Vaxt.Az

... Səddam: «meydan oxuyan»


 

Adı özüylə mütənasib olan diktator

... Səddam: «meydan oxuyan» Bir çox yaşıdı kimi onun da qəhrəmanı ərəb milliyətçiliyinin atası, Misirin əfsanəvi lideri Camal Əbdül Nasir idi. Onun ortaya çıxmasıyla 50 və 60-cı illərdə yaxın şərqin monarxiyaları çat verəcək, xüsusilə ingilis və fransız müstəmləkəçilərinə qarşı Süveyş böhranında mübarizəsinə görə yaxın şərq siyasətinin əsas daşı olacaqdı. Həmin il Səddam Sosialist Baas Partiyasının İraq qoluna yazılacaqdı. Partiya 1950-ci illərdə gizli yaradılmışdı və ölkənin yaxın gələcəyinə öz möhürünü vurmağa hazırlaşırdı. Hər nə qədər adında sosialist kəlməsi olsa da Səddamın əsl diqqətini çəkən partiyanın ərəb dünyasında qərb müstəmləkəçiliyini bitirməyi hədəfləyən millətçi üzü idi. İngilislərin tabeçiliyində olan monarxiyanı devirmək istəyənlərin sırasına qatılmaqda gecikmədi. Nəhayət istədikləri oldu. 1958-ci ildə general Əbdül Kərim Qasımın liderliyi ilə generallar kral Faysalı devirdi. Monarxiya devrilmiş və Qasım da baş nazirliyə gətirilmişdi. Lakin Baasçıların yeni hökumətlə problemləri var idi. Çünki Qasım o vaxtlar dəbdə olan ərəb millətçiliyindən uzaq durur, daha çox Sovet imperiyasına könül verirdi. Bu vəziyyətdən narahat olan qərb qiyamçı generalı devirmək üçün Baasçılara həm daxildən, həm xaricdən kömək etməyə gecikmədi.


Baasçılıq nədir?

 

Baasçılıq ərəb millətinin tək bir millət olduğunu, imperializm tərəfindən süni şəkildə bölündüyünü və tək bir ərəb dövləti yaratmağı hədəfləyən ideologiyadır. Keçmişdə Baas partiyalarının hakimiyyətdə olduğu Misir, Suriya və İraq arasında belə bir Birləşmiş Ərəb Respublikası yaradılmağa çalışılsa da bu danışıqlar uzunmüddətli olmadı. Millətçi və müasir olmasına baxmayaraq Səddam İslam dinini də zaman-zaman qoluna taxmağa çalışmışdır. Baasçılar ərəb millətçiliyi ilə İslamın eyni şey olduğunu iddia edirdilər.

 

Qiyamçıların köməkçisi oldu

 

Səddamın partiya daxilindəki fəaliyyəti rejimin gözündən qaçmadı. Bir müddət həbsxananın da dadına baxmalı oldu. Amma ağıllanmamışdı. Həbsdən çıxan kimi Qasımı devirən planın baş rollarından birini oynadı. Hadisələr zamanı qıçından aldığı güllə yarası ona etirazların hədiyyəsi olacaqdı. Canını qurtarsa da Misirə qaçmaq məcburiyyətində qaldı. Haqqında verilən qiyabi ölüm cəzası onun ardınca gəlirdi. 1963-cü ildə Ramazan qiyamı ilə Baasçılar Amerika məxfi xidmətinin köməyi ilə Qasımı devirdikdən sonra Səddama da İraqın qapısı təkrar açıldı. Bu qarışıqlıqda Əbdül Səlam Arif baş nazir oldu. Gənc Səddam oyundan ayrılmamağı bacarmışdı. Lakin ərəb və İraq millətçiliyi arasında qalan partiya regionçuluq məsələlərinin də ortaya çıxmasında sonra parçalanma nöqtəsinə gəldi. Partiya içi mücadilələrin birinin nəticəsində Səddam yenə həbsə düşmüş, lakin bir müddət sonra yenə canını qurtarmışdı.

