***
Səfəvilər dövlətinin banisi I Şah İsmayıl (1487-1524) Çaldıran döyüşündən sonra mümkün qədər öz dövlətinin bütövlüyünü təmin etməyə və bacardıqca az ərazi itirməyə çalışırdı. Bu məqsədlə o, Çaldıranda həlak olmuş Məhəmməd xan Ustaclunun yerinə onun qardaşı Qara xanı Diyarbəkir valisi təyin etdi. «Bədayə-ül-vəqayə» əsərinin müəllifi Qoca Hüseynin yazdığına görə, Şah İsmayılın bu addımı atmasına səbəb «Kürdüstan» əmirlərinin ondan üz çevirməsi olmuşdu. Qara xan şahın əmri ilə Çəpaqcur yolu ilə irəliləyib, Urfa hakimi Durmuş bəy, eləcə də Mardin, Həsənkeyf, Xarput və Ərğanidə olan beş min qızılbaşla birgə Amid qalasını mühasirəyə almışdı. O, qızılbaş hökmdarının adından qala əhlinə müxtəlif vədlər versə də, Amidi danışıqlar yolu ilə ələ keçirə bilməmişdi.
Amid əhli həmin vaxt Amasyada olan İdris Bidlisiyə müraciət edərək, ondan kömək istədi. Milliyyətcə kürd olan İdris Bidlisi kürd əmirləri arasında böyük nüfuza malik idi. O, dövrünə görə mükəmməl təhsil almış, mənsub olduğu millətin məram və məqsədlərini gerçəkləşdirmək üçün bilik və bacarığını əsirgəməmişdi. Sultan Yaqub dövründə (1478-1490) Ağqoyunlu sarayının münşilərindən olan İdris Səfəvilər dövləti qurulduqdan sonra, 1501-ci ildə Osmanlılara sığınaraq, İstanbulda yaşamağa başlamış, 1502-ci ildə Sultan II Bəyazidin tapşırığı ilə ilk səkkiz Osmanlı padşahının tarixini fars dilində nəzmlə qələmə almış, «Həşt-behişt» («Səkkiz cənnət») adlı əsərini 30 ay sonra bitirmişdi. Bundan başqa, tarix elminə onun Sultan I Səlimdən bəhs edən «Səlimnamə» adlı əsəri də məlumdur. Mövlana İdris və Molla İdris adları ilə də tanınan İdris Bidlisi Çaldıran savaşına da qatılmış, məhz onun xidməti sayəsində qırxdan çox kürd əmiri öz silahlı dəstələri ilə qızılbaşlara qarşı döyüşmüşdü.
Amid qalası əhalisinin müraciətindən sonra İdris Bidlisi Sultan Səlimə aşağıdakı məzmunda itaət məktubu göndərdi: «Kürd ümərası yekdil olub qızılbaşı Amid üzərindən cani-dildən rədd edərlər. Lakin kürd məliklərinin hər biri müstəqil hakimlər olub kəndi cinslərindən kimsəyə baş əyməzlər. Amma İslam padşahının (Osmanlı sultanının - C.C.) qullarından bir həbəş olsa belə, itaət edib can-başla xidmət edərlər. Ehtimaldır ki, aralarında ixtilal düşə. Bu səbəbdən bir qulunuzun təyini zərurətə çevrilmişdir».
Xüsusi vurğulamaq istərdik ki, məhz Qara xanın Diyarbəkiri mühasirəyə alması və İdris Bidlisinin bu məktubu ilə Çaldıran savaşından sonra Səfəvi-Osmanlı münasibətlərində həmin vaxtadək epizodik xarakter daşıyan kürd faktoru ön plana çıxdı. Dövrünün görkəmli siyasi xadimlərindən olan İdris Bidlisi iki dövlət arasındakı savaşdan sonrakı münasibətlərin kövrəkliyindən istifadə etməyə başladı. Halbuki onun Sultan Səlimə məktubundan da görünür ki, həmin vaxt kürd əmirləri arasındakı münasibətlər heç də bunun üçün əlverişli deyildi. Bu xüsusda «Tac-üt-təvarix» əsərinin müəllifi Xoca Sadəddin Əfəndi belə yazır: «Kürd boyları təkbaşına yaşamaqdan xoşlanmaqda və kəlmeyi-tovhiddən başqa heç bir məsələdə anlaşa bilməyərək, sürəkli biçimdə bir-biriylə çəkişməyə adət etmiş durumdaydılar». Bu məlumatdan çıxış edərək İdris Bidlisinin Sultan Səlimə müraciətini siyasi uzaqgörənlik və dərindən düşünülmüş addım kimi qiymətləndirə bilərik. Çünki o, yaxşı bilirdi ki, bir-biriylə yola getməyən kürd əmirlərini yalnız Osmanlı bayrağı altında və sultanın vədləri əsasında birləşdirmək olar.
