Vaxt.Az

Türkmənistanda sabitlik pozula bilərmi?


 

Bərpa olunan «Xalq məsləhəti», dəyişdirilən milli bayramlar

Türkmənistanda sabitlik pozula bilərmi? Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun son qərarları 10 il öncənin əks-sədası kimi görünür. O zaman hələ Saparmurad Niyazov hakimiyyətdə idi.

Ölkənin müstəqillik əldə etməsindən təqribən 11 il sonra Niyazov «Xalq məsləhəti» adlanan strukturun statusunu gücləndirməyə başladı. «Xalq məsləhəti» hökumətin müxtəlif sektorları, iş dünyası, dövlət idarələri və sosial qurumlardan 2 min – 3 min təmsilçinin toplandığı orqandır.

Niyazov bu qərarı 2002-ci ilin noyabrında guya həyatına sui-qəsd cəhdindən sonra qəbul edib. Hökumət bu qəsdi törətməkdə suçladığı şəxslərin çoxunu həbs etsə də, ssenarinin detalları heç zaman açıqlanmadı. Ancaq görünür, məqsəd Niyazovu öldürdükdən sonra parlamentin ölkənin yeni lideri tanımasına nail olmaq imiş.

 

«Xalq məsləhəti» yenidən qurulur

 

«Xalq məsləhəti»nin parlamentdən də güclü bir orqana çevrilməsində məqsəd o idi ki, hər hansı qərarı qəbul etməyə qısa zamanda 2 mindən çox üzvü bir yerə toplamaq çətin olsun. Başqa sözlə, tamamilə itaətkar parlamentdən rəsmi status almaqla çevriliş etmək mümkün olmasın.

Berdiməhəmmədov 2006-cı ilin sonlarında, Niyazovun ölümündən az sonra hakimiyyətə gəlib. O 2008-ci ildə «Xalq məsləhəti»nə namizədləri irəli sürüb.

İndi, hakimiyyətə gəlməsindən 11 il keçmiş, heç kimin bilmədiyi səbəbdən o, «Xalq məsləhəti»ni yenidən qurur.

Berdiməhəmmədov artıq 2017-ci ilin fevralında yenidən seçilməsindən sonra elan edib ki, Ağsaqqallar Şurası ölkənin ən ali qanunverici orqanı olacaq. İndi isə o bu şuraya daha gənc üzvlərin də qəbul ediləcəyini deyir.

«Eurasia Net» portalında anonim, ancaq məsələ haqda bilgili bir müəllif yeni Xalq Şurası haqda ətraflı məqalə yazıb.

 

Milli bayramların yenilənməsi

 

Berdiməhəmmədov milli bayramları da yeniləyir.

Bu vaxta qədər oktyabrın 27-də qeyd olunan Müstəqillik Günü indi sentyabrın 27-nə keçirilir.

Sentyabrın 27-si Türkmənistanda keçirilən Asiya Oyunlarının sonuncu günü idi.

Ancaq görünür, bu il Müstəqillik Günü əvvəlki kimi oktyabrın 27-də olacaq. Ölkə boyu insanlar bayram məşqləri və «marşirovka» üçün stadionlara aparılır. Ancaq gələn ildən Müstəqillik Günü insanlara Asiya Oyunlarının bağlandığı günü xatırladacaq.

Bayraq Günü də fevralın 19-dan mayın 18-nə keçirilib. Artıq Konstitusiya Günü kimi qeyd olunan 18 may həm də Bayraq Günü olacaq. 19 fevrala gəlincə, bu gün təkcə Bayraq Günü yox, həm də Niyazovun doğum günü idi. Bundan sonra artıq fevralın 19-u heç bir bayram qeyd edilməyəcək.

Konstitusiya Günü olan 18 may isə bundan əvvəl də artıq ikiqat bayram günü idi. Həmin gün həm də XVIII əsr türkmən şairi Məhtimqulunun doğum günü qeyd olunurdu.

 

Niyazovun qərarını ləğv etmişdi...

 

Bundan sonra Məhtimqulunun doğum günü iyunun 27-si olacaq. Maraqlıdır ki, həmin gün həm də nə az, nə çox, Berdiməhəmmədovun özünün ad günüdür. Ancaq maraqlıdır ki, iyunun 27-si istirahət günü olmayacaq.

Sovet vaxtından qalan 9 may Qələbə Günü bundan sonra Türkmənistanda adi iş günü olacaq.

Bayramların yerinin dəyişdirilməsi 2002-ci ilin avqustunda «Xalq məsləhəti»nin verdiyi qərar xatırladır. Niyazovun təklifinə uyğun olaraq, həmin qərarla həftənin günlərinin və ayların adları dəyişdirilmişdi. Berdiməhəmmədov hakimiyyətə gəlincə bu qərarı ləğv etmişdi.

Berdiməhəmmədov bu yaxınlarda yerinə yetirilməsi qeyri-mümkün vədlər verib. O, nəhəng pullar xərcləməklə ölkənin neft-qaz hasilatını artırmağa söz verib. Ancaq Türkmənistanın hazırda belə maddi imkanlara malik olmadığı bəllidir.

Ancaq o bu vədi yerinə yetirməsə də olar, çünki indiki vaxtda onsuz da türkmən neftini və qazını alacaq müştəri yoxdur.

 





17.10.2017    çap et  çap et