Vaxt.Az

Azərbaycanlı əsirlər Bakıya gətirildi


 

4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü

Azərbaycanlı əsirlər Bakıya gətirildi Düz 20 il əvvəl-1997-ci ilin yazında Azərbaycanla Ermənistan arasında hərbi əsir və girovların «hamının hamıya» prinsipi ilə mübadiləsi həyata keçirilmişdi. Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə mərhələlərlə həyata keçirilən həmin əməliyyat zamanı Azərbaycan erməni hərbi əsirlərin hamısını təhvil verdi. Lakin Ermənistan tərəfi əsir və girov Azərbaycan vətəndaşlarının bir hissəsini gizlətdi, nəticədə hələ də erməni tərəfinin əlində yüzlərlə azərbaycanlı əsirin qaldığı güman edilir.

Virtualaz.org xəbər verir ki, «Sputnik Armenia» agentliyinin rəhbəri, rusiyalı jurnalis Dmitri Pisarenko 1997-ci ildə İrəvanda NTV kanalının xüsusi müxbiri işləyirdi. O, əsirlərin mübadiləsinə dair İrəvanın «Zvartnots» aeroportundan reportajlar hazırlayıb. Reportajlardan birində 4 azərbaycanlı hərbi əsirin Beynəlxalq Qırmızı Xaçın təyyarəsi ilə İrəvandan Bakıya gətirilməsindən bəhs olunur. Bunlardan biri Azərbaycan ordusunun ermənilər tərəfindən əsir götürülmüş əsgəri Altay Abdullayevdir. Jurnalist ondan İrəvan həbsxanalarında azərbaycanlı hərbi əsirlərin qalıb-qalmadığı haqda soruşur.

«Bilmirəm, mən saxlanıldığım yerdə ancaq bu 4 nəfəri görmüşəm», - 9 ay erməni əsirliyində saxlanılandan sonra azad edilən A.Abdullayev bildirir. Beynəlxalq Qırmızı Xaçın İrəvan nümayəndəliyinin rəhbəri Zoran Yovanoviç bildirir ki, onların məlumatına görə mülki şəxslərin əlində olan hərbi əsirlər var, hansı ki, belələrinin adı Beynəlxalq Qırmızı Xaçın siyahısında yer almır. Həmin əsirləri saxlayan mülki şəxslər onlara görə pul tələb edirlər.

Habelə reportajdan məlum olur ki, ermənilərin əlindəki azərbaycanlı əsirlərdən 3 nəfəri Ermənistan hakimiyyətindən onları «üçüncü ölkəyə» göndərməyi xahiş edir. Bu şəxslər iddia edir ki, döyüşmək istəmədikləri üçün könüllü əsir düşüblər. Zoran Yovanoviç həmin şəxslərin istəyini şərh etməkdən imtina edib.

 





18.10.2017    çap et  çap et