Dövlətimizin başçısı deyib: «Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik».
Prezident vurğulayıb ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur. Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir.
«Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik», - deyə Azərbaycan Prezidenti qeyd edib.