O cümlədən Azərbaycan İtaliyanın nüfuzlu şirkətləri ilə hərbi-texniki əməkdaşlıq barədə müzakirələr aparır. Habelə ölkələr arasında mədəniyyət və təhsil sahəsində əlaqələr də xeyli genişdir. Bütün bu və ya digər mövzular barədə İtaliyanın Bakıdakı səfiri Auqusto Massari virtualaz.org və haqqin.az saytlarına müsahibəsində danışır.
Massari Bakıda bu ilin avqustundan fəaliyyətə başlayıb. Səfirlə söhbətə başlamazdan əvvəl onun İtaliyada təhsil almaq istəyən tələbə qıza vizanı şəxsən təqdim etdiyinin şahidi olduq. Məlum oldu ki, həmin tələbə il ərzində İtaliyada təhsil almaq üçün viza əldə edən 500-cü azərbaycanlıdır.
- Cənab səfir, əvvəla, bizimlə söhbətə vaxt ayırdığınız üçün təşəkkürümüzü qəbul edin. 2016-cı ilin mayında Sizin sələfiniz cənab Campaolo Kutillo saytımıza müsahibə vermişdi və bu müsahibə xeyli maraq, rezonans doğrumuşdu. Ümid edirik ki, Sizinlə söhbətimiz də beləcə rezonans doğuracaq. İlk sualımız Azərbaycanla İtaliya arasında münasibətlər barədədir. Səfir kimi bu münasibətlərin daha da inkişafı üçün hansı planlarınız var?
- İtaliya Avropada Azərbaycan ixracının birinci təyinat məntəqəsidir. Və bizim üçün Azərbaycan birinci, yaxud illərdən asılı olaraq ikinci xam neft təchizatçısıdır. Bu münasibətlər həm sizin, həm mənim ölkəm üçün çox mühümdür. Və mən hesab edirəm ki, bu illər ərzində ölkələrimi arasında çox güclü iqtisadi, siyasi münasibətlər, habelə xalqlarımız arasında möhkəm dostluq münasibətləri yaranıb. Bizim aramızda siyasi problem yoxdur. İqtisadi münasibətlərimiz dərinləşir. Baxmayaraq ki, son iki ildə sizin valyutanızın devalvasiyası və xərclərin azaldılması ilə bağlı İtaliya mallarının Azərbaycana ixracı xeyli azalıb. Lakin bu ilin ilk 6-7 ayrı ərzində biz müəyyən dirçəlişin şahidi olmuşuq. Ümid edirəm ki, yenidən iki il əvvəlki səviyyəyə, iqtisadi münasibətlərimizin pik nöqtəsinə qayıda biləcəyik.
Qeyd etmək lazımdır ki, İtaliyanın Azərbaycanla ticarət dövriyyəsində kəsir var, əsasən ona görə ki, biz xam neft idxal edirik. Ticarət balansındakı bu kəsir 2020-ci ildə TAP kəməri işə düşəndə daha da artacaq. Bu da o deməkdir ki, biz həmin kəsiri doldurmaq üçün böyük sayda İtaliya şirkətlərinin Azərbaycanda iştirakına nail olmalıyıq. Bu, sizin hökumətinizin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş hədəflərinə də uyğundur.
Mən etimadnaməmi təqdim edəndə prezident İlham Əliyevlə bu məsələləri müzakirə etdim. O, məni Azərbaycana daha çox İtaliya şirkətlərini dəvət etmək üzərində işləməyə çağırdı. Hazırda buna çalışıram. Neft və qazdan başqa elə sahələr var ki, İtaliya şirkətləri orada Azərbaycanla birgə işləyə bilərlər. Bir neçə layihə var ki, İtaliya şirkətləri orada tenderə qatılıblar və qalib gəlməyə namizəddirlər. Bunlar yeni neftayırma zavounun layihəsi, poladəritmə sahəsində iri layihə, ölkəni şimalda Rusiya ilə birləşdirəcək böyük dəmir yolları infrastrukturu layihəsi, tikinti və infrastruktur, kənd təsərrüfatı layihələridir.