 

Bir qiyam daha və Səddam vitrinə çıxır

 

Həmin vaxtlarda İraqa heç bir qiyamı bəyəndirmək olmurdu. 1968-ci ildə bu dəfə qiyamla hakimiyyətə Əhməd Həsən Əl Bəkir gəldi. İşin çətinliyini görən və ustalarının yanında yetişən Səddam da köməkçisi olmuş, hüquq təhsilini yarımçıq qoymuşvə Daxili Təhlükəsizlik Təşkilatının rəhbərliyinə gətirilmişdi. Partiya daxilindəki çəkişmələrdə özünü qorumağı bacaran Səddamın aldığı ən böyük dərs heç bir zaman partiya daxilində əks mövqeli səslərə yer verməmək idi. Bunu ağlından çıxartmayacaqdı. Hər nə qədər səhnədə Əl Bəkir olsa da Səddam arxa planda gücünü get-gedə artıracaq və rejimin vətəndə və xaricdə görünən əsas üzü olacaqdı.

O gündən sonra iraqlılar Səddamın adını daha tez-tez eşidəcəkdi.

 

Kimin əli kimin cibindədir, bilinmir

 

Qiyam komandanlığı qurumuna rəhbər seçilməsiylə birlikdə Səddamın karyerası da yüksəlməyə başladı. İraq (eynilə bu günlərdə olduğu kimi) həmin günlərdə kimin əlinin kimin cibində olduğunun bilinmədiyi bir diyar idi. Sünni ərəblər, şiə ərəblər, türkmənlər, xristian assurlar və kürdlərdən ibarət bir ölkə olan İraq bu qruplar arasındakı ixtilaflara görə partlamağa hazır olan bomba kimiydi. Etnik gərginliklərdən, məzhəb ixtilaflarına kimi hər kəs hər kəsdən narazı idi. Bunda da təbii ki, I dünya müharibəsindən sonra hakim güclər tərəfindən hər hansı bir kriteriya gözlənilmədən İraqın gələcək planlara uyğun yaradılmasının payı böyük idi. Baas hökumətinə və Səddama dəstək özünün də mənsub olduğu və daha çox ölkənin mərkəzi bölgələrində yerləşən sünni ərəblərdən gəldi. Onlar millətçi idi və İraqın müasir bir dövlətə çevrilməsini istəyirdilər. Yalnız bir qüsurları var idi: ölkənin sadəcə 15 faizini təşkil edirdilər. Səddam kürəyini azlığa söykəmişdi.

 

Səddamın göz qamaşdıran həmlələri

 

Ölkədə siniflər arasındakı gərginliyin iqtisadi səbəblərdən olduğuna inanan Səddam islahatlara başladı.

1973-cü ildə enerji böhranına görə raket sürətiylə artan neft pulları iraq xəzinəsi doldurmuşdu, Səddam isə bunları ağıllı şəkildə investisiyalara yönləndirmişdi. İqtisadiyyatla birlikdə Baas partiyası da güclənirdi. Yaxın şərqdə ilk pulsuz təhsil sistemini həyata keçirdi. Universitetə kimi olan təhsil pulsuz olmuş, İraq xalqı qısa zamanda Yaxın şərqin ən savadlı toplumu halına gəlmişdi. 1972-ci ildə Səddam milliləşdirmə həmləsiylə yeni iqtisadi islahatlara başladı. Həmin günlərdə qaranlıq üzünü göstərməsinə heç də gərək qalmayan İraq lideri Yaxın Şərqin ən inkişaf etmiş səhiyyə bazasını yaratdığına görə UNESCO tərəfindən mükafatladırılacaqdı. 1970-ci illərdəki bu sürətli inkişaf Səddamın nüfuzunu artırdığı kimi İraqı da diqqət mərkəzinə çevirdi. Ərəb ölkələrindən, Türkiyədən və hətta Yuqoslaviyadan iki milyon əmək miqrantı İraqa gəlmişdi. Yaşananlar gözəl günlər idi...

 

«Canını sevən səsini çıxarmasın qaydası» yaradılır

 

İnkişaf edən sadəcə ölkə iqtisadiyyatı deyildi. Ehtiraslı lider Baas daxilində də ətrafındakı dəmir divarı möhkəmləndirirdi. Lakin mozaika bünövrəli ölkəni əldə saxlamaq üçün təkcə islahatlar yetərli deyildi. Ona görə təzyiqdən istifadə etmək də lazım idi.

