Vaxt.Az

«Davamlı gələcək ola bilməz»


 

Cihadçının vətənə qayıtması probleminin yeganə həlli - onun sağ qayıtmamasıdır

«Davamlı gələcək ola bilməz» «The Guardian» qəzetinin yazdığına görə Britaniya nazirlərindən biri deyib ki, İraq-Şam İslam Dövləti (İŞİD) adlı təşkilatın süqutundan sonra ölkəyə qayıdacaq cihadçı Britaniya vətəndaşları probleminin həlli onların elə Suriyada öldürülərək geri qaytımamasıdır.

Britaniyanın beynəlxalq inkişaf naziri Rori Styuart (Rory Stewart) deyib ki, terrorçu qruplaşmaya qoşulanlar «sonsuz nifrət doktrinasına» iman gətiriblər və Britaniyanın təhlükəsizliyi nəzərə alınarsa, onların öldürülücəklərini gözləmələri təəccüblü olmazdı.

Yüzlərlə britaniyalının Suriyada altı ildir ki, davam edən münaqişə bölgələrinə yollanaraq islamçı qruplaşmalara qoşulduğu məlumdur.

İŞİD-ə qarşı döyüşən ABŞ koalisiyasının xüsusi səfiri Brett MakQark (Brett McGurk) deyib ki, onun missiyası Suriyadakı hər bir əcnəbi döyüşçünün elə Suriyada öldürülməsinə əmin olmaqdır.

BBC Radio «5 Live» radiosunun «Pienaar's Politics» proqramında bu məsələyə yanaşması barədə verilən suala cavab olaraq Styuart deyib ki, "burada çox çətin mənəviyyat məsələləri var".

O deyib ki, Suriyada İŞİD-ə qoşulmuş bütün Britaniya vətəndaşları öz ölkələrinə hər hansı sədaqətlərini itiriblər.

«Onlar üzv olduqları İslam Dövlətinə, xilafət yaradılması ideyasına tamamilə sədaqətlidirlər. Onlar özlərinin və başqalarının öldürülməsini qəbul edən ekstremist nifrət doktrinasına inanırlar və bu zorakılıq və qəddarlıqdan istifadə edərək 8 və ya 7-ci əsrin dövlətini yaratmaq istəyirlər», - deyib nazir.

«Bunu demək mənim üçün ağırdır, lakin gəlin bu məsələyə ciddi yanaşaq və belə bir faktı qəbul edək ki, bu adamlar bizim üçün son dərəcə böyük təhlükədir və təəssüf ki, onlarla yeganə rəftar, demək olar, bütün hallarda onların öldürülməsidir», - deyib Styuart .

Keçmiş diplomat Styuart sözünə belə davam edib: «Bunlar adamları boyunlarının dalına atəş açaraq edam ediblər, qadınları və uşaqları girov götürüblər, işgəncə verirlər, qətllər törədirlər. Öz iradələrini zorakılıqla qəbul etdirmək istəyirlər. Belələri ilə, üzr istəyirəm, başqa cür rəftar mümkün deyil».

Burası da var ki, Britaniyadan həm də çox sayda könüllü İŞİD-ə qarşı vuruşan dəstələrə qoşulmaq üçün Suriyaya səfər edib.

Styuart deyib ki, «Britaniya hökuməti lap əvvəldən vətəndaşlarımıza İŞİD kimi qruplaşmalara qarşı özbaşına könüllü əsasda vuruşmamaları üçün aydın şəkildə xəbərdarlıq edib».

«Əgər sən öz ölkənə xidmət etmək istəyirsənsə, əgər terrora qarşı vuruşmaq istəyirsənsə, hərbi qüvvələrimizə, polisə və ya kəşfiyyat xidmətlərimizə qoşul. Biz səni təlimləndirərik, səninlə işləyərik ki, bu mübarizəni leqal və məsuliyyətli şəkildə apara biləsən», - deyib nazir.

Nazir bunu da deyib ki, Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsi Britaniyanın siyasi xətti olaraq qalır.

«Düşünmürəm ki, onun idarəçiliyinin qəddar və nəticədə kövrək olduğuna kimsə şübhə edir», deyib Styuart.

«Britaniya hökumətinin siyasəti budur ki, Bəşər əl-Əsəd hakimiyyətdən getməlidir və yeni hökumətə keçid olmalıdır. Çünki bu adam hakimiyyətdə qaldıqca Suriya üçün uzunmüddətli, sabit, davamlı gələcək ola bilməz», - deyib nazir.

 





23.10.2017    çap et  çap et