Əminəm ki, biz Azərbaycanın əsas ticarət tərəfdaşı kim mövqeyimizi qoruyacağıq və bu münasibətləri daha da möhkəmləndirəcəyik.
- Bayaq TAP layihəsinə toxundunuz. Bu layihə, bildiyiniz kimi, Avropanın energetika təhlükəsizliyinə və enerji daşıyıcıları təchizatının şaxələndirilməsinə xidmət edir. O zaman İtaliyanın cənubunda vaxtaşırı olaraq TAP kəmərinin tikintisinə qarşı aksiyaların arxasında hansı qüvvələr dayanır? Bunlar Avropanın alternativ qaz mənbələrinə malik olmasını istəməyən qüvvələr deyil ki?
- Fikrimcə, belə qüvvələrin mövcud olmasına baxmayaraq, bizim üçün bu fakt mühümdür ki, həm TAP konsorsiumu, həm layihədə iştirak edən ölkələrin hökumətləri irəli getməyə hazırdır. Mən prezident İlham Əliyevə etmadnaməmi təqdim edəndə İtaliya hökumətinin bu layihəni həyata keçirmək üçün siyasi iradəsinin olduğunu qeyd etdim. Ötən ay mənim hökumətim TAP-ın tikintisinin davam etdirilməsinə dair yeni qərarlar verməklə bunu sübut edib. Habelə ötən həftə İtaliyanın Konstitusiya Məhkəməsi tikintini sürətləndirməyə imkan verən mühüm qərar çıxardı. Bu da işlərin necə getdiyini göstərir. Və maneələrə baxmayaraq, biz tikintini davam etdirəcəyik.
Bildiyiniz kimi, bu layihənin başlanğıcı Azərbaycan, sonu İtaliyadır. Biz zəncirin iki mühüm həlqəsiyik, - başlanğıc və son. TAP çox mühüm layihədir, bilirik ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Layihə Avropanın enerji təchizatını şaxələndirmək üçün də mühüm əhəmiyyətə malikdir. Bunu hamı bilir. Bəli, etirazlar olub. Mən hesab edirəm ki, bəzən bu etirazlar layihə barədə məlumatsızlıqdan irəli gəlirdi. İnsanlar layihənin ətraf mühitə təsirindən narahat ola bilərdilər. Lakin indi vəziyyət hər həftə, hər gün yaxşılaşır. İtaliya hökumətinin iradəsi var ki, bu layihə 2020-ci ildə tamamlansın.
TAP layihəsi İtaliya və Azərbaycan üçün qarşılıqlı mənfəətə malikdir, o cümlədən layihəyə cəlb olunmuş digər ölkələr üçün. Layihə iştirakçı şirkətlərə də sərfəlidir. O cümlədən Avropa vətəndaşlarının xeyrinədir, bu səbəbdən Brüsseldə layihəyə xüsusi maraq var.
- Oktyabrın 4-də Azərbaycan prezidenti İtaliyanın iri hərbi-sənaye şirkəti olan «Leonardo»nun baş icraçı direktoru Alessandro Profumonu qəbul etdi. Məlumatlara görə, görüşdə həmin şirkətlə Azərbaycanın müxtəlif güc strukturları arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub. Ölkələrimiz arasında bu sahədə əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- «Leonardo» şirkətinin baş direktorunun Bakıya səfəri doğrudan da mühüm hadisə idi. Çünki bu, İtaliyanın səhmləri dövlətə məxsus olan ən iri çoxmillətli, uzunmüddətli fəaliyyət tarixçəsinə malik şirkətdir. Bu səfər şirkətlə Azərbaycan arasında strateji tərəfdaşlıq üçün çox mühümdür. «Leonardo» şirkəti sənaye mühafizəsi, mülki aviasiya, dənizdə, quruda və sərhədlərdə təhlükəsizliyin təmin olunması üzrə bir sıra məhsullar istehsal edir. Habelə şirkətin infrastruktur obyektləri qurma təcrübəsi var. Məsələn, mən bilirəm ki, Bakı metrosunun üçüncü xəttinin çəkilməsi layihəsi «Leonardo» şirkəti üçün maraqlı ola bilər. Şirkət habelə qatarlar üçün təhlükəsizlik sistemlərinin yaradılması təcrübəsinə malikdir.
