyə addımlar atmılmır? Deyə bilərlər ki, söz azadlığıdır. Amma bunlar dövlət sərhədini pozublar axı. Bu fakt cinayət tərkibi yaradır. Odur ki, qeyri-qanuni olaraq Azərbaycan sərhədlərini keçdikləri üçün cavab verməlidirlər».
Politoloqun sözlərinə görə, bunlar bəs deyilmiş kimi, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı iki qətnamənin qəbul edilməsində CHP-nin 3 millət vəkili iştirak edib: «Özü də onlardan biri CHP-nin Azərbaycana sevgisinə heç zaman şübhə etmədiyimiz keçmiş sədri Dəniz Baykaldır. Hətta deyirlər Baykalın nəslinin bir hissəsi Azərbaycan kökənlidir. Yaxşı, bunlar nəyə görə səs veriblər? Onlar ən azı səsvermədə iştirak etməyə bilərdilər, mövcud halda ən yaxşı forma bu olardı. Yaxud Avropa sosial demokratların tənqidinə tuş gəlmək istəmirdilərsə, ümumiyyətlə iclasa qatılmazdılar. Amma Azərbaycana qarşı qətnaməyə səs vermək artıq çox böyük səhvə yol vermək deməkdir. Bunların içərisində Baykalın səhvini bağışlamaqsa, çox çətindir. Çünki o, çox təcrübəlidir. Bu adamın belə mövqe ortaya qoymasının izahı yoxdur. Ümumiyyətlə, Türkiyənin özünün xarici siyasət xəttində baş verən müəyyən başgicəlləndirici hadisələr qardaş ölkənin daxili və xarici siyasəti ilə bağlı ciddi narahatlıqlar yaradır».
Deputat Fazil Mustafa isə hesab edir ki, AŞ PA-dakı səsvermədə Türkiyənin CHP-dən olan millət vəkilləri daha çox qrup maraqlarından çıxış ediblər: «Çox güman ki, AKP-nin əleyhinə olan layihəyə fəqlənmək üçün lehinə səs veriblər. Qarabağa gedən Türkiyə vətəndaşlarının durumu isə fərqlidir. Onlar erməni tezislərinin Türkiyədəki müdafiəçiləri kimi bu addımı atıblar. Bizim üçün əsas olan Türkiyənin hakim partiyasının və hökumətinin mövqeyidir. Bu mövqedə isə hansısa dəyişiklik yoxdur».
Qardaş ölkə rəsmilərinin vaxtaşırı Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu deməsi təbii ki, düşməni narahat edir. Hətta vaxtaşırı birgə hərbi təlimlərin keçirilməsi də Ermənistanı rahatsız edir. Amma Azərbaycan ictimaiyyətinin istəyi budur ki, qardaş Türkiyənin hökuməti prinsiplərinə sadiq qalaraq, Ermənistana və Dağlıq Qarabağa səfər edən vətəndaşlarla bağlı da nəhayət, sərt mövqe nümayiş etdirməlidir, bu, digərlərinə də dərs olar. Ortada Lapşini əlibağlı Bakıya təhvil verən Lukaşenko nümunəsi var. Azərbaycan Türkiyənin ayağına daş dəyməsinə belə, heç zaman razı olmayıb. Bunu 2016-cı ilin 15 iyulundakı dövlət çevrilişi cəhdinə sərt reaksiyası, bu cəhddə bulunan FETÖ-çulara qarşı həyata keçirdiyi tədbirlərlə bir daha sübut etdi, hətta ölkədəki təhsil müəssisələrini belə qapatmaqdan çəkinmədi....
İndi növbə qardaş ölkənindir. Türkiyə dövləti Qarabağa səfər edən 4 «türk», yaxud Azərbaycanın əleyhinə səs verən 3 CHP-li deputatla bağlı, həmçinin xəyanətkar addımlarını sərbəst həyata keçirən digər şəxslərlə əlaqədar Azərbaycanı məmnun edən addımlar atarsa, bundan üzülən yalnız düşmən olacaq. Qardaşlığımızı, dostluğumuzu pozmağa çalışanları durdurmasaq, sabah yenə də «Hepimiz ermeniyiz» deyə, meydanlara çıxacaqlar, Türkiyəyə qarşı ərazi iddiası qaldıran Ermənistanla sərhədləri açmağa çağıracaqlar. Odur ki, bu xainlərə qarşı ən sərt tədbirlər görülməlidir. Təki Türkiyə-Azərbaycan qardaşlığına xələl gəlməsin, gerisi təfərrüatdır...