Turanın dediklərinə görə, Kərküklə bağlı daha öncə kiçik miqyasda razılaşmalar olmuşdu, amma buranın «hər zaman partlamağa hazır bir bomba» olduğu deyilirdi.
«Son günlərdə də bunu gördük. Əlbəttə kürd qüvvələri geri çəkilib və dirənmədən Kərkükü İraq Ordusu və Haşdi Şabi (İraqlı şiələrinin yarı-hərbi milis qüvvəsi) güclərinə verdilər. Amma dirənsəydilər, ki bundan sonra da bunun ehtimalı vardır, yenə də Kərkük üzrə bir müharibənin çıxması mümkündür», o, əlavə edir.
Siyasi şərhçi İran Azərbaycanında milli fəalların İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumuna dair baxışlarında da Kərkük mövzusunun əsas yer tutduğunu önə çəkir.
«Təkcə Kürdüstan dövlətinin qurulması məsələsi deyil, dünyanın hər yerində bir müstəqillik hərəkatı varsa, və biz də müstəqillik hərəkatı yürütdüyümüzü iddia ediriksə, bunun qarşısında durmağımız, öz hədəflərimizə qarşı olmaq anlamına gələr. Burada məsələ nədir? Kürdlərin əksəriyyətdə olmadığı yerləri Kürdüstanın içində göstərmək... Oradakı hakimiyyətin «Rudaw» kimi media quruluşlarında Urmiyanı və Güney Azərbaycanın digər bölgələrini öz xəritələrində göstərirlər. Milli fəalların etirazı buna idi».
Davud Turan hesab edir ki, türkmənlərin çoxu İraq Mərkəzi Hökumətinin idarəçiliyi altında yaşamağa üstünlük verirlər, «Çünki, orada özlərini güvəndə hiss edirlər. Torpaqlarının ərəbləşəcəyini düşünmürlər. Amma digər vəziyyətdə oranın kürdləşdirilməsi qorxusu ilə qarşı-qarşıya olurlar. Birinci səbəbi budur. İkinci bir ehtimal da bu ki, İraq Mərkəzi Hökuməti altında özəl bir status və özünüidarəetməyə gedə biləcək bir sistem əldə bilərlər», o deyir.
Türkiyə mediası xəbər verir ki, Kərkükün idarəçiliyi ilə bağlı İraqın kürd azlığına mənsub prezidenti Cəlal Tələbani dönəmində qəbul edilən plan son olaylardan sonra yenidən gündəmə gəlib.
Bu plana əsasən, Kərkük vilayətinin idarə quruluşu bərabər şəkildə türkmən, kürd və ərəb icmalarına verilir. Belə ki, vilayət məclisində üç etnik azlığın hər biri 32 faizlik kvota ilə təmsil olub, yerdə qalan dörd faiz isə digər azlıq qrupların təmsilçilərinə ayrılacaq. Bu plan Türkiyənin hakim partiyası AKP, həm də əsas müxalif partiya CHP tərəfindən dəstəklənir.