Qoca Hüseynin yazdığına görə, Sultan Səlim Yavuz İdris Bidlisinin müraciətinə cavab olaraq əslən Amiddən olan sərkərdəsi Yegdi Əhmədi kürdlərin köməyinə göndərdi. Sultanın İdrisə göndərdiyi məktubda isə kürd əmirlərinə müxtəlif vədlər verilir, baharda yenidən «Əcəmistan yörəsinə» yürüş edəcəyi bildirilirdi. İdris Bidlisi Osmanlı sultanının yenidən Səfəvi şahı üzərinə hücum edəcəyi haqda xəbəri kürd əmirlərinə elan edib, onlarda ümid yaratdı.
Diyarbəkir hakimi Qara xan kürd əmirlərinin Osmanlı sultanına itaət etməsini Şah İsmayıla xəbər verdi. O, Diyarbəkirə daxil ola bilmədikdən sonra Mardində möhkəmləndi, onun üzərinə göndərilən Həsən Paşanın başçılıq etdiyi 10 min nəfərlik Osmanlı qoşununu darmadağın etdi və Amid qalasını bir ildən artıq mühasirədə saxladı. Bunu kürd mənbəsi olan «Şərəfnamə» də təsdiqləyir.
«Bədayə-ül-vəqayə»də bildirilir ki, Sultan Səlim Kemax qalasını tutduğu günlərdə İdris Bidlisiyə min flori pul göndərib sarayına dəvət etmişdi. Bundan sonra isə İdris Sultana məktub yazıb kürdlərin qızılbaş zülmündən qurtulmaq üçün kömək gözlədiyini, Əcəm ölkəsinin (Səfəvilər dövlətinin - C.C.) ələ keçirilməsi üçün Osmanlıların kiçik qüvvəsinin kifayət edəcəyini bildirmişdi. İdris Bidlisi səfər hazırlıqlarında ikən Sultan Səlim Yavuzdan cavab məktubu gəlmişdi. Məktubda o, Əlaüddövlə Zülqədər üzərinə yürüşə başladığını yazıb, kürdlərə yürüş tamamlanıncaya qədər «Əcəm sərhədinin mühafizəsiylə məşğul olmağı» tapşırırdı.
Sultan Səlimin Səfəvilər dövləti üzərinə hücumu təxirə salaraq Zülqədər bəyliyinə hücum etməsi xəbəri kürdlər arasında ruh düşkünlüyü yaratdı. Kürd əmirləri İdris Bidlisidən sultanın görüşünə getməyi və onu qızılbaşlar üzərinə yürüşə təhrik etməyi israrla tələb etməyə başladılar. Onlar Osmanlı sultanına sədaqətlərini və Səfəvilərlə yaxın qonşu olduqlarını diqqətə çatdıraraq, təcili hərbi yardım göndərilməsi üçün az qala yalvarırdılar: «Məmaliki-Kürdüstan bir aylıq yola uzaq məmləkətlərdir… Cümləmizin mətlubi budur ki, bu müxlis bəndələrə imdad buyuralar. Zira ki, bəzim məskənimizin qızılbaş ölkəsinə yaxın civarı vardır. Neçə illərdir ki, bu allahsızlar şəmşiri-sitəmi ilə kökümüzü qazmışdır, 14 sənə bizimlə cəngü-cidal edərlər… Lakin ümid və ərz ki, Xudavəndkardan (Osmanlı sultanından - C.C.) imdad olursa, İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycan ölkələrindən ol sitəmkarların əlləri kəsilib qoparılar. Xüsusən mühasirəyə alınmış Amid ki, İran məmləkətinin fəthinin açarıdır və Bayandur xan səltənəti taxtının sütunudur, şimdi bir ildir ki, ol şəhrin əhalisi İslam sultanının mərhəməti ümidi ilə qızılbaş ləşkərinin mühasirəsindədir».
