Vaxt.Az
Şeyxin deputat qardaşından sərt mövqe
«Suriyada döyüşən muzdlular Azərbaycan vətəndaşlığından xaric edilməlidir»
Azərbaycanın radikal dini təfəkkürlü vətəndaşlarının Suriyaya üz tutaraq müxalifət qüvvələri tərəfində Bəşər Əsədə qarşı döyüşmələrini rəsmi mənbələr də təsdiq edir. «Cihad libası»nda Suriyada vətəndaş müharibəsinin iştirakçısı olmaq kimi bir missiya ilə təlimatlandırılan vətəndaşlarımızın ölüm xəbərlərini eşitmək isə artıq adi hala çevrilib.
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-Suriya parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Paşazadə bildirib ki, vətəndaşlarımızın bu addımı düzgün sayılmır. Milli Məclisin deputatı «cihad qəhrəmanları»nın ümumiyyətlə Azərbaycan vətəndaşlığından çıxarılmasının vacibliyini vurğulayıb. «Azərbaycanlılardan ibarət bir qrup başqa ölkədə hökumət qüvvələrinə qarşı vuruşursa və bu, dövlət maraqlarımızla ilə üst-üstə düşmürsə, həmin adamlar Azərbaycan vətəndaşlığından çıxarılmalıdır».
C.Paşazadənin sözlərinə görə, Azərbaycanla Suriya arasında hazırda hər hansı rəsmi əlaqə yoxdur.
«Cihad marşrutu»nda Türkiyənin tranzit ölkəyə çevrilməsi rəsmi dairələr tərəfindən də təsdiqlənib. Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, Azərbaycan vətəndaşlarının Suriyaya keçməsinin qarşısını almaq üçün Ankaraya müraciət edilib. Bəzi mətbuat orqanları bu açıqlamanı Azərbaycanla Türkiyə arasında gərginliyin yaranması kimi şərh etsə də, deyilənlər yalnız subyektiv mülahizə kimi xarakterizə edilə bilər.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ankara ilə Bakı arasında münasibətlərə xələl gətirə biləcək toqquşan maraqlar yoxdur. «Türkiyə hökuməti Suriya müxalifətini dəstəkləyir. Amma Azərbaycan da heç bir zaman Bəşər Əsədi dəstəklədiyini deməyib. Azərbaycan yalnız öz təhlükəsizliyi maraqlandırır və özü də siyasi gərginliyi ilə seçilən bölgədə yerləşir».
Analitikin fikrincə, Azərbaycanın Suriya məsələsində Türkiyə ilə maraqları kəsişmir. Onun sözlərinə görə Azərbaycan hökuməti Suriyanın daxili işlərinə qarışmamağı məqsədə uyğun bilir. «Suriyada tez-tez Azərbaycan vətəndaşları öldürülür. Azərbaycan vətəndaşları kütləvi şəkildə Suriyaya yollanaraq terrorçu qruplara qoşulurlar. problemin həll olunması üçün Türkiyə ilə əməkdaşlığa ehtiyac var. Bu istiqamətdə Azərbaycanla Türkiyə kəşfiyyat orqanlarının əməkdaşlığı genişləndirilməlidir. Gələcəkdə Suriyada savaş bitsə, həmin insanların kimlərin təlimatı ilə və necə ölkəyə qayıtması sualı ortaya çıxır. Bu məsələlər Azərbaycana təhlükəsizlik problemləri yarada bilər. Türkiyə sərhədindən Suriyaya gedənlərə tam olaraq nəzarət etmək də çətindir. Bu, Türkiyənin özü üçün də təhlükə mənbəyidir. Düşünürəm ki, məhz bu baxımdan Azərbaycan səfirliyinin müraciətinə Türkiyə tərəfi mənfi cavab verməyəcək», - deyə siyasi ekspert bildirib.
27.01.2014 çap et