Təbii sərvətlərin zənginliyi, hakimiyyət ənənəsi kimi müxtəlif səbəblər ola bilər, amma bu səbəbləri yaradan daha dərin bir səbəb var, bu, rus məişətidir. Rus gənci 16-18 yaşından başlayaraq elə bir həyat yaşamağa başlayır ki, bizim müsəlman ölkələrində o həyatın dadına baxmaq üçün 40-50 yaşında kişilər büdcədən pul oğurlayırlar.
Həyatla ölüm arasında seçim o zaman kütləvi şəkildə ölümün xeyrinə baş tutur ki, yaşanan həyat ölüm qarşısında daha sönük görünür, qəhrəmanlar istisnadır. Heç bir ölüm rus gəncinin yaşadığı həyatla müqayisədə üstün deyil, amma biz bu sözləri, məsələn, əfqan gənci Həsənin həyatı haqqında deyə bilmərik. Çünki Həsən üçün, hətta sətəlcəmdən ölmək də xoşbəxtlikdir. Bəzən əfqanları döyüşkən xalq adlandırırlar, o məişəti yaşayan xalq niyə də döyüşməsin, döyüşməkdən başqa hansı xilas yolu var?
Əfqan Həsənin ölümündən sonra o dünyada vəd olunan həyat rus gəncinin bu dünyada yaşadığı həyatdır. Rusiyada isə həmişə düşünürlər ki, ölkədə avtoritar təqib olmasa rus gənci öz həyatını heç vaxt Sibir nöyütü uğrunda ölümə dəyişməyəcək. Bu məsələdə din də gücsüzdür, təsəvvür edin, gənc İvana yepiskop deyir ki, vətən uğrunda ölsən sənə o dünyada şərab və 3 dənə huri veriləcək. Hansı ki, İvan bunları gündəlik həyatında havayı əldə edir. Çünki Rusiyada məişət mədəniyyətdən deyil, mədəniyyət məişətdən qidalanır. Ruslar aşağılarda deyil, yuxarılarda pozulur, bir rus şairi deyirdi ki, Rusiyanın istedad problemi yoxdur, ona görə öz istedadlı övladlarını dəyər-dəyməzinə xərcləyir. Mədəniyyət məişətə oturuşduqca, xalqların müharibə etmək riskləri də azalır və bu zaman german tayfaları Romanı, türklər Bizansı, ərəblər Əhməniləri diz çökdürür.
Deyəcəksiniz ki, bəs demokratik Türkiyədə havayı vətənpərvərlik niyə yüksəkdir? Bunun mənim düşüncəmdəki cavabı budur ki, mədəniyyətin məişətə oturuşması prosesi Türkiyədə baş tutmamış prosesdir, burada da bizdə olduğu kimi xalq mədəniyyəti məişətinə yaxın buraxmır və siyasətin ləkələrini əsgər qanı ilə yuyan siyasilər özləri də maraqlıdırlar ki, mədəni areal genişlənməsin, çünki genişləndikcə əsgər sayı azalır. Demokratiya istəyi də azadlıq istəyi kimi xalqın məişət ehtiyaclarından yaranmalıdır. Rusun belə bir ehtiyacı yoxdur. Rusların passionarlığının yalnız müdafiə zamanı misli görünməmiş həddə yüksəlməsi də bununla bağlıdır, rus vətənini ona görə qoruyur ki, başqaları gəlib onun içində azad olduğu məişətini dağıtmasın. Biz isə ona görə kənardan gələcək demokratiya arzusundayıq ki, içində zülm ayaqladığımız məişətimiz bizi boğaza yığıb.