Bu, çox unikal şirkətdir. Bir çox ölkələrdə zavodları var. Və olduqca mühümdür ki, şirkətin icraçı direktoru ilk xarici səfərini Azərbaycana edib. Bu da şirkətin Azərbaycanla strateji tərəfdaşlıq qurmaq niyyətindən xəbər verir. «Leonardo» artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq edir. Məsələn, SOCAR-la memorandum bağlayıb. Bir çox görüləsi işlər də var. Lakin daha mühüm olanı prezident İlham Əliyevin dediyi kimi, «Leonardo» şirkəti ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulmasıdır.
- İtaliya Qarabağ məsələsində Azərbaycana dəstək verən, ərazi bütövlüyünü birmənalı müdafiə edən ölkələrdən biridir. Gələn il Sizin ölkəniz ATƏT-ə sədrlik edəcək. Səfir kimi bu münaqişənin tarixçəsinə bələdsinizmi və onun nizamlanması perspektivlərini necə görürsünüz? İtaliyanın bu məsələdə rolu nədən ibarət ola bilər?
- İtaliya həmişə bu problemə dair mötədil, balanslı mövqedən çıxış edib. Hesab edirəm ki, məsələnin iki aspekti var. Birincisi, münaqişənin məzmunudur ki, hazırda bu məsələdə mən dəyişiklik görmürəm. İkincisi, nizamlama prosesində nələrsə baş verir. Biz xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda keçirilmiş görüşünü, habelə prezidentlərin son Cenevrə görüşünü müsbət qiymətləndiririk. İtaliyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə bu problemlə dair mövqeyi ondan ibarət olacaq ki, biz siyasi dialoqu, balanslı və mötədil yanaşmanı dəstəkləyəcəyik. Sülh prosesinə dəstək üçün diplomatik kanalları qoruyub saxlamaq vacibdir. Hansı ki, bu diplomatik təmasların münaqişənin həllinə gətirib çıxaracağına inanırıq.
Ötən ay müəyyən müsbət impulslar olub. hesab edirəm ki, elə bu yolla da, yəni siyasi dialoq yolu ilə də getmək lazımdır. Bu zaman BMT-nin prinsiplərinə, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanmaq gərəkdir. İtaliya bir neçə münaqişənin nizamlanmasında iştirak edib. Və bizim təcrübəmiz göstərir ki, tərəflər danışıqlar zamanı ayırıcı xətlər üzərində deyil, birləşdirici xətlər üzərində işləməlidir. Və bu təcrübə münaqişələrdən sonra sülhə nail olmaq üçün istənilən digər danışıqlardan faydalıdır.
- Söhbətə başlamazdan əvvəl Sizin azərbaycanlı tələbə qıza təhsil vizası verdiyinizi gördük. Hazırda İtaliyada mindən çox azərbaycanlı tələbə təhsil alır, bu da Avropa üçün yüksək göstəricidir. Bizim məlumatımıza görə bu il İtaliya səfirliyi təhsil vizaları üçün çoxsaylı müraciətlər alıb. Lakin tələbələrin bir çoxuna viza verməkdən nəyə görəsə imtina ediblər. Narazılıq doğuran bu situasiyanın səbəbləri nədir?
