İraq ordusunun Kərkükdə əməliyyatlara başlaması neftin qiymətini bahalaşdırıb. APA TV-nin xəbərinə görə, birja iştirakçıları əməliyyatla əlaqədar İraqdan neft daşımalarında fasilələrin yaranacağından ehtiyat edirlər.Hazırda Kərkük bölgəsindən dünya bazarına gündə 600 min
barel neft ixrac edilir. Əməliyyatların davam edəcəyi təqdirdə, bu rəqəm 450
min barelə enə bilər. Bu səbəbdən sərmayədarlar riskləri nəzərə alaraq neft
ehtiyatlarını artırmağa üstünlük verirlər.
Bundan başqa geosiyasi faktorlar və Çinin neft idxalını artırması qiymətlərin bahalaşmasını dəstəkləyir. Birja həftəsinin ilk günündə «Brent» markalı neftin qiyməti 57,81 dollara çatıb, Qərbi Texas nefti isə 51,86 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi ABŞ-ın qiymətləri müəyyənləşdirməkdə rolunun azaldığını təsdiqləyir. Luizianada neft platformasında partlayış qasırğalar və texnogen qəzalar səbəbilə ABŞ-ın neft sektorunun öz ənənəvi gücünü hələ bir müddət bərpa edə bilməyəcəyini göstərir.
Bu gün dünyanın tanınmış neft analitikləri arasında keçirilən sorğunun nəticələri açıqlanacaq. Bu sorğu həftə ərzində birjalarda neftin qiyməti barədə ümumi təsəvvür formalaşdırmağa imkan verir.
çap et