Yaxın adamlarından Taha Yasin Ramazan 1974-cü ildən etibarən Respublika Mühafizəçilərinə başçılıq etməyə başladı. Bunlar orduya nisbətən alternativ və yaxşı təhsil görmüş birliklər idi. Adından göründüyü kimi respublikanın və Səddamın qoruyucuları idilər. Gələcək illərdə müxaliflərin qorxulu röyası olacaq, hər başını qaldıranın üstünə tank, vertolyot və kimyəvi qazla gedəcəkdilər. Amma bu bəs etməzdi. Səddam bir başa üsyan edənləri deyil, yumşaq formada müxalifətçilik edənləri də cəzalandırmalıydı. Buna cavabdeh isə İraqın yaxın keçmişinə damğa vuracaq məxfi xidməti Muhaberat idi. Sui-qəsd və işgəncədən danışanda Yaxın şərqin ən təcrübəli qurumu olduğunu söyləməyə belə ehtiyac yoxdur.

Səddam modernlik ideyasına sadiq ərəb liderlərindən idi. Bəlkə də ən öndə gələniydi. Bu yöndə siyasəti İraqdakı şiə çoxluğunun etirazına səbəb olurdu. Baas partiyası da şiələrin dikbaşlığından narahat idi. (Bu narahatlıq 1979-cu ildə İran İslam İnqilabının ardınca bölgədə şiələrin təsirinin artmasıyla özünü daha qabarıq göstərəcəkdi.) Şiələrdən başqa İraqın ikinci böyük etnik qrupu olan kürdlər də Səddamın « müasir ərəbçi»liyindən narahat idi. Əslinə qalanda isə o da onun siyasətinə olan bu narahatlıqdan narahat idi. Şikayətləri ortadan qaldıra bilməsə də şikayətçiləri ortadan qaldıra bilirdi.

 

Dəmir yumruğu kürdlərin başına enir

 

Kürdlər 1974-cü ildə İranın dəstəyi ilə etirazlara başlayanda Səddamın dəmir yumruğu başlarına enməkdə gecikmədi. Bir çox kürd şəhəri bombalanmış, 8 min kürd yoxa çıxmışdı. Kürdlərin bir qismi çarəni İrana qaçmaqda gördü. Səddamın şəri ilə qarşılaşanlar təkcə kürdlər deyildi. 80 min şiə də Baas terrorundan qaçaraq İrana sığındı. Geridə qoyduqları mülkləri isə hökumət müsadirə etdi. Bir çox şiə din adamı, siyasətçi Dava partiyasına mənsub olduqları iddiasıyla edam edildi. 7 min ətrafında kommunist də Baas terrorundan payını almaqdan qurtula bilmədi.

 

Bundan sonra İraqda qanunun adı Səddam

 

Səddamın gizli liderliyi 1979-cu ildə rəsmiyyətə çevrildi. Həmin il Əl Bəkir Baasçılıqla idarə olunan Suriya ilə görüşürdü. Bu görüşlərə əsasən iki ölkə birləşəcək, Suriya lideri Hafiz Əsəd də birləşmiş dövlətin baş nazir köməkçisi olacaqdı. Belə bir vəziyyətdə isə Səddam artıq olurdu. Bunu qəbul etməyə Səddamın niyyəti yox idi. Əl Bəkir istefa verməyə məcbur edildi. Bu vəziyyətdə meydan tək ona qaldı. Birləşmə ideyası dayandırıldı. İqtidarı tam ələ alan Səddam dərhal «təmiz»liyə başladı. Problem yarada biləcək yüzlərlə Baas üzvünün qarşısı alındı.

Respublikanın rəhbəri, ali baş komandan, nə qədər önəmli vəzifələr varsa özünü təyin etdi. Əl Bəkiri «İraqı Suriyaya təslim etməyə hazırlaşmaq» iddiasıyla edam etdirdi. «Daxildə çoxlu düşmənlərimiz var və İraqın birlik, bərabərliyə ehtiyacı var». O vəziyyətdə lider ölkənin mənfəəti üçün hər şey edə bilərdi. Səddam da bunu etdi. İqtidarını möhkəmlətmək üçün Bəkir tərəfdarlarını da təmizlədi...

