Həm də ixtisas seçimi istehsalın tələbinə uyğun yox, ixtisasın dəbdə olmasına görə planlaşdırılır. Universitetlərimiz illərdir bazarı nəzərə almadan məzun istehsal edirlər, nəticədə isə hər minlərlə ali təhsilli gənc öz ixtisasına uyğun iş tapa bilmir.
Digər tərəfdən, bəzi ixtisaslar var ki, onlar həmin sahə üzrə ixtisaslaşan ali məktəblərdən başqa ixtisaslaşmamış universitetlərdə də yer alır. . Məsələn, neft-qaz mühəndisliyi ixtisası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Ali Neft Məktəbində (BANM) ilə yanaşı Memarlıq və İnşaat Universitetində (ADMİU) də var. Hansı ki, bu ali məktəbin neft mühəndisi hazırlaması nonsensdir.
Yaxud «İqtisadiyyat» ixtisası bu sahə üzrə ixtisaslaşan Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) başqa digər universitetlərdə, məsələn, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU), ADNSU-da da tədris olunur.
Turizm və hotelçilik fakültəsi təkcə Turizm və Menecement Universitetində (ATMU) deyil, həm də BDU, UNEC-də var. Marketinq və menecement ixtisasları BDU, AMİU, UNEC, ADNSU, Kooperasiya Universiteti, hətta Bakı Xoreoqrafiya Akademiyasında da paralel olaraq salınıb. Biznesin idarə edilməsi, gömrük işi kimi absurdixtisaslara isə demək olar ki, bütün təhsil müəssisələrində rast gəlinir.
Bu ixtisaslara nəzər yetirəndə ilk baxışdan elə görünür ki, Azərbaycanda mütəxəssis bolluğu yaşanır, amma hamı mütəxəssis qıtlığından şikayətlənir. Çünki Azərbaycan ali məktəbləri əmək bazarında tələbat olmayan ixtisaslar üzrə qəbul aparmaqla yanaşı bu kadrlara əsasən nəzəri biliklər verir.
Sirr deyil ki, ali məktəbləri bitirənlərin böyük əksəriyyəti öz ixtisasları üzrə praktiki biliklərə malik olmur. Nəticədə ali məktəbi yeni bitirənlərə heç kim iş vermək istəmir. Bu, uzun illərdir hökm sürən və nədənsə barəsində çox az danışılan problemdir. Digər tərəfdən son vaxtlar ixtisaslı kadrlara daha çox tələbatı olan sahələrdən biri aqrar sahə olsa da Azərbaycanda bu sahə üzrə peşəkar mütəxəssislər yox dərəcəsindədir. Nəticədə aqrar sahəyə investisiya qoyanlar kadrları yüksək əmək haqqı ödəməklə xaricdən gətirirlər.
«Əziz Sancar da Bakıda axtardı, tapa bilmədi...»
Təhsil üzrə ekspert Etibar Əliyevin virtualaz.org-a bildirdiyinə görə, Azərbaycanda bəzi ixtisaslarda həqiqətən mütəxəssis qıtlığı yaşanır. Ekspert deyir ki, əslində bizim ali məktəblər çox çevik olmalıdırlar, dünyanın aparıcı universitetlərində hansı ixtisaslara daha çox önəm verilirsə, həmin ixtisaslara keçid yaratmalıdırlar. Etibar Əliyevin sözlərinə görə, işsizlik probleminin aradan qaldırılması üçün mütləq əmək bazarı öyrənilməlidir və ali məktəblər öz vəsaitləri hesabına xaricdən tanınmış mütəxəssisləri dəvət edərək problem aradan qaldıra bilərlər.
«Azərbaycanda bir çox hallarda doğrudan da mütəxəssis qıtlığı mövcuddur. Hətta deyə bilərik ki, bu gün pedaqoji ixtisaslara üzrə mütəxəssis hazırlığında yüksək ixtisaslı pedaqoji kadr çatışmazlığı yaranıb. Bu bizim ali təhsil sisteminin qüsurudur. Ali məktəblərimiz dünyanın aparıcı universitetlərindəki ixtisaslaşamaya böyük önəm verməlidirlər. Sizə bir maraqlı faktı deyim, ötən il kimya sahəsində Nobel mükafatı laureatı Əziz Sancar Bakıya gələrkən molekulyar biologiya sahəsində ixtisaslaşmış gənc axtarardı, amma tapa bilmədi. Bu o deməkdir ki, bütün dünyada molekulyar biologiya çox geniş inkişaf edib, amma Azərbaycanda mütəxəssis taplılmır. Bura həmçinin İKT, kənd təsərrüfatı sahəsi də aiddir. Bu ixtisaslar da yeni dövrün tələblərinə uyğun elmi dəyişikliklərə məruz qalmalıdır, bu sahədə mütəxəssis hazırlığı həyata keçirilməlidir», - Etibar Əliyev deyir.
Ali məktəblər bir-biri ilə rəqabətə girib ixtisasları təkrarlayır
Ekspertin sözlərinə görə, bir neçə il əvvəl dövlət bu problemi Azərbaycandan dövlət xətti ilə xaricdə təhsil almağa göndərilən istedadlı gənclərin hesabına həll etmək istəyirdi. Lakin dövlət hesabına dünyanın aparıcı universditetlərinə təhsil almaq üçün göndərilən bu məzunların əksəriyyəti ya ölkəyə qayıtmadılar , ya da qayıtdıqdan sonra iş tələbləri ilə uyğunlaşmadılar.
