Vaxt.Az
İSİM regionun ən güclüsüdür
ABŞ-ın Məşhur Pensilvaniya Universiteti Nyu Yorkda illik qiymətləndirmə hesabatında Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi Azərbaycan təşkilatı elan edilib
Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universiteti yanvarın 25-də BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında 2013-cü ilin dünya beyin mərkəzlərinin hesabatının təqdimatını həyata keçirib. Qeyd edək ki, hesabat BMT, İqtisadi Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının, eləcə də bir sıra digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Hesabat hazırlanarkən dünyanın 1500-dən artıq aparıcı eksperti arasında sorğu keçirilib.
Sorğunun nəticələri qiymətləndirilmək üçün BMT-nin və eləcə də digər beynəlxalq təşkilatların ekspertlərinə təqdim edilib. Sevindirici haldır ki İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Qafqaz və Mərkəzi Asiyanın ən yaxşı beyin mərkəzi seçilib.
İSİM rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, regionun aparıcı beyin mərkəzi statusu uğrunda sadəcə Qafqaz və Orta Asiya ölkələrinin beyin mərkəzləri deyil eyni zamanda Pakistan, Əfqanıstan kimi digər Asiya ölkələrinin də təşkilatları da mübarizə aparıblar. Məhz belə rəqabətdə Azərbaycan təşkilatının birinci olması çox sevindiricidir. Gürcüstan və Ermənistandan heç bir təşkilat ilk beşliyə daxil ola bilməyib.
İqtisadçı alim deyib ki, İSİM hər zaman öz tədqiqatlarında və təhlillərində yeni metodlardan istifadə etməyə çalışır. Təşkilatda çalışanlar ölkənin iqtisadi siyasətinə töhfə verməyə çalışmaqla son illər müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda İSİM müxtəlif ölkələri təmsil edən tədqiqatçıların təcrübə mərkəzinə çevrilib.
Vüqar Bayramov deyib ki, bir müddət öncə ABŞ-ın tanınmış Harvard Universiteti İSİM-in rəsmi kataloquna daxil edilməsi ilə bağlı qərar qəbul edib. Bu haqda Harvard Universitetinin Jon Kennedi Hökumət Fakültəsi açıqlama yayıb. Həmçinin İSİM-in adı universitetinin internet ünvanında yerləşdirilib. Məlumat üçün bildirək ki, İSİM Harvard Universitetinin rəsmi kataloquna daxil edilən ilk və yeganə Azərbaycan təşkilatıdır. Bütün bunlar Azərbaycan təşkilatının artıq beynəlxalq statusa malik olduğunu göstərir.
Məlumat üçün bildirək ki, hesabat hazırlanan zaman Pensilvaniya Universiteti dünyada 6 480 beyin mərkəzi ilə əlaqə yaradıb. Həmin beyin mərkəzləri hesabat üzrə beyin mərkəzlərinin namizədliyinin verilməsi, eləcə də qiymətləndirilməsi prosesinə cəlb olunub. Yeri gəlmişkən, nəzərə çatdıraq ki, hesabat dünyada beyin mərkəzlərinin qiymətləndirilməsi baxımından ən ciddi hesabat hesab edilir. Belə ki, BMT və digər beynəlxalq təşkilatlar hesabata önəm verirlər. İSİM-in belə mühüm hesabatda yer alması mərkəzin həm qlobal arenada nüfuzunun qəbul edilməsi, həm də Azərbaycanın bu siyahıda yer alması baxımından əhəmiyyətlidir.
P.S. Hesabatın tam mətni universitetinin internet səhifəsində yerləşdirilməklə (http://gotothinktank.com/dev1/wp-content/uploads/2014/01/GoToReport2013_Final.pdf), dünyanın aparıcı qurumlar tərəfindən paylaşdırılıb.
27.01.2014 çap et