 

Liderimiz var, əfsanəsi hardadır?

 

Millətçiliyin kütlələr üzərində sərxoş edici təsirini kəşf etmək Səddam üçün uşaq oyuncağı kimi bir şey idi. Bu işin də haqqını verdi. Ərəb dünyasında lider olmaq istəyirdi və bunun üçün tarixi referanslardan bol istifadə etdi. Bağdadın hər baxımdan paytaxtı olduğu Abbasilər dövrünə kimi səyahət etdi. Bu da bəs etmədi, İslamdan öncə Mesopatomiya Hammurapisinə və Nebudkadnezara kimi tarixi rəylərini uzatdı. Məqsədi pan-ərəbizm və İraq millətçiliyini bir ideyada əridərək bütün yaxın şərq ərəblərinə qəbul etdirmək idi. Belə bir ideya üçün çalışan birinin əfsanələşdirilməsi də lazım idi. Diktatorların «yanğında ilk istifadə olunacaq» vasitələrindən olan «şəxsiyyət bütü yaratmaq» dərhal gerçəkləşdirilməyə başlandı. Milyonlarla tablosu məktəbləri, minlərlə şəkli divarları, yüzlərlə heykəli meydanları bəzəməyə başladı. Pulların üstündəki şəkli dövlət idarələri olmaqla, hava limanlarına kimi iraqlıları süzürdü. Eyni zamanda İraq xalqının bütün təbəqələriylə salamlaşmağı da unutmurdu. Bədəvi geyimləriylə çöldə yaşayan ərəblərin, poşu taxaraq kürdlərin könlünü alır, qərb tipli geyimləriylə modern tərəfdarlarının nəbzini tutur, cübbə geyinib namaz qıldığını göstərərək müsəlmanları aldatmağa çalışırdı.

Xarici siyasətində praqmatik idi. 70-ci illərin əvvəlində bir çox silah və maddi yardım aldığı SSRİ-dən uzaqlaşmış, 1978-ci ildən etibarən Amerikayla dostluq əlaqələri qurmuşdu. Amma bu yaxınlaşma ona və İraqlılara çox baha başa gələcəkdi.

Şəkil: rejimin divarlara çəkdiyi şəkillərin rəngiylə küçələrin gerçək rəngi arasında uçurum var idi. Hər diktatorluqda olduğu kimi

 

Madam ki, bizimləsən, əlindən nə gəlsə...

 

Səddam qərbə könül verdikdən sonra əl üstündə saxlanmağa başlandı. Belə ki, bir nüvə reaktorunu belə( bitər-bitməz israillilər tərəfindən bombalansa da) fransızların köməyi ilə zənginləşdirib başa çatdırmışdı. Qərbin digər adamı İran şahıyla aradakı ixtilafları aradan qaldırmışdı. Şah bunun qarşılığında kürdlərə dəstək verməkdən vaz keçdi. Xomeyninin şahı devirərək İranı şiə islamının qalasına çevirməsi qərbin və Səddamın bir qədər əl-qolunu bağladı. Xomeyninin İraqdakı şiələri idarə edərək ətrafına yığacağından narahat olurdu. Qərbin maraqları ilə Səddamın rahatlığı üst-üstə düşürdü. Digər tərəfdən Xomeyni və Səddamın bir-birlərini sevmədikləri sir deyildi. Xomeyni İraqda sürgündə olarkən şahla Səddam anlaşdı və Xomeynini Fransaya yolladı.

