Təbrizdən Amerikanın Səsinə danışan yazar və türk dili müəlliminin sözlərinə görə, ana dili ilə bağlı təşkil olunan kampaniyalar nəticəsində toplumda türkcə yazıb-oxuyanların sayının sürətlə artması ilə bərabər türk adı da rəsmi tribunalardan səsləndirilməyə başlanıb.
«Azərbaycanda milli-mədəni fəallarımız toplumda olan ana dilində təhsil tələbini məsulların qulağına çatdırmaq istəyir. Bir tərəfdən də millətin özünü öz dilində yazıb-oxumağa çağırırlar. Bunların hər ikisi bir-biri ilə yanaşı gedir,» deyə Rəhmanifər söyləyir.
Onun dediklərinə görə, «türk dilinin tədrisi və hətta dərsliklərin hazırlanmasına dair dövlət səviyyəsində söhbətlər gedir... İndi dövlətdə iki qanada ayrılıblar bu məsələ ilə bağlı. Bir qrup bu nəticəyə gəlib ki, bu dil tədris olunmalıdır - ya da ən azından bunun necə başladılmasını düşünürlər. Qarşı tərəfdə də Qulaməli Həddad Adil kimiləri var ki, qətiyyən buna meydan vermək istəmirlər. Bunlar dövlət səviyyəsində çoxdurlar».
Türk dilinin tədrisi məsələsi ilə əlaqədar dövlət səviyyəsində çəkişmələrin olduğunu önə çəkən Rəhmanifər bunun ana dili kampaniyalarının nəticə verdiyi anlamına gəldiyini ifadə edir.
«Amma dövlət səviyyəsində, hələ ki, hiss olunan bir nəticə yoxdur», o, əlavə edir.
Rəhmanifər deyir, «amma önəmli budur ki, bizim tələblərimiz dilə gəlir. Rəsmi tribunalardan deyilir. 100 ildən çox bizi Azəri adlandırdıqdan sonra, bu gün görürük ki, bu ölkənin rəhbərindən tutub, millət vəkillərinə qədər rəsmi tribunalardan özlərini və bizi türk adlandırırlar. Bəzən bu tribunalardan türk dilinin tədrisinin zərurətindən danışırlar».
Yazarın sözlərinə görə, rəsmilərin dilindən çıxanlar, əslində toplumda mövcud olan tələblərdir.
«Olsun, onlar buna inanmasalar da, bu düşüncə toplum içində yayılır. Mən inanıram ki, millət bunu istəməlidir. Millət dirənsə və istəsə, istəyinə tez ya gec çatacaq,» o, əlavə edir.