Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verərkən Ceff Sessions deyib ki, onun Rusiya nümayəndəsi ilə görüşü ABŞ seçkisi ilə bağlı olmayıb.
Sessions, ABŞ kəşfiyyat orqanlarının Trampın keçmiş və indiki komandasının Rusiya rəsmiləri ilə əlaqələrini araşdıran təhqiqatlarının subyektlərindıən biridir.
ABŞ kəşfiyyatı Rusiyanın seçkiyə Trampın qələbəsinə dəstək vermək məqsədilə müdaxilə etdiyini bildirib.
Rusiyanın seçkiyə müdaxiləsi iddiaları ilə bağlı araşdırma subyekti olan digər şəxslər ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn (Michael Flynn) və Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerdir (Jared Kushner).
Kislyakla görüşlər
Azı iki Konqres komitəsi və xüsusi prokuror Robert Müller (Robert Mueller) Rusiyanın ABŞ prezident seçkisi zamanı fəaliyyətini və Tramp komandası ilə Rusiya rəsmiləri arasında2016-cı ilin noyabr seçkisindən əvvəl hər hansı sövdələşmənin olub-olmadığlnı araşdırır.
Ötən mart ayında Sessions, Trampın 20 yanvar inaqurasiyasından əvvəl Rusiya rəsmiləri ilə əlaqələrinə görə, özünü Rusiya ilə bağlı bütün təhqiqatlardan aralayıb.
Sessions Senat komitəsinə bildirib ki, o, prezident, xüsusi göstərişi ilə icazə verməyənədək Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı Trampla şəxsi söhbətləri və FTB-nin keçmiş rəhbəri Ceyms Kominin (James Comey) işdən azad edilməsi barədə heç bir şərh verməyəcək.
Komi Tramp tərəfindən Rusiyaya dair təhqiqatın davam etdiyi bir vaxtda vəzifəsindən çıxarılıb. Məhz bu hadisə Robert Müllerin xüsusi prokuror təyin edilməsinə səbəb olub.
Sessions bundan əvvəlki inkarlarına baxmayaraq, bu dəfə ifadə verərkən Rusiyanın ABŞ-dakı ovaxtkı səfiri Sergey Kislyakla azı iki dəfə görüşdüyünü təsdiqləyib.
Kislyakın prezident kampaniyasından əvvəl və sonra Tramp komandası ilə əlaqələri bir çox demokratları və başqalarını narahat etmişdi.
Oktyabrın 18-də keçirilən dinləmədə demokrat senator Patrik Lihi (Patrick Leahy) Sessionu ciddi sorğu-suala çəkib.
Lihi deyib: «Mən sizdən yazılı şəkildə soruşmuşdum ki, siz 2016-cı il seçkisindən əvvəl Rusiya hökumətindən hər hansı bir şəxslə əlaqədə olmusunuzmu? Və siz bu suala qəti formada «yox» demişdiniz. Biz bundan sonra sizin 2016-cı il seçkisinin şıdırğı vaxtında Rusiya səfiri Kislyakla bir neçə görüşünüzün olmasından xəbər tutduq. Siz başa düşürsünüzmü ki, bu komitənin üzvləri niyə sizin «yox» cavabınızı yalan kimi qiymətləndirirlər?»
Senator Lihi deyib ki, şəxsən o, Sessionsu ruslarla sövdələşmədə ittiham etməyib, lakin baş prokurorun «yox» cavabı, onun Rusiya rəsmiləri ilə görüşləri barədə həqiqəti gizlətdiyini göstərir».
Bu suallara cavab olaraq Sessions «mən doğru cavab verdiyimə inanıram» deyib.
Sessions deyib ki, o suala cavab verərkən bu görüşlərin seçki ilə əlaqədar olub-olmadığından çıxış edib.
Sessions bunu da qeyd edib ki, o, xüsusi prokuror Robert Müllerin təhqiqatı çərçivəsində ifadə verməyib.
Baş prokuror Trampın bu təhqiqatları «əcinnə ovu» adlandırmasına şərh verməkdən imtina edib, lakin deyib ki, Müllerin təhqiqatı onun düzgün hesab etdiyi bir şəkildə nəticə çıxaracaq və hökmü tarix verəcək.