 

Dünyanın ən axmaq müharibəsinin memarı oldu

 

Güc sərxoşluğundan gözlərinə pərdə enən Səddam 17 sentyabr 1980-ci ildə dünya tarixinə düşəcək bir işə imza atdı. Kameraların önünə keçərək şahla imzaladığı müqaviləni cırdı. İranı İraqın ərazi bütövlüyünə sistemli hücumlar etməkdə günahlandırdı. Bu hadisədən beş gün sonra İraq təyyarələri İranı bombalamağa başladı. İraq əsgərləri də sərhədi keçərək İrana girmişdi. Döyüşlərin mərkəzində Osmanlı tərəfindən idarəçiliyi İrana buraxılan NEFT BÖLGƏSİ Xuzistan dayanırdı. İraqlılar İranın buradakı kontrolunu heç zaman həzm edə bilməmişdilər. Səddam İraqlılara İraqı Yaxın Şərqin ən güclü ölkəsi edəcəyini söz vermişdi. Buna görə də heç də xoşlamadığı İrandan başlamışdı sonu olmayan macəraya.

Amerika, Avropa, SSRİ və Xomeynidən çəkinən digər ərəb dövlətlərinin liderləri Səddamın tərəfini tutmaqda gecikmədilər. Səddam bir anda «Ərəb dünyasının müdafiəçisi», «Mədəni dünyanın Yaxın Şərq missioneri» olmuşdu. Açıq bir şəkildə dövlətlərarası hüququ görməzdən gəlməsi Səddam sevənlərin vecinə də deyildi. Pul və silah verdikləri kimi Səddamın həm (İranla əlaqədə olmaqda günahlandırdığı) iraqlı kürdləri, həm də iranlı əsgərləri zəhərli qazlarla öldürməsinə göz yumurdular. Kimyəvi silah texnologiyasını almanlar verirdi.

 

Dünya arxasında durdu, yenə da İranı məğlub edə bilmədi

 

Amerikanın bölgədəki jandarma mövqeyində olan şah rejiminin devrilməsi qərbin duyduğu qəzəblə Səddamın gözlədikləri, kəskin müasirliyi və diktator sərxoşluğu birləşəndə ortaya dünyanın ən qanlı, dağıdıcı və ağılsız müharibələrindən biri olan İran-İraq savaşı çıxmışdı.

Səddam yeni qurulan Ayətullah rejiminə allergiya duyan Amerika başda olmaqla qərb ölkələrinin dəstəyi ilə Xomeynini məğlub edəcəyini düşünürdü. Qərb əlindən gələn dəstəyi verdi. Lakin Səddamın bir planı Bağdaddan geri dönəcəkdi. İranlıların ayağa qalxaraq şahı geri gətirəcəyini düşünürdü, amma yanıldı. İraqın ilk mərhələdəki üstünlüyü çox çəkmədi. İranlılar ilk hücumun ardından yeni rejimin ətrafında birləşdi və müharibənin son illəri İraq torpaqlarında keçdi. 1988-ci ildə müharibə sona çatanda 1,5 milyon ölü və yerdə sürünən iki dövlət buraxmışdı. Hər iki ölkənin neft istehsalı çökmüşdü. İraq diktatorunun hesab səhvi ölkəsinə baha başa gəlmişdi, amma bu hələ başlanğıc idi...

 

Müntəzəm idman edərdi

 

Səddam sağlam qalmasına görə idmana borclu olduğunu bildirərdi. Ölkənin çox yerində sarayları var idi. Amma sui-qəsd qorxusundan iki gecə üst-üstə bir yerdə qalmazdı. Gündə təqribən 4-5 saat yatan və saat üçdə yuxudan duran İraq liderinin heç dəyişmədiyi vərdişlərdən biri də üzgüçülük idi. Bütün saray və mənzillərində hovuz olan Səddam günə səhər idmanı edərək, ən azı yarım saat üzərək başlayırdı. Hovuzların hamısı zəhərlənmə ehtimalına görə hər saat yoxlanılırdı.

 

İmic üçün eynək taxmazdı

 

Edam ediləndə 69 yaşındaydı. Buna baxmayaraq olduqca gümrah görünürdü. Bunda idman etməsiylə birgə bir sıra kosmetik hiylələri də var idi. Saç və bığlarını boyayır, özünü yaşlı göstərməmək üçün oxumaq üçün lazım olan eynəkləri xalq arasında taxmırdı. Çəkisinə diqqət yetirən İraq diktatoru həftədə ən azı iki axşam balıq və dəniz məhsullarını yeyər, tərəvəz və meyvəni süfrəsindən əksik etməzdi. Axşam yeməklərində yeməklə şərab içməyi sevdiyi söylənilsə də xalq arasında spirtli içki qəbul etdiyi heç zaman görülmədi.

