Vaxt.Az

Putinə qarşı sürpriz rəqib


 

Kseniya Sobçak prezidentliyə namizəd olmaq istəyir

Putinə qarşı sürpriz rəqib Rusiyanın kübar xanımı, teleulduz, müxalifət fəalı və keçmiş Sankt Peterburq merinin qızı Kseniya Sobçak deyib ki, o mart ayında keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək. Beləliklə də o bu barədə hələlik dəqiq niyyətini bildirməyən, lakin seçkidə iştirak edəcəyi az şübhə doğuran Vladimir Putinin rəqibi olacaq.

Oktyabrın 18-də özünün «Instagram» hesabından yaydığı qısa videomüraciətdə Sobçak bildirir ki, onun namizədliyi etiraz səslərinin – «hamının əleyhinə olan səslərin» cəlb edilməsinə xidmət göstərəcək. Rusiya seçkiləri üçün «hamının acığına» səs etirazı kifayət qədər məlum fenomendir.

Videomüraciətdə Sobçak deyib: «Mənim 36 yaşım var və mən də bütün Rusiya vətəndaşları kimi prezident seçkisində iştirak etmək hüququna malikəm. Mən indi bu hüququmdan istifadə etmək qərarına gəlmişəm».

Əynində kip oturan açıq mavi köynək, gözlərində brend eynəkləri olan Sobçak məqsədlərini izah edərək deyib ki, «o hamının əleyhinə səs vermək imkanını insanlara qaytarmaq» istəyir.

O deyib ki, «onlar nə vəd edirlərsə, etsinlər, nə deyirlərsə, desinlər biz bunun əleyhinə, hamının əleyhinə olacağıq».

Sobçakın qərarı ölkə başçısı postunda 17 ildir rəqibsiz oturan Vladimir Putinin qarşısına az-çox tutarlı rəqib çıxarmaq cəhdi kimi görünür.

Putin bu seçkidə dördüncü müddət prezidentlik uğrunda mübarizə aparacağına işarə etsə də, bu barədə rəsmi qərarını elan etməyib.

Rusiya müxalifətinin liderlərindən antikorrupsiya kampaniyaçısı Aleksey Navalnı rusiyalılar, xüsusilə də gənclər arasında kifayət qədər nüfuz və tərəfdara malik olsa da, onun bu seçkiyə buraxılmayacağı gözlənilir.

Navalnı özünün bir neçə hay-küylü video reportajlarında Rusiya hakimiyyətinin yuxarı eşelonlarındakı fiqurları hədəfləyir.

Buna baxmayaraq Rusiya məhkəmələrinin onun barəsində qəbul etdiyi siyasi motivli hökmlər Navalnının seçkidə iştirakını mümkünsüz edir.

Bundan bir qədər əvvəl Kremldən qaynaqlanan bəzi məlumatlara görə bu seçkidə Putinə qarşı qadın namizədin çıxış edəcəyi söylənirdi.

Bir vaxtlar Rusiyanın Paris Hiltonu adlandırılan Kseniya Sobçak 1991-1996-cı illərdə Sankt Peterburqun meri olmuş Anatoli Sobçakın qızıdır.

Anartoli Sobçak siyasət aləmində Putinin müəllimi hesab olunur.

 





18.10.2017    çap et  çap et