Məqalədə deyilir ki, neftlə zəngin Kərkük ərəblər və kürdlər arasında Yaxın Şərqi parçalayacaq daha bir müharibənin cəbhə xəttinə çevrilə bilər.
Lakin Qardnerin fikrincə, Kərkük təkcə ərəblərlə kürdlərin arasında deyil, həm də İranla ABŞ arasında gedən geosiyasi yarışın predmeti olub. Bu hadisənin xüsusilə də, Trampın İranla nüvə sazişini ləğv edəcəyi ilə hədələdiyi bir vaxta təsadüf etməsi maraq doğurur.
FT yazır ki, Trampın hədələri yayğın idi, amma İran bir neçə cəbhədə qətiyyətli addımlar atmağa hazır idi.
Məqalədə deyilir ki, muxtar Kürdüstan Regional Hökumətinin (KRH) başçısı Məsud Bərzani Kərkükü də kürd müstəqilliyi referendumuna daxil edəndə bunun tezalışan məsələ olacağı aydın idi.
Buna görə də təkcə Bağdad hökuməti deyil, KRH-nin bütün qonşuları referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər. Qardner yazır ki, ümumilikdə 30 milyon kürdə məskən olan Türkiyə, İran, İraq və Suriya öz aralarında çox sayda fikir ixtilafının olmasına baxmayaraq kürd məsələsində bir məxrəcə gəlməyi bacardılar.
Onlar ilk növbədə Bərzaninin keçirməyə can atdığı referendumdan doğan qığılcımın onların özlərinin kürd əhalilərini alovlandıracağından narahat idilər.
Buna baxmayaraq İraq və Suriyanın gələcəkdə də unitar bir dövlət olaraq qalacağı şübhə doğurur. Suriyada 6 ildir ki, davam edən müharibə artıq ölkəni bir çox hissələrə bölüb. İndi burda, Türkiyə Respublikasının «qarnının altında» Kürd Demokratik İttifaqı - PYD-nin nəzarətində olan böyük muxtar ərazi var.
PYD Kürdüstan İşçi Partiyası və ya PKK-nın Suriya qolu olaraq tanınır. Məhz buna görə də Türkiyə Əsəd rejiminə qarşı döyüşən islamçılardan dəstəyini geri çəkərək səylərini PYD-nin nəzarətində olan ərazilərin birləşməsinin qarşısını almağa yönəldib.
Öz növbəsində Tehran İraq kürdlərinin keçirdiyi müstəqillik referendumunu ABŞ-ın qəsdi hesab edir. Tehran bu qənaətdədir ki, Amerika İrandakı sünni kürd azlığını ayağa qaldırmağa cəhd göstərir.
Kərkükün özü də qarışıq məsələdir. Onun gələcək statusu 2007-ci ildə keçirilməli olan referendumda həll olunmalıydı, lakin bu referendum keçirilmədi.
KRH-nin peşmərgə qüvvələri Kərkükü 2014-cü ildə İraq ordusu İŞİD-in qabağından qaçanda zəbt etmişdi.
Məqalədə deyilir ki, kürdlər Kərkükə yəhudilərin Yerusəlimə baxdıqları müqəddəsliklə baxırlar.
Onlar iddia edirlər ki, Səddam Hüseynin etnik təmizləmə siyasəti bu regiondakı demoqrafik vəziyyəti ərəb və türkmənlərin xeyrinə dəyişib. Və ən nəhayət Kərkük özünün zəngin neft yataqları ilə əhəmiyyətlidir. KRH-nin neft-qaz ixracatının yarısı burdan gəlir.
Amma indi hər şeydən mühüm olan Kərkükün Tehran, Bağdad və Ankaranı birləşdirməsidir.
İraqın KRH-yə qarşı hücum əməliyyatının özəyini Xalq Səfərbərlik Qüvvələri təşkil edib. Bu şiə silahlı birləşmələrinin İran İslam Keşikçiləri Korpusunun birbaşa komandanlığı altında olduğu məlumdur.
Burada aparıcı rolu korpusun Qüds qüvvələri və onun generalı Qasım Süleymani oynayır.
FT yazır ki, Əsəd qüvvələrinin Fərat vadisi boyunca İŞİD-in nəzarətində olan Deyr əz-Zaura hücumunun da arxasında inqilab keşikçiləri dururdular.
Bu işdə İslam İnqilabı Keşikçilərinin əsas müttəfiqi Livanın Hizbullah təşkilatı idi. Bu qüvvələr ABŞ tərəfindən dəstəklənən Suriya kürdlərinin PYD peşmərgələrinə qarşı mövqe tutub.
Ötən cümə İrana bağlı qüvvələr Məyadin şəhərini ələ keçiriblər. Beləliklə Tehranın Aralıq dənizinə şiə zolağı ilə dəhliz açmaq ambisiyaları gerçəkləşməyə yaxındır.
FT yazır ki, ABŞ İraq və Suriya kürdlərini dəstəkləsə də İraqın kürd siyasətində aparıcı rolu İran oynayır. General Süleymani tez-tez təkcə şiələrin üstünlük təşkil etdiyi Bağdadda deyil, həm də Tehranın müttəfiqi olan Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) Süleymaniyyədəki bazasında olur.
Buna qəti inanılır ki, İraq qoşunlarının Kərkükü tutmasına PUK kürdlərinin bir kənara çəkilməsi imkan yaradıb.
Maraqlıdır ki, İran NATO müttəfiqi Türkiyəni də özünün antikürd planlarına cəlb edə bilib.
Ötən çərşənbə axşamı İraqın şiə qüvvələri Sincara doğru irəliləyib. Bura İŞİD-in məhv etməyə çalışdığı yezidilərin məskəni sayılır.
Qardner yazır ki, məhz buna görə də İran və Türkiyə hazırda ABŞ-la ən pis qarşıdurma vəziyyətindədirlər.