 

Sevdiyi filmlər: «Ata» ilə « İxtiyar adam və dəniz»

 

İraq lideri daha çox bioqrafik və tarixi kitabları oxumağı üstün tutardı. Amerika və İsrailə olan nifrətini əks etdirdiyi iki roman yazan Səddam hakimiyyətdən devrilməmişdən öncə bir elmi roman yazdığını iddia edirdi. Rejimin yıxılmasından sonra qərbə sığınan sözçüləri Səddamın hekayələrini danışaraq diktofona köçürdüyünü, sonra isə onu romana çevirmək üçün sözçülərinə verdiyini iddia etdilər. Televiziya ilə arası yaxşı olan İraq lideri ərəb kanallarından başqa xarici xəbər kanallarını da izləyirdi. Sui-qəsd, casusluq və siyasi mövzulu filmləri xüsusilə izləyən Səddamın favorit filmləri isə «Ata» serialı və Spenser Treysinin (Spencer Tracy) baş rol oynadığı «İxtiyar adam və dəniz» idi.

 

Qəribə cinayət siyahısı var idi

 

Öz xalqına qarşı sui-qəsd etməyə görə ittiham olunan ilk ərəb dövlətinin prezidenti olan Səddamın olduqca ağır cinayət siyahısı var idi.

1991-ci ildə Səddam Hüseyn ABŞ-ın rəhbərliyi ilə dövlətlər arası birliklər tərəfindən Küveytdən çıxarıldıqdan sonra İraqın cənubundakı şiə üsyanını qanlı şəkildə yatırtdı.

1988-ci ildə İraq-İran müharibəsi ərzində (1980-88) İraq təyyarələri Halepçə üzərinə zəhərli qaz tökdü. Bu bombardman dinc sakinlərə qarşı ən böyük qaz hücumu olaraq tarixə keçdi. Çoxunu qadınlar və uşaqlar təşkil edən beş mindən çox kürd öldürüldü, 10 min ətrafında kürd isə yaralandı.

1987-88-ci illərdə kürdlərin yaşadığı bölgələrdə və ölüm dəstələrinin gəzdiyi kürd kəndlərində 100 min ətrafında insan öldürüldü.

İraq-İran müharibəsində qərb mənbələrinin məlumatına görə bir milyon insan öldü.

1990-cı ildə Küveyt 7 ay ərzində İraq ordusunun işğalında qaldı. Yüzlərlə insan öldürüldü.

1983-cü ildə Bərzani əşirətinin 8 min üzvü məhv edildi.

1980 və 1999-cu illər arasında çoxlu şiə din adamı edam edildi.

 

Bir macəradan digərinə qaçan çılğın

 

