Vaxt.Az
«Azərbaycanda halal kolbasa və sosis var»
Qafqaz Müsəlmanları İdarəsi Ramiz Həsənova cavab verdi
«Komitə sədri Ramiz Həsənov kolbasa və sosislər üçün dünya üzrə tətbiq olunan «Halal» standartından danışıb və Azərbaycanda tətbiq olunmadığını bildirib. Bizim idarə isə «Halal» zəmanəti verir».Bu sözləri Modern.az saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənovun «Azərbaycanda heç bir müəssisə halal kolbasa və sosis istehsal etmir» sözlərinə cavab olaraq deyib.
R.Dadaşova deyib ki, QMİ tərəfindən «SAB» şirkətinin məhsullarına «Halal» zəmanəti verilib.
«Yəni onların məhsullarında halallıqla bağlı məqamlara əməl olunmasına dair zəmanət verilib. Hörmətli, komitə sədrinin qeyd etdiyi standart isə tamam başqadır. O, dünyada tətbiq olunan «Halal» standartı ilə ölkəmizdə heç bir kolbasa və sosisin istehsal edilmədiyini bildirib».
Qeyd edək ki, SMPDK sədri Ramiz Həsənov deyib ki, bu qurum 2012-ci ildən müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standartı alan bir dənə də olsun müəssisə olmayıb».
R.Həsənov deyib ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. «Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə «halal» sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».
27.01.2014 çap et