Vaxt.Az

Sevinməli heç-heçə


 

«Qarabağ» ən xoş sözlərə layiqdi

Sevinməli heç-heçə Adətən qələbədən başqa heç bir nəticəyə sevinmirəm. Rəqibdən, təmsilçimizin gücündən asılı olmayaraq, daim maksimum nəticə arzulayıram. Heç-heçəyə «buna da şükür» deyənlərdən də deyiləm.

Amma fransız hakimin «Qarabağ»ın aşkar penaltisini verməməsini, komandanın haqsız yerə azlıqda qalmasını, üstəlik, «Atletiko» kimi nəhənglə dueldə Çempionlar Liqasının debütantı olduğumuzu nəzərə alaraq, bu heç-heçəyə «0:0 hesablı qələbə» də demək olar. Hələ ortada parlaq oyun varsa, heç tabloya baxmaq da məsləhət deyil.

«Qarabağ» bu mövsüm ən yaxşı oyununu keçirdi, İspaniya klubuna heç bir komponentdə uduzmadı. Düzdü, rəqibin həmlələri daha təhlükəli alınırdı ki, bunun da səbəbi ustalıq səviyyəsindəki fərqdə və belə turnirlərdə vacib olan təcrübə çoxluğunda idi. Amma İbrahim Şehiç indiyəqədərki bütün səhvlərini unutduracaq qədər inamlı oynayıb, qapısını alınmaz qalaya çevirdi. Topa daha çox nəzarət, futbolçuların soyuqqanlılığı, sona qədər mübarizə aparmaq əzmi yalnız alqışa layiq idi.

Baş məşqçi Qurban Qurbanov rəqibi əla analiz edib, düzgün taktika qurmuşdu. Maksim Medvedevin zədəsi olmasa və Pedro Enrike erkən yorulmasaydı, bəlkə çalışdırıcı riskə də gedəcəkdi. Amma bu bəxtsizliyin üstünə Dino Ndlovunun meydandan qovulması da gəlincə, Qurbanovun hesabı qorumaqdan başqa çarəsi qalmadı. Düzdü, «Atletiko»dakı enişin Bakı səfərində davam etməsi də işimizə yaradı. Amma yenə də təkcə Antuan Qrizmannın transfer qiymətinin «Qarabağ»da indiyədək oynamış bütün futbolçuların dəyərindən artıq olması faktı heç-heçəyə sevinməyə əsas verir.

Qurbanov tarixi nəticəyə nail oldu, növbəti dəfə adını ölkə futbolu tarixinə yazdırdı. Lakin Madrid səfərində daha çətin olacaq. «Atletiko» evdə oynayacaq, üstəlik, Dino və ola bilsin, son dəqiqələrdə dizindən ciddi zədə alan Bədavi Hüseynov cavab matçında olmayacaq. 2 liderin yoxluğu isə əlavə çətinlikdi.

İstənilən halda, «Qarabağ» ən xoş sözlərə layiqdir. Növbəti matça kimi qazanılan ilk xalın sevincini yaşamaq və azacıq da olsa, 3-cü yer haqda fikirləşmək (yalnız fikirləşmək – red.) olar.

 





19.10.2017    çap et  çap et