Səddam İranı talayacağı inamıyla çıxdığı yolda xaricə çox borclanmışdı. Ərəb millətçiliyinin lideri olmaq istəyən adam borca görə ovurdları ağzına batan tacirə çevrilmişdi. Üstəlik müharibədən sonra Xomeyninin və çox qorxduğu şiələrin nüfuzu artarkən özü də sorğulanan birinə çevrilmişdi. 30 milyard dollar borcu olduğu Küveytdən borclarının silinməsini istədi. Aldığı cavab yox idi. Madam ki, «Xomeynini məğlub etmədin, ödə görək» deyirdi Küveyt. Səddam bu dəfə neft ölkələrindən istehsalı azaltmağı istədi. Artacaq neft qiymətləriylə borcunu ödəmək istəyirdi, amma bir daha yox cavabı aldı. Üstəlik ən çox səsi çıxansa yenə Küveyt oldu. İraqın borc vermək vaxtını təxirə salmaq tələblərini də qəbul etməyən Küveyt diktatorun özündən çıxacağını hesablamamışdı. Bu nöqtədə Səddam daha bir hesablama səhvi etdi və güc diliylə danışmağa başladı. İraq millətçilərinin 50 ildir dediyi « bu Küveyt bir zamanlar bizim bir parçamız deyildimi?» saqqızını çeynəməyə başladı. Dadını sevmişdi. Əlinin altında hazır müharibə təcrübəsi olan bir ordu da vardı. Ordunu Küveyt sərhədinə yığdı. Amma bu işə Amerika necə münasibət göstərəcəkdi? Səddamın fikirləri qarışıq idi. SSRİ ilə ittifaqa girməsin deyə kisənin ağzını açan və İranla müharibə etsin deyə 40 milyard dollar yardım edən Amerika bu sadiq müttəfiqi Küveytə görə dəftərindən silərdimi? Qəribə eşidilə bilər, amma o vaxtlar İraq Amerikanın ən çox yardım etdiyi 3-cü ölkə idi. Və münasibətlərin o isti günlərində kimsənin indi də bilmədiyi bir görüş keçirildi. Amerikanın İraqdakı səfiri Eypril Katerina Qlaspi (April Catherina Glaspie) ilə Səddam görüşdü. Bu görüşdə tam olaraq nə danışıldığını kimsə anlamadı, amma Səddam «nə edirsən et, biz qarışmırıq» mesajını almış olub ki, İraq qüvvələri 2 avqust 1990-cı ildə Küveytə girdi. Aləm qarışdı. Nəzarətdən çıxan bir diktator Küveyti İraqın 19-cu vilayəti elan edərək bir anda dünya neft ehtiyatlarının 20 faizinə sahib olmuşdu.

İraqlı liderin qısa zamanda mesajı oxuyarkən eynək taxmadığı bilinəcəkdi. İşğal neft qiymətlərinin artmasına və dünya iqtisadiyyatının böhrana girməsinə səbəb oldu. Soyuq müharibənin bitməsiylə Amerikanın qurduğu Yeni Dünya Düzəninin Səddam tərəfindən təhdid edilməsinə izn verilməzdi. Üstəlik, Səddam Küveytdən sonra gözünü Səudiyyə Ərəbistana dikdiyini göstərən siqnallar göndərirdi. Heç kimsənin sağı, solu bəlli olmayan bir adamı dünyanın ən zəngin neft yataqları üzərində söz sahibi etməyə niyyəti yox idi.

 

Keçmiş dostları körfəz müharibəsində qollarını çırmaladı

 

Yaxın şərq neftindən asılı olan Qərb buna göz yuma bilməzdi. Amerikanın liderliyi ilə qərb koalisiyası BMT izni ilə bir zamanlar İrana qarşı dəstəklədikləri Səddamın İraqına qarşı qollarını çırmaladılar. Qərbə savaşını « Müharibələrin anası» adlandıran Səddam tarixə `I körfəz müharibəsi` kimi keçən müharibənin ardından ölkəsini və xalqını bir daha pərişan etdi. Qərb İraq ordusunu əzmiş, Səddamın xəyal dünyası başına yıxılmışdı. 1991-ci ilin fevralında İraq ordusu Küveytdən qovulmuş, bu müharibənin nəticəsində 100 min iraqlı həyatını itirdiyi kimi İraq bütün anlamlarda orta əsrlərə geri dönmüşdü. Müharibənin ən önəmli nəticələrindən biri o gündən etibarən Amerikan qüvvələrinin dünyanın enerji hövzəsi olan Körfəz bölgəsinə çıxmamaq şərtilə orada yerləşməsiydi.

 

Məğlub edirlər amma hakimiyyətdən devirmirlər

 

