Onun sözlərinə görə, milli fəallar ümumilikdə Kərkükün Məsud Bərzani qüvvələrindən geri alınmasını müsbət qarşılayıblar: «Kərkük tarixdə türk şəhəri olub. İŞİD məsələsindən sonra Bərzani qüvvələri oranı işğal etmişdi. Burada (İran Azərbaycanında) da narahatlıq var idi. Türkmənlər oradan sürgün olunurdular. Mühacirət etməyə məcbur edilirdilər».
Jurnalist həmçinin İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumu ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.
«İnsan haqları baxımından baxsaq, milli fəallar da bunu qəbul edir ki, tamam millətlər öz haqqına çatsın. Bu haqqı özlüyündə hamı qəbul edir. Yəni belə şey yoxdur ki, filan millətin haqqı verilsin, filan millətin haqqı verilməsin. Amma bu haqqı ələ gətirmək şəkli və başqasının torpağına əl uzatmaq bizi incidir. Buna görə də milli fəallar buna qarşı oldular», Ərk deyir.
Həsən Ərk əlavə edir ki, İraq Kürdüstanı rəhbərliyinin Kərkükdə əhalinin etnik tərkibini dəyişmək cəhdləri milli azlıqlar arasındakı münasibətləri gərginləşdirib. Hazırkı İraq mərkəzi hökumətindən gözləntilərə nisbətən fərqlidir. Belə ki, Səddam Hüseyn devrildikdən bəri ölkədə təşəkkül tapmış konsensual hökumət milli azlıqların maraqlarını nəzərə almağa çalışır.