- Bu suala çox sevindim, çünki yaranmış vəziyyəti aydınlaşdırmağıma imkan yaradır. Bakıya gəldiyim vaxtdan onu izləyirəm. Vəziyyəti izah etmək üçün bir neçə rəqəm sadalamaq istəyirəm. 2016-cı ildə biz İtaliyada təhsil alacaq azərbaycanlı tələbələrə 252 viza vermişik. Bu il İtaliya səfirliyi viza üçün 800 sifariş qəbul edib və bu çox gözlənilməz oldu. Lakin bu yenə də bizi sevindirir, çünki ilk növbədə xalqlarımız arasında dostluğun nə qədər real və konkret olduğunu göstərir və İtaliya universitet sisteminin ölkənizdə necə qiymətləndirilməsini nümayiş etdirir. Bu gün mən şəxsən builki 500-cü tələbəyə viza ilə pasportu təqdim etdim. O, Bakı Dövlət Universitetinin tələbəsidir və Maçerata şəhərinin universitetində magistraturada ingilis dilində «Maliyyə və iqtisadiyyat» ixtisası üzrə oxumağa gedir. Onun universitet qiymətləri yaxşıdır və ingilis dilini də yaxşı bilir.
Bakıya gəldiyim vaxt havada doğrudan da bir gərginlik var idi, sosial bloqlarda İtaliyaya vizalarla bağlı problemlər barədə bir neçə məqalə yer almışdı. Lakin əslində problem yox idi. Biz hər bir ərizəçi ilə müsahibə aparmalıyıq, növbə ilə. Bu il belə ərizəçilərin sayı çox olduğundan, bu da çox vaxt apardı. Siz bir daha rəqəmlərə baxsanız, görərsiniz ki. vizaların verilməsinə imtina faizi İtaliya səfirliyində Bakı üzrə ən aşağı göstəricilərdən biridir – hardasa cəmi 25-30 faiz.
Bəzi tələbələrlə şəxsən müsahibə aparmışam. Birincisi, bu vəziyyəti aydınlaşdırmaq üçün yaxşı imkan idi, ikincisi də, ölkəni və onun insanlarını tanıyırdım. Daha vacibi isə odur ki, hamıya göstərmək istəyirdim ki. bu vəziyyətin öhdəsindən gələcəyik. Söhbətləşdiyim namizədlər arasında yalnız paytaxtdan deyil, Gəncədən, Şəkidən, Qubadan, Naxçıvandan və Lənkərandan da gələnlər var idi.
Viza verilməsində imtina etdiyimiz bəzi tələbələrlə bağlı problem ondan ibarət idi ki, onların ingilis dili bilikləri yaxşı səviyyədə deyildi, bu səbəbdən onlar həmin dildə təhsil ala bilməzdilər. Bu bilik səviyyəsini səfirliyimiz müəyyən etmir, burada – Bakıda olan Britaniya şurası təyin edir. Bəzi tələbə oğlanlar mənə etiraf etdilər ki, hərbi xidmətdən yayınmaq üçün xaricə getmək istəyirlər: İtaliya səfirliyinə qədər onlar başqa səfirliklərə də müraciət etmişdilər. Bəzi tələbələr isə həddi-büluğa çatmayanlar idi və biz onları kimsəsiz şəkildə İtaliyaya yollaya bilməzdik. Bəzi digər tələbələrdən isə soruşanda ki, nəyə görə İtaliyada təhsil almaq istəyirlər, hansı fənləri öyrənəcəklər, cavab verə bilmirdilər, deyirdilər ki, sadəcə getmək istəyirlər.
Azərbaycanın rəsmi şəxslərinin mənə bildirdiyi bir detalı da qeyd etmək istəyirəm. Elə agentliklər var ki, hazırlıq və ingilis dili səviyyəsindən asılı olmadan tələbələrdən sifarişləri toplayırlar. Həmin agentliklər tələbələrə boş vədlər verir və bildirirlər: «Narahat olmayın, vizalarınızı alacaqsınız». Lakin bundan sonra biz onsuz da onların səviyyəsinin İtaliyada təhsil almaq üçün yetərli olub-olmamasını yoxlamalıyıq. Əgər uyğun gəlmirsə, viza sifarişinə rədd cavabı verilir. Problem ondadır ki, həmin agentliklər vizaların verilməsi ilə bağlı tələbələrə yanlış məlumat verir. Bu isə həmin tələbələrə və onların ailələrinə münasibətdə ədalətsizlikdir.