Etibar Əliyev həmçinin eyni ixtisasın bir neçə ali məktəbdə parallel olaraq öyrədilməsini də düzgün hesab etmir: «Ali məktəblər ixtisasları təsis edərkən rəqabət faktorunu ortaya qoymuşdular. Lakin ixtisaslaşmış ali məktəbdə yüksək səviyyədə ixtisas hazırlanırsa, həmin ixtisas o ali məktəbdə qalmalıdır. Məsələn, hüquq, beynəlxalq münasibətlər, jurnalistika, tətbiqi riyaziyyat - bunlar BDU-ya determinə olunmuş ixtisaslardır. Neft və Sənaye Universitetinin öz spesifik ixtisasları var və sovet dövründən öz ənənəsi var. Həmin ixtisaslar bu universitetdə daha da inkişaf etdirilməlidir», - deyə mütəxəssis qeyd edir.
«Ali məktəblər yenidən təşkil olunmalıdır...»
İqtisadçı ekspert Qadir İbrahimli isə hesab edir ki, ixtisasların əmək bazarına uyğunlaşmaması Azərbaycanda ali məktəblərin hələ də planlı fəaliyyət göstərməsindən xəbər verir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, ali məktəblərdə ixtisaslar Azərbaycanın reallığına adekvat qurulmayıb.
«Elə ixtisaslar var ki, onları bitirənlər uzun müddət işsiz qalır və ya ümumiyyətlə iş tapa bilmir. Bu ali təhsil sisteminin boşluğudur. Bizim ali məktəblər yenidən , yeni ixtisaslara , sosial reallıqlara uyğun formatlanmalıdır. Burada başqa problemlər də var, belə ki, Azərbaycanda rəqabətədavamlı biznes mühiti yoxdur. Əgər belə mühit olarsa, iri şirkətlər özləri ali məktəblərə müəyyən ixtisaslı kadrlarla bağlı sifarişlər verə bilərlər. Hətta belə şirkətlərlə ali məktəblər arasında müqavilələr də imzalanır. Təəssüf ki, bizdə ali məktəblərə belə müraciətlər olmur», - Q. İbrahimli bildirir.
Ekspert hesab edir ki, bu problem tək Təhsil Nazirliyi ilə bağlı deyil. Bəzi dövlət orqanları, o cümlədən, Dövlət İmtahan Mərkəzi, Elmlər Akademiyası, İqitasadiyyat Nazirliyi işgüzar müzakirələrə cəlb olunmalıdır və hansı ixtisasların saxlanmasına ehtiyac var, onlarla bağlı açıq müzakirələr keçirilməlidir», - deyə Q. İbrahimli bildirir.
Nazirlik açıqladı: əmək bazarında hansı peşələrə ehtiyac var…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, əmək bazarında aparılmış təhlillər nəticəsində hazırda ən çox ehtiyac duyulan ixtisaslar və peşələr, o cümlədən tələbin təklifi üstələdiyi istiqamətlər müəyyən olunub. Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, onların sırasına ali təhsil üzrə 32 ixtisas və həmçinin ilk peşə təhsili üzrə 40-dək peşə daxildir.
Bura karbohidrogenlər üzrə əməliyyatlar mütəxəssisi, kofferdam xüsusi tikinti konstruksiyası üzrə tikinti mütəxəssisi, neft hasilatı üzrə xüsusi proqram Max üzrə baş mühəndis, tikinti üzrə MEP layihə proqramı işləri üzrə menecer, tədris hissə koordinatoru, proqram təminatı yaradıcıları, dizaynerləri və mühəndisləri, tibbi avadanlıqlar üzrə mühəndis, VEB və multimedia yaradıcıları, geniş profilli nəzarət ölçü cihazlar üzrə mütəxəssis, turizm agenti, əməyin gigiyenası və təhlükəsizliyi üzrə mütəxəssislər, avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator, həmçinin ilk peşə təhsili üzrə arqon qaynaqçısı, diffuzional qaynaqçı, termitli qaynaq qurğusu ilə qaynaqçı, proqramla idarə olunan dəzgahlar üzrə təmirçi, rəqəmlə idarə olunan dəzgahlar üzrə təmirçi, lazerdə kəsici operator, plazmada kəsici operator, karuselçi tornaçı, geniş profilli poladəridən, lentləyici operator (toxucu əyrici), meyvə-tərəvəz ustası, gülbecərən usta, traktorçu-maşinist, bitki mühafizəsi ustası, suvarma maşınları və nasos qurğuları maşinisti, konserv məhsulları və mineral süfrə suları avadanlıqları üzrə çilingər, dəyirman qurğuları üzrə çilingər və sair daxildir.
Nazirlikdən həmçinin onu da bildirdilər ki, son illərdə Beynəlxalq Əmək Təşkilatı ilə birgə icra olunan «Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək» pilot layihəsi üzrə ilk dəfə iş axtaran bir qrup gəncin subsidiyalı əsaslarla işə qəbulu həyata keçirilib. Hazırda isə daha 50 nəfərə yaxın ali təhsilli gəncin subsidiyalı əsaslarla məşğulluğunun təminatını nəzərdə tutan layihənin icrası planlaşdırılır.
Ali təhsilli işsizlər...
«Bununla yanaşı, özünüməşğulluq proqramının icrası işlərinə cəlb olunanların da təqribən 20 faizdən çoxunu məhz ali təhsili olan və işsiz şəxslər təşkil edir. Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb. Həmçinin BMT İnkişaf Proqramı ilə birgə icra olunan «Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı» layihəsi SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində Bakıda və müxtəlif bölgələrdə yaradılan SYSLAB Təlim-Tədris Mərkəzlərində ilk dəfə işaxtaran ali təhsilli gənclərdə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqları formalaşdırılıb və onlardan 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin ediliblər», - nazirlikdən sorğumuza cavab olaraq təqdim edilən məlumatda göstərilir.