S.Seyidov bildirib ki, bu sessiya digərlərindən fərqli olaraq bizim üçün o qədər də asan keçməyib: «Bu sessiyanın bu şəkildə keçirilməsinin səbəbi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Bu sessiyanın hətta bir neçə günü Azərbaycana həsr olunub. Azərbaycan məsələsi yalnız böyük iclasda yox, komitələrdə də müzakirə olunub. Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilib, bizim üçün tam aydındır. AŞ-ın özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf tapıb öz problemlərini həll etməyə çalışırlar. Bizdən başqa monitorinqdə 10-dan çox ölkə var. Ancaq bu ölkələrin problemləri kənara qoyulur, Azərbaycan hədəf kimi müzakirə mövzusuna çevrilir. Qətnamələrin qəbul olunması prosesində Azərbaycana nəinki mənfi münasibət bəsləyən, hətta Azərbaycana nifrət edən deputatlar öz iş-güclərini qoyub gəlib orda iştirak və çıxış edirdilər». Bundan sonra S.Seyidov bir neçə deputatın adını çəkib, ardınca isə «onlara heç «cənab» sözü də yaraşmır», deyib.
Nümayəndə heyətinin rəhbəri AŞ-dan çıxmaqla bağlı fikirlərə də dolayısı ilə cavab verib: «AŞ bizim üçün dünyaya öz mövqeyimizi çatdırmaq üçün həddindən artıq vacib bir təşkilat, tribuna, məkandır. Hesab edirəm ki, bizi bu məkandan məhrum etmək istəyirlər, düşmənlərimiz də buna çalışır».
S.Seyidov daha sonra bunları bildirib: «İclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş bu sənədlərə elə bir əlavələr təklif edirdilər ki, onlar ümumiyyətlə, həqiqəti əks etdirmirdi. Təəssüf ki, onların bir çoxu qəbul edildi. AŞ-ın baş katibi Avropa Şurasının ən yüksək dəyərlərini alətə çevirərək Azərbaycana təzyiq edir. 1 milyon insanın hüquqlarını unutmaq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir».
S.Seyidov deyib ki, Ukrayna deputatları da Azərbaycana qarşı qətnamənin lehinə iştirak ediblər: «Təəssüflər olsun ki, bizim əleyhimizə səs verən o deputatlar elə Ukraynanın da əleyhinə səs verən deputatlardır. Yalnız Poroşenkonun partiyasından olan deputatlar səsvermədə iştirak etməyib».
Türkiyə deputatlarının bir qrupunun Azərbaycana qarşı sənədə səs verməsinə toxunan S.Seyidov deyib ki, bu, ümumi mənzərəyə heç bir təsir göstərməyəcək. Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir, bu münasibətləri heç bir qüvvə poza bilməz».
S.Seyidov təzyiqlərin səbəblərinə toxunub: «Baxmayaraq ki, təzyiqlər həddən artıq böyükdür. Amma bu hücumlar Azərbaycanın uğurlu siyasətinin məntiqi nəticəsidir. AŞ-la münasibətlərimizi çox ciddi müzakirə etməliyik. Hesab etsək ki, deputatlardan başqa, Avropada Azərbaycan qarşı hansısa proseslər gedir. Biz əlimizdən gələni etməliyik ki, AŞ-la əlaqələrimiz ikitərəfli qarşılıqlı hörmət əsasında formalaşsın».