Lakin tələbələrin 70 faizi İtaliyada təhsil üçün yaxşı hazırlıqlı idi və ingilis dilini yaxşı bilirdilər. Həmin tələbələr artıq İtaliyadadır. Biz Avropa İttifaqı ölkələri arasında Azərbaycandan ən çox tələbə qəbul edən ölkə olmaqdan məmnunuq.
- Siyasət və iqtisadiyyatdan uzaqlaşaq. Bir çox azərbaycanlı opera müğənniləri bütün dünyada məşhur olan La Skala Milan operasında təcrübə keçiblər. Bu həm sovet illərinə, həm də müstəqillik illərinə aiddir. İtaliya mədəniyyəti, o cümlədən musiqi və kino ölkəmizdə həmişə məşhur olub. Fikrinizcə, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı perspektivləri necədir?
- Bakıya gələnə qədər İtaliyanın Çindəki səfirliyində işləyirdim. Əlbəttə, Çin çox dinamik ölkədir, lakin bura gələndən sonra mən Bakıda mədəni hadisələrin dinamikasına səmimi qəlbdən heyran oldum. Fantastik Heydər Əliyev Mərkəzində yüksək səviyyəli sərgilər, musiqi, caz festivalı, müasir musiqi, muğam.
İtaliya barədə fikirləşərkən siz ilk növbədə mədəniyyət, rəsmlər, incəsənət, memarlıq barədə düşünürsünüz. Bu çoxəsrlik, minillik tarixin nəticəsidir. İtaliya mədəniyyətinin Azərbaycanda tanıdılması üçün bir sıra tədbirlər keçiririk.
Bunlardan birincisi oktyabrın 16-da başlamış və 23-nə qədər davam edəcək italyan dili həftəsidir. Bu həftə ərzində bir çox tədbirlər keçiriləcək. Bu il italyan dili həftəsi İtaliya kinosuna həsr edilib. İtalyanca biz deyirik: «L'Italiano al Cinema, l'Italiano nel Cinema» - «Kinoda italiyalı, kinoda italyan dili». Beləliklə, Bakıda hər gün italyan filmləri nümayiş etdiriləcək.
İkinci tədbir 20-26 noyabr tarixlərində keçiriləcək italyan mətbəxi həftəsidir. Bu da mədəniyyətin bir parçasıdır. İtaliyadan gələn aşpazlar burada məşğələlər keçirəcək.
İli yekunlaşdıracaq üçüncü tədbir Heydər Əliyev Mərkəzində sərgi olacaq. Burada Karavaconun rəsmləri innovasion rəqəmli texnika vasitəsilə nümayiş etdiriləcək. Həmin sərginin təşkilində tərəfdaş kimi Heydər Əliyev Fondu iştirak edir.
- Ölkəmizdə çoxları İtaliya xalqı ilə görünməz əlaqəni hiss edir və İtaliyada özlərini evlərindəki kimi hiss edirlər. Burada söhbət oxşar temperamentdən, emosionallıqdan, möhkəm ailə ənənələrindən və başqa incəliklərdən gedir. Ölkəmizdə özünüzü rahat hiss edirsinizmi? Burada özünüzü bir növ evdəki kimi hiss edə bilirsinizmi?
- Açığını deyim. Burada küçələrdə, İçərişəhərdə, ölkənin rayonlarında ailəmlə maşınla gəzirəm. Cəmi iki aydır ki burdayam, amma Gəncədə şəhərin meri ilə birlikdə marafonda iştirak etmişəm, Şəkidə olmuşam. Mən burada özümü tamamilə evimdəki kimi hiss edirəm. Azərbaycan xalqının mehribanlığını duyuram. Azərbaycanlılar sizi dinləməyə, sizə kömək etməyə hazırdır.