Sultanla görüş üçün yola çıxan Mövlana İdris Bidlisi Keyfi nahiyəsinə çatdıqda, Osmanlı sarayından onun yanına qasid gəldi. Qasidin gətirdiyi məktubda «Amid qalasını mühasirə edənlərin dəf olunması sərhədləri qoruyan bəylərin Kürdüstan ümərasına birləşməsi ilə müyəssərmidir, yoxsa dərgahi-alidən qoşun göndərilməsinə bağlıdırmı - ərz oluna» deyə buyurulurdu. «Bədayə-ül-vəqayə» və «Tac-üt-təvarix»də sultanın bu məktubuna İdrisin cavabı barədə heç bir məlumat verilmir, lakin hadisələrin sonrakı təsvirindən belə anlaşılır ki, Osmanlı sultanı ilə kürd əmirlərinin başçısı hərbi yardım haqda razılıq əldə edirlər: «Mövlana sultanın kürd əmirlərinə göndərdiyi istimalətnamələri (möhürlənmiş ağ kağızları - C.C.) göyərçinlərin birinin qanadına kağız bağlayıb Amid qalasına uçurdu. Məzmununda «Bıyıklı Mehmed Paşa (Osmanlı sərkərdəsi - C.C.) imdadınıza cümlə kürd ümərası ilə gəlirlər. İmdad edər» kimi ruhlandırıcı sözlər yazdı».
İdris Bidlisi Bayburdda hazır vəziyyətdə gözləyən Bıyıklı Mehmed Paşaya birbaşa Diyarbəkirə hərəkət etməyi təklif etdi. O isə bununçün sultanın izninin lazım olduğunu bildirərək, dəftərdarı Nizaməddini saraya göndərdi. Qırx gündən sonra geri qayıdan Nizaməddin Diyarbəkiri mühasirə edənlərin qovulması haqqında Sultan Səlimin əmrini gətirdi. Bıyıklı Mehmed Paşa və İdris Bidlisi Diyarbəkirə yürüş hazırlıqlarında ikən Şah İsmayıl tərəfindən Qara xanın köməyinə göndərilən Qurd bəy fürsət taparaq Çəpaqcur qalasını tutdu. Bundan xəbər tutan İdris kürd əmirlərinə qızılbaşların yolunu bağlamaq göstərişi verərək, bu vaxt Ərzincanda olan Bıyıklı Mehmed Paşanı da məlumatlandırdı. Əldə olunmuş razılığa əsasən, Keyfidə toplaşan Osmanlı və kürd əsgərləri oradan Çəpaqcura hücum etdilər. Birləşmiş qoşun qarşısında aciz qalan qızılbaşlar qalanı tərk etdilər.
Bu qələbədən ruhlanan birləşmiş Osmanlı-kürd ordusu Çəpaqcurdan Diyarbəkirə hərəkət etdi. Diyarbəkir ətrafında Sivas və Amasya bəylərbəyi Şadi Paşa beş min süvari ilə Bıyıklı Mehmed Paşaya birləşdi. 921-ci ilin şaban (1515-ci ilin sentyabr) ayında Osmanlı ordusu Diyarbəkirə daxil oldu. Qara xan öz qoşunu ilə birgə qardaşı Süleyman xan Ustaclu tərəfindən müdafiə olunan Mardinə qaçdı. Osmanlı ordusu onu Mardin yaxınlığındakı Cosuq adlı yerə qədər təqib etdi. Mardin qalasına daxil olmağın mümkünsüzlüyünü görən Qara xan susuzluğu ilə məşhur olan Sincar təpəsinə sığındı. Bizim müəllif yazır ki, isti havada susuz bir obaya hücum etmək təhlükəli olduğundan, Osmanlı ordusu Cosuqdan kənara çıxmadı. Elə oradaca Mardinin fəthi üçün müşavirə quruldu. Osmanlı sərkərdələri Diyarbəkirin fəthi ilə kifayətlənib geri qayıtmaqda israrlı idilər, İdris Bidlisi isə buna etirazını bildirdi. Dövrünün bacarıqlı və uzaqgörən sərkərdələrindən olan Bıyıklı Mehmed Paşa həmməzhəb müttəfiqləri olan kürdləri narazı salmamaq üçün belə bir qərar verdi ki, İdris Bidlisi qalanın yaxınlığına gedib Mardin əhlinə dinc yolla təslim olmağı və Osmanlı sultanının tabeliyinə keçməyi təklif etsin.
