Vaxt.Az

«Bu çox unikal prezidentdir»


 

Tillerson Trampın «dağıtdığını» sahmana salır

«Bu çox unikal prezidentdir» «The Guardian» yazır ki, ABŞ dövlət katibi Reks Tillerson bazar günü verdiyi müsahibədə prezident Trampın ötən həftəsonu İranı «darmadağın edən tənqidlərinə» aydlınlıq gətirməli olub.

CNN telekanalının «State of the Union» proqramında çıxış edən Tillerson deyib ki, ABŞ İranla sazişdə qalmaq istəyir. Dövlət katibi habelə, Çinin Amerikanın Şimali Koreya siyasətindən çaşqınlıq keçirdiyi barədə iddiaları rədd edib.

O deyib ki, diplomatik manevrlər «ilk bomba düşənədək» davam edəcək.

Dövlət katibi eyni zamanda müsahibəni alan Ceyk Tapperin (Jake Tapper) təbirincə deyilsə, «axtalanmış» iddiasını qəbul etməyib. Bundan əvvəl Tennessi ştatının senatoru Bob Korker (Bob Corker) demişdi ki, prezident öz hərəkətləri ilə dövlət katibini «axtalanmış» hala salıb.

«Yoxlamışam, Ceyk, hər şey yerindədir», - deyib Tillerson.

Bunun ardınca Tillerson Tramp barədə çox mənalarda yozula biləcək tərifli sözlər deyib.

Keçmiş «Exxon Mobil» rəhbəri deyib ki, «bu prezident çox unikaldır».

«Mən inanmıram ki, bu prezidentin unikal olduğuna kimdəsə şübhə var. Bu bizim yeni tariximizdə ən unikal prezidentdir», - deyib Tillerson.

Tillerson bu müsahibə zamanı da prezidenti «ipləmə» adlandırdığına dair iddiaları rədd edib.

«Mən oyun oynamıram. Vaşinqton çevrələrinin öz oyunları var. Bu oyunlar dağıdıcıdır. Mən bu sualı cavabla şərəfləndirmək istəmirəm və Ceyk, mən bir az təəccüblənmişəm ki, sən dünyada bu qədər problemlər ola-ola belə bir məsələyə bu qədər vaxt sərf etmək istəyirsən», - deyib Reks Tillerson.

Tillerson bir daha vurğulayıb ki, ABŞ İranla imzalanmış nüvə sazişinə sadiq qalır. Ötən cümə günü Tramp bu sazişi ləğv edəcəyi ilə hədələmişdi.

Tillerson isə deyib ki, «biz sazişdəki qüsurlara onu imzalamış başqa tərəflərlə birlikdə baxa bilərik, amma biz bu sazişi olduğu kimi qəbul edirik və icrasını istəyirik».

Tramp demişdi ki, əgər ABŞ başqa müttəfiqləri və Konqreslə birlikdə bu saziş barədə həll yolu tapa bilməsə, razılaşma dayandırılacaq.

Tillerson bu mövqeyi də xeyli yumşaltmalı olub. O deyib ki, iranlılar keçmişdə bu sazişin icrasında texniki pozuntulara yol veriblər, amma o pozuntuları aradan qaldırıblar. Deməli hazırda sazişin şərtlərinə əməl etmiş sayılırlar.

«The Guardian» yazır ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) də administrasiyanın İran siyasətini müxtəlif bucaqlardan izah etməyə çalışıb.

Heyli NBC-nin «Meet the Press» proqramına müsahibəsində deyib ki, ABŞ İranla sazişi ona əməl olunmadığına görə yox, Şimali Koreya ilə bağlı yaranmış gərginliyə görə nəzərdən keçirir.

«Bizim dediyimiz odur ki, bir gün İran da ikinci Şimali Koreyaya çevrilməsin», - deyib Heyli.

Keçmiş namizəd Hillari Klinton ötən bazar günü yayınlanan müsahibəsində demişdi ki, administrasiyanın siyasəti İran və Şimali Koreya məsələsində çaşqınlıq yaradır və təhlükəli nüvə yarışına yol aça bilər.

Tillerson isə deyib ki, Trampın davakar tvitlərinə baxmayaraq ABŞ problemin diplomatik həlli yoluna sadiq qalır.

«Mən bunu bildirmək istəyirəm ki, prezident mənə bu məsələni diplomatik yolla həll etmək istədiyini deyib. O müharibə eləmək istəmir. Diplomatik səylər ilk bomba atılana qədər davam edəcək», - deyib Tillerson.

Dövlət katibi deyib ki, «xoşbəxtlikdən prezident Trampla onun çinli həmkarı arasında çox yaxın münasibət var».

«Mən bilən onlar yeddi-səkkiz dəfə telefonla danışıblar», - deyib Tillerson.

 





16.10.2017    çap et  çap et