Əlbəttə ki, bir də dəniz. Mən Adriatik dənizinin sahilində yerləşən şəhərdə anadan olmuşam. Nahar fasiləsində cəmi 10 dəqiqəyə sahildə olmağı, dəniz sahilində qəhvə içməyi, gəlib keçən insanları müşahidə etməyi – bunları çox qiymətləndirirəm. Dənizi sevirəm və Bakı çox xoşuma gəlir. Burada özümü evimdəki kimi hiss edirəm.
- İtaliya azərbaycanlılar üçün çoxdan bəri populyar turizm istiqamətidir. Bəs İtaliyada Azərbaycan nə qədər məşhurdur? Biz hazırda turizm bumu yaşayırıq, lakin əsas etibarilə Şərq ölkələri hesabına. İtaliyalı turistləri ölkəmizə necə cəlb etmək olar?
- Doğrudan da, Azərbaycan İtaliyada artıq kifayət qədər tanınır. İlk növbədə neftinə görə. Lakin həm də burada keçirilən iri tədbirlər sayəsində ölkəmizdə Azərbaycanı tanıyırlar. Bunlar «Formula-1», bu yaxınlarda başa çatmış voleybol üzrə Avropa çempionatıdır. Bu hadisələr Azərbaycanı əvvəlkindən də tanınan edib. Əlbəttə ki, bir də UEFA Çempionlar Liqasında «Roma»ya qarşı oynayan «Qarabağ»a görə. Düz bir həftə bütün İtaliya Azərbaycan və Qarabağ barədə oxumuşdu.
Bir amil də var. Azərbaycan Romada qədim abidələrin bərpası işlərini maliyyələşdirib. Bunlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Birinci xanım Mehriban Əliyeva şəxsən bu işdə iştirak edib. Bu İtaliyada çox dəyərləndirilir. Bu həm də ölkənizin mədəniyyətlərarası və dinlərarası cəhətdən ölkənizi çox gözəl xarakterizə edir. Ölkənizin bütün mədəniyyətlərə və dinlərə hörmətlə yanaşması onun nüfuzunu daha da artırır. Roma Papasının ölkənizə səfəri də bu baxımdan çox önəmli idi.
İtalyan turistləri isə ölkənizə daha çox mədəniyyət abidələrinizin hesabına cəlb edə bilərsiniz.
- Ölkəni cəmi 3 sözlə xarakterizə etmək istəsək, İtaliya üçün bu yəqin ki, Kolizey. Pizza və operadır. Bəs neft də daxil olmaqla, Azərbaycan üçün bu hansı 3 kəlmədir?
- Birinci söz çox sadədir – xalçalar. Dünyada ilk xalça muzeyi 1960-cı illərdə burada açılıb. İkincisi isə daha çox metaforadır – Avropa ilə Asiya arasında körpü. Bu iki qitənin simbiozunu burada tapmaq mümkündür. Üçüncüsü isə Bakının inkişafını nəzərə alaraq memarlıqdır.
Dördüncü kəlməni də əlavə etmək istərdim... Bu çox dərin konsepsiyadır – qadınların səs hüququ. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səs hüququ verilib. İtaliyada bu 1946-cı ildə baş verib. Yəni sizin ölkədən 30 il sonra. Bir düşünün, gələn il sizin Birinci Respublikanın 100 yaşı tamam olacaq. Bu, qürurlanmaq üçün çox yaxşı səbəbdir.
Qadınlara səs hüququnun verilməsi sivilizasiyanın əlamətidir və siz bunu bir çox Avropa ölkəsindən əvvəl etmisiniz. Bu, qürurlanmalı hadisədir və gələn il həmin nailiyyəti qeyd etmək üçün gözəl fürsətdir.