O, ikitərəfli iqtisadi münasibətlərin statistikasına da nəzər salıb: «2017-ci ilin 8 ayı ərzində ticarət dövriyyəsi artaraq, 416 milyon manata, investisiyaların həcmi isə 13 milyard dollara yaxınlaşıb. Bu gün həmçinin ölkəmizdə 235 ABŞ şirkəti fəaliyyət göstərir. Bundan əlavə, ölkələr arasında humanitar sahələrdə, xüsusilə təhsil sahəsində əlaqələr var. Azərbaycandan 112 tələbə ABŞ universitetlərində təhsil alır».
Nazir müavini diqqətə çatdırıb ki, cari ilin 8 ayı ərzində kənd təsərrüfatı sahəsində ixrac həcmi 37 faiz artıb, ABŞ şirkətlərinin neft fonduna yatırımlarının ümumi məbləği isə 3 milyard təşkil edib.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da iqtisadi əlaqələrimizin bu günü və gələcəyi barəsində nikbin danışıb. Bildirib ki, bu əlaqələri daha da genişləndirmək üçün böyük potensial mövcuddur: «Neft-qaz sektorunda «Cənub Qaz Dəhlizi» çox böyük layihədir. Onun dəyəri hazırda 40 milyard dollar həcmində qiymətləndirilir. Biz ikitərəfli iqtisadi münasibətlərə daha geniş aspektdən baxırıq. Bu gün ölkələr arasında güclü kommersiya bazası formalaşıb. Azərbaycan bizim üçün həm də Rusiya və İranla həmsərhəd olması ilə də çox unikal ölkədir».
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov forumda təqdimatla çıxış edib: «Burada müxtəlif biznes maraqlarının təmsilçiləri iştirak edir. Bu, çox gözəl fürsətdir. Cənab səfirin də dediyi kimi, biz qeyri-neft sektorunda da əməkdaşlıq edirik. Biznes mühiti sahəsindəki əməkdaşlıqda hədəfimiz beynəlxalq şirkətlərin ölkəmizdə uzunmüddətli iştirakını təmin etməkdir».
ABŞ-ın Türkiyədəki səfirliyinin baş kommersiya müşaviri Bill Çaykovski isə bildirib ki, bu il ABŞ-ın ən böyük ticarət missiyasının nümayəndələri Azərbaycana dəvət olunub: «ABŞ iş adamlarının Azərbaycana marağını müşahidə etmək məni məmnun edir. Bu gün Azərbaycana 50 ABŞ şirkətinin nümayəndəsi gəlib ki, bu da 30 iş adamının səfəri deməkdir. Onların məqsədi yerli iş adamları ilə ortaq biznes fəaliyyətini inkişaf etdirməkdir. Burada olduğumuz müddətdə azərbaycanlı iş adamları ilə görüşlər keçirib, əməkdaşlığımızın dərinləşməsini müzakirə edəcəyik».
Qeyd edək ki, biznes forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.