Vaxt.Az

«Qərəzli savadsızlıqdır»


 

XİN Nalbəndyanın cavabını verdi

«Qərəzli savadsızlıqdır» «BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı».

Bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın 4-cü Avropa erməniləri konfransında səsləndirdiyi fikirləri ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib: «Həmçinin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub».

H.Hacıyev əlavə edib ki, Ermənistan xarici işlər nazirinin isə cəfəng fikirlərini təkrarlamaması və heç olmasa peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı: «Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını, həmçinin erməni diasporunu çaşqın vəziyyətə salır».

 





19.10.2017    çap et  çap et