İdris Bidlisi Mardin əhalisi ilə xoş münasibətdə olan Məlik Xəlil Əyyubini və beş yüz kürd əsgərini özüylə götürüb Mardin ətrafına yollandı. Qurani-Kərimin Bəqərə surəsinin 208-ci ayəsi («Ey inananlar, hamınız birdən barışa girin. Şeytanın oyunlarına uymayın. O, sizlərin açıq düşməninizdir») ilə başlayan məktub yazıb qala əhlinə göndərdi. Molla İdris məqsədinin onları «dinsizlik və allahsızlıqdan xilas etmək» olduğunu bildirərək, qalanı döyüşsüz təslim edərlərsə, hamısının can, mal və əhli-əyalının təhlükəsizliyinə təminat verir, əks halda, «fatehlikdə Rum (Osmanlı - C.C.) ləşkərinin qüvvət və qüdrətini bütün xəlqü-aləm müşahidə etmişlərdir» deyə xəbərdarlıq edirdi. Onun bu xəbərdarlığı nəticəsini çox gözlətmədi - Mardin əhli Seyyid Əli Nəsibini İdrisin yanına göndərərək, şəhər qapılarını kürdlərin üzünə açdılar. Qalada olan azsaylı qızılbaş dəstəsi şəhərdən qaçdı.
İdrisin Mardində olduğu günlər ərzində Bıyıklı Mehmed Paşa ilə Şadi Paşa «və bəzi sancaq bəyləri arasında qarşılıqlı həsəd və düşmənçilik vaqe olub, qəfildən Şadi Paşa beş minə yaxın ləşkəri ilə elan etmədən Cosuqdan qalxıb əsgərlər arasından ayrıldı». Sivas bəylərbəyi Şadi Paşa bu addımını «sultanın əmriylə Mehmed Paşanı müşayiət etməyimiz və həmfikirliyimiz Amid qalasınadəkdir» deyə əsaslandırdı. Bu hadisəni eşidən İdris geri qayıtdı və Bıyıklı Mehmed Paşanı özü ilə artıq üzərində Osmanlı bayrağı dalğalanan Mardinə apardı. Lakin «əsgərin əksəri qənimətlərini nəql etmək üçün Şadi Paşaya meyl edib pərişan» olduğundan, Bıyıklı Mehmed Paşa orada bir gecədən artıq qala bilməyib Amidə qayıtmalı oldu. Bunu eşidən Qara xan yenidən Mardini ələ keçirdi və Şah İsmayıldan kömək istəmək üçün Təbrizə adam göndərdi. İsmayıl bu müraciətə dərhal cavab verdi. Səfəvi şahı Bağdad valisi Qunqur Sultan, Həmədan hakimi Yegan bəy və İraqi-Əcəm hakimi Çuxa Sultanı Qara xanın köməyinə göndərdi. Bu qüvvələr Mardinə gedən yolda kürd dəstələri ilə kiçik toqquşmadan sonra Qara xana birləşə bildilər.
Bu arada Diyarbəkirdə qışlamağa qərar verən Bıyıklı Mehmed Paşa ilə İdris Bidlisi Sultan Səlimə Şadi Paşanın onlardan ayrıldığını, bununla da Mardinin əldən çıxmasına bais olduğunu bildirərək, əlavə qüvvə göndərilməsini xahiş etdilər. Buna cavab olaraq sultan Qaraman bəylərbəyi Xosrov Paşanı Anadolu sipahiləri ilə birgə köməyə göndərdi. Bıyıklı Mehmed Paşa sultanın göndərdiyi Sinan Ağa və Bali Ağanın komandanlığındakı beş min nəfərlik qoşunun gəlişini gözləmədən qızılbaşlara zərbə endirmək üçün əməliyyat planı qurdu. Lakin iqlim və relyef şəraitini nəzərə almadığından, yaz yağışının doğurduğu palçıq və bataqlıq əməliyyata göndərilmiş Xarput hakimi Çərkəs Hüseyn bəyin dəstəsinin ağır məğlubiyyətinə səbəb oldu. Bıyıklı Mehmed Paşa kürd əmirlərinin «bu tədbir təqdirəlayiq deyildir» məsləhətini nəzərə almadığına görə çox peşman oldu və köməyə göndərilən qoşun gəlib çatana qədər Diyarbəkirdə gözləməyi qərara aldı.
