Vaxt.Az

Cocuq-Mərcanlıya ikinci köç gözlənilir


 

İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq

Cocuq-Mərcanlıya ikinci köç gözlənilir «Hazırda Cocuq-Mərcanlıda sakinlər üçün tikilən evlərdə son tamamlama işləri gedir. Evlərin çilçıraqları asılır. Güman ki, oktyabrın sonuna ikinci köç başlayacaq». Bunu Modern.az-a açıqlamasında Cəbrayıl rayon şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev deyib.

O, bildirib ki, Cocuq-Mərcanlıya daha 100 ailənin gəlməsi ilə bağlı məktəbə gələcək şagirdlərin də sayı çox olacaq.

«Kəndə gələcək insanların siyahısı ilə tanışıq. Yeni şagirdləri məktəbə yerləşdirəcəyik. 100-ə yaxın uşağın gəlməsi gözlənilir. Məktəb iki növbəli olduğundan şagirdlərin yerləşə bilməməsindən söhbət gedə bilməz. Ona görə də şagirdlər normal dərslərinə davam edəcək».

Zamin Həziyev məktəbdə quraşdırılacaq laboratoriyadan da söz açıb.

«Türkiyənin Azərbaycandakı səfirliyi məktəbimizdə fizika və kimya laboratoriyası qurmaq fikrindədir. Keçən səfərlərində laboratoriya quraşdırılması barədə bizə söz veriblər. Təhsil nazirimiz Mikayıl Cabbarov məktəbə baş çəkən zaman yeni elektron lövhə hədiyyə etdi. Şagirdlər çox sevinirlər».

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.

 





22.10.2017    çap et  çap et