İraq lideri «Müharibələrin anasında» iraqlıların anasını ağlatdı, utancverici məğlubiyyətə düçar oldu amma buna baxmayaraq qəribə bir şey oldu. Bütün bunlardan sonra ortaya çıxa biləcək xaosun onlara baha başa otura biləcəyini nəzərə alan qərb onun hakimiyyətdə qalmasına izn verdi. Amma bunu edərkən qolunu-qanadını qırmağını da unutmamışdılar. Dörd bir yandan nəzarət altına alınan İraq öz təyyarələrini belə iznsiz havalandıra bilmirdi. Bu müddətdə ən böyük zərəri bir daha kürdlər görəcəkdi. Səddamdan qurtulacaqları ümidi ilə müharibədə ABŞ-a dəstək göstərən kürdlər müharibənin sonunda təkrar Səddamla baş-başa qaldı. İraq qüvvələri qərbə qarşı istifadə etmədikləri silahları kürdlərə qarşı comərdcə istifadə etdilər. Şimali İraqı cəhənnəmə çevirən Səddam intiqamını Yaxın Şərqin bir xalqından aldı. Minlərcəsi bombalandı, qazlandı, öldürüldü. Qərb Səddama ölkənin şimal və cənubunu qadağan edənə kimi iş işdən keçmiş, İraq rejimi minlərlə insanın qanına girmişdi.

BMT nəzarətindəki ölkədə Səddam məhdud hakimiyyətini davam etdirir, «aslan iraqlılar, siz bir nömrəsiniz, amma bu qərbli şeytanlar imkan vermir ki, hökmdar olum» sözlərini deməyə davam edirdi. Yenə də bu ritorikanın üstünü örtməyən bir şey var idi: Bəlkə də Yaxın Şərqin ən savadlı və təhsilli xalqı olan iraqlılar neft sərvətlərinə rəğmən, BMT embarqosu altında əzablı həyat tərzi sürürdülər. Bəzi rəqəmlərə görə axmaq diktatorun ucbatından ölkənin nəfəsini kəsən BMT qərarları 500 mindən çox uşağın ölümünə səbəb olmuşdu. 2002-ci ildə İraqda keçirilən seçkilərdə tək namizəd olan Səddam Hüseyn səslərin 99,9 faizini toplayaraq klassik bir diktatorluq seçkisinin nümunəsi olmuşdu. Bu 99-lu səslər özünə inanmayan və iqtidarının möhkəmliyi naminə dünya cəmiyyətini inandırmaq istəyən bütün diktatorların en sevdikləri makyaj alətidir...

 

11 sentyabr ilə pərdə bağlanır, əlvida hakimiyyət

 

Dişləri tökülmüş Səddamın yarımçıq hakimiyyətinin sonunu gətirənsə 11 sentyabr hadisələri oldu. Hücumlarda Əfqanistanı günahlandıran və bu ölkəni işğal edən Corc Buşun rəhbərlik etdiyi ABŞ 11 sentyabr hadisələri ilə Səddam rejimi arasında əlaqə qurmaqda da gecikmədi. İraqın əlində kütləvi məhv etmə silahları olduğu yalanına sarılan Amerika 20 mart 2003-cü ildə İraqa bir daha müharibə elan etdi. Ölkə işğal olundu. Qeyri-rəsmi diktator rəsmi diktator Səddamı devirmişdi. İllərlə öz xalqına qan udduran Səddamın ordusu bir daha düşməni görən kimi aradan çıxmış, amerikan ordusu isə əlini-qolunu sallayaraq bütün ölkəni işğal etmişdi. 9 apreldə Bağdada girən amerikan əsgərləri Səddamın heykəlini yıxanda finiş fitini də çalırdılar. Hansı liderin yaşayarkən heykəlləri qoyulur, o diktatordur. Hansı diktatorun həyatda olarkən heykəlləri yıxılır, o artıq sıradan bir «ölüdür», onu heç bir şey xilas etməz.

Səddam Hüseyn 30 dekabr 2006-cı ildə asılaraq edam olundu.

 

Budur, sinəmizi canavarlara açırıq

Və canavarın önündə titrəmədən

Öhdəsindən gəldikdə ən çətin meydanlarda

İnşallah bunların da hesabın verərik

Necə dayanarlar belə bir gərginliyə

Xalqım, sizi üz üstə buraxmadıq

Bütün fəlakətlərdə lider yenə partiyamdır

Ruhumu sizin və partiyam üçün fəda edirəm

Çətin günlərdə qan ucuzdur

Hücum edərkən nə diz çökər nə də baş əyərik

Yenə də qürurlu davranarıq düşmənimizə

                                                Səddam Hüseyn                          (ölmədən öncə yazdığı misralar)

 





16.10.2017    çap et  çap et