Sinan Ağa və Bali Ağanın başçılıq etdiyi qoşunu Diyarbəkirdə şəxsən qarşılayan Bıyıklı Mehmed Paşa dərhal döyüş hazırlıqlarına başladı. Bundan agah olan Qara xan döyüş tədarükü görmək üçün Birəcik istiqamətinə yönəldi. Məqsəd o ətrafda qışlaqda olan tərəfdarlarını toparlamaq idi. Hər iki tərəfin ciddi hazırlıqlarından sonra həlledici döyüş 1516-cı ilin mayında Mardinin cənubunda - Əski Qoçhisarın qərbindəki Dədə Qarğın (Karğın) düzündə baş verdi. Döyüşün əvvəlində qızılbaşlar qarşı tərəfə güc gəlsələr də, sonda hər şey Çaldıran savaşındakı kimi oldu - qüvvələrin qeyri-bərabərliyi və odlu silahın mövcudluğu hesabına Osmanlı ordusu növbəti qələbəsini qazandı. Qara xan da məhz boğazından dəyən tüfəng gülləsi nəticəsində həlak oldu. Nasuh adlı Osmanlı əsgəri isə onun başını kəsərək, Bıyıklı Mehmedin ayaqları altına atdı. Başçısını itirən qızılbaşlar müqavimət göstərə bilməyib, məğlub oldular. Birləşmiş Osmanlı-kürd qoşunu bu döyüşdə həlledici qələbə çaldı. Nəticədə şimalda Xarputdan və Bidlisdən, cənubda Rəqqa və Mosula qədər olan geniş region Osmanlı türklərinin əlinə keçdi. Bu döyüşdən sonra Şərqi Anadoluda qızılbaşların əlində olan Həsənkeyf, Ərğani, Sur, Sincar, Ruha, Telafər, Cermuk və Birəcik qalaları da Osmanlı ordusu tərəfindən fəth olundu. Ən çox müqavimət göstərən Qara xanın qardaşı Süleyman xanın nəzarətində olan Mardin oldu ki, bu qala da bir ildən artıq duruş gətirə bilmədi.
Bu möhtəşəm qələbələrdən sonra Sultan I Səlim qızılbaşlara qarşı yürüşlərdə iştirak edən hərbi rəis və əmirləri mükafatlandırdı. Təbii ki, daha böyük mükafata Bıyıklı Mehmed Paşa və Mövlana İdris Bidlisi, eləcə də kürd əmirləri layiq görüldülər. Belə ki, Osmanlı sultanı kürd əmir və məliklərinə 25 yük akça, 500 xələt və 17 bayraq, İdris Bidlisiyə iki min flori, samur və vaşaq dərilərindən çuxalar, Fransada hazırlanmış qızıl qılaflı iki qılınc göndərdi. Səlimin İdrisə göndərdiyi məktubda isə Diyarbəkir vilayətinin fəthində göstərdiyi şücaət və sədaqətə görə təşəkkür bildirilirdi: «Üzün ağ olsun, inşallah! Digər vilayətlərin fəthinə dəxi səbəb olasan». Daha sonra sultan ona göndərdiyi möhürlənmiş «bəyaz hökmlər»dən - istimalətnamələrdən söz açır, hər bir əmirə və bəyə verilən bərat və timarlar haqda məlumatın bir dəftərə köçürülüb saraya göndərilməsini əmr edirdi.
Şərqi Anadoluda müharibənin Osmanlıların qələbəsi ilə bitməsindən sonra Sultan Səlim Yavuzun İdris Bidlisiyə hörmət və etibarı artdı. Bunu təkcə ona göndərilən möhürlənmiş ağ kağızlar təsdiq etmirdi. Daha diqqətçəkən məqam budur ki, müharibədən sonra Molla İdris I Sultan Səlimin rəsmi nümayəndəsi kimi kürd əmirləri ilə müqavilə bağladı. Müqavilə aşağıdakı şərtləri özündə ehtiva edirdi:
I. Əvvəldə olduğu kimi, bundan sonra da kürd əmirləri öz torpaqlarını idarə edə bilər, lakin müstəqil hökumət yarada bilməzdilər. Qədim adət və ənənələrə görə, hər əmir öz əmirlik dairəsində hökm edib bir-birinə nümayəndə göndərə bilərdilər.
II. Kürd əmirləri öz silahlı qüvvələri ilə birlikdə Osmanlı hökumətinin bütün müharibələrində iştirak etməli və onun xeyrinə vuruşmalı idilər. Osmanlı hökuməti isə kürd əmirlərini xarici təcavüzdən müdafiə etməli idi.
III. Hər bir əmir hədiyyə adı ilə sultan xəzinəsinə ildə müəyyən miqdarda pul təqdim etməli idi. Əmirlər daxili işlərində müstəqil, xarici siyasətdə isə Osmanlı hökumətinə tabe olmalı idilər.
Müqavilənin şərtlərindən də göründüyü kimi, İdris Bidlisinin başçılıq etdiyi kürd əmirlərinin Osmanlı hökumətinin yardımı ilə müstəqil Kürdüstan yaratmaq ümidləri özünü doğrultmadı. Əslində kürdlərin irsi əmirlik hüququnun qorunub saxlanılması da məhz onların mərkəzləşdirilmiş dövlət yaratmamasına hesablanmışdı. Çünki torpağın vərəsəlik yolu ilə keçməsi onun daha kiçik hissələrə parçalanmasına səbəb olurdu ki, bu da tayfa feodallarının sayını artırırdı. Beləliklə, müstəqil Kürdüstan yaratmaq arzusu ilə Səfəvilər dövlətinə arxa çevirmiş kürd əmirlərinin bu niyyəti gerçəkləşmədi.
İstifadə olunmuş ədəbiyyat:
1. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 301 s.
2. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı: Azərnəşr, 1995, 200 s.
3. Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» əsəri üzrə). Bakı: Elm, 1983, 152 s.
4. Solakzadə Mehmed. Tarix: Azərbaycan tarixinə dair iqtibaslar (türk dilindən tərcümə edəni Z.M.Bünyadov). Bakı: Elm, 1992, 84 s.
5. Şəmsi M.İ. Şərəf xan Bidlisinin «Şərəfnamə» əsəri kürd xalqının tarixi mənbəyi kimi. Bakı: Elm, 1972, 144 s.
6. Hoca Sadettin Efendi. Tac-üt-tevarih. Hazırlayan: İ.Parmaksızoğlu. c. 3. İstanbul: 1979, 348 s.
7. Kırzıoğlu F. Osmanlıların Kafkas ellerini fethi (1453-1590). Ankara: Türk Tarih Kurumu Basımevi, 1993, 551 s.
8. Lamartine A.D. Osmanlı tarihi. Çeviren: S.Bayram. İstanbul: Toker Yayınları, 1992, 1031 s.
9. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi, 1992, 265 s.
10. Yınanç R. Dulkadır beyliği. Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, 184 s.
11. Yozeph von Hammer. Osmanlı tarihi. Çeviren: M.Ata. c. I, İstanbul, 1990
12. Хюсейн. Бедаи ул-векаи (Удивительные события). (Издание текста, введение и общая редакция А.С.Тверитиновой). Москва: Издательство Восточной Литературы, 1961, 75+١١٢٣ с.
13. Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке. Баку: Элм, 1981, 308 с.
14. Эфендиев О.А. Образование Азербайджанского государство Сефевидов в начале XVI века. Баку: Издательство АН Азерб. ССР, 1961, 208 с.
15. Бидлиси Шараф-хан. Шараф-наме (перевод, предисловие, примечания и приложения Е.И.Васильевой), том. II, Москва